Pentagon: ABŞ Müdafiə naziri Mattis Türkiyəni diqqəti IŞİD-iə mübarizəyə yönəltməyə çağırıb

CANIKLI MATTIS Fotonun müəllifi AFP
Image caption Türkiyə Müdafiə naziri Nurettin Canikli (solad) və ABŞ Müdafiə naziri Jim Mattis (sağda).

Pentagon-un bildirdiyinə görə, ABŞ Müdafiə naziri Jim Mattis Türkiyəni Suriyada diqqətini yenidən İŞİD-lə mübarizəyə cəmləşdirməyə çağırıb.

Jim Mattis bunu türkiyəli həmkarı Nurettin Canikliyə ötən gün Brüsseldə görüşərkən söyləyib.

Mattis ilə Canikli arasında ikitərəfli danışıqlar NATO-nun Brüsseldə keçirilən alyans ölkələrinin Müdafiə nazirləri sammitinin kuluarlarında baş tutub.

Anadolu Ajansı Türkiyə və ABŞ Müdafiə nazirləri arasında görüşün 50 dəqiqə çəkdiyini qeyd edib.

Görüşlə bağlı ABŞ Müdafiə Nazirliyinin (Pentagon) bəyanatında deyilib ki, Jim Mattis türkiyəli həmkarını "səyləri İŞİD-i məğlub etmək kampaniyasına yönəltməyə və bu terrorçu təşkilatın Suriyada yenidən baş qaldırmasının qarşısını almağa çağırıb".

Bu görüş Ankara ilə Washington arasında münasibətlərin Suriyadakı duruma görə gərginləşdiyi dövrə təsadüf edib.

Türkiyə mətbuatının bildirdiyinə görə, Ankara ABŞ-ın Suriyada kürd dəstələrini dəstəkləməsindən narazıdır.

ABŞ isə bildirir ki, Türkiyənin yanvarın 20-də Suriyanın şimal-qərbindəki Afrin istqamətində başladığı Zeytun Budağı əməliyyatı İŞİD-lə mübarizədən diqqəti yayındıdır.

ABŞ Türkiyədən bu əməliyyatın əhatə dairəsinin və müddətinin məhdudlaşdırılmasını istəyir.

Türkiyə isə bu əməliyyatın "terrorla mübarizə üçün" vacib olduğunu və Afrindən sonra silahlı kürd qüvvələrinin nəzarətində olan Mənbicdədə əməliyyat keçirəcəyini bildirir.

Məlumatlara görə, Mənbicdə İŞİD-lə mübarizə kampaniyası çərçivəsində yerləşdirilmiş 2 minədək ABŞ əsgəri var.

Bu barədə daha geniş