Armen Sarkisyan - Ermənistanın hakim partiyasının prezidentliyə namizədi

Armen Sarkisyan və Serj Sarkisyan Fotonun müəllifi president.am

Ermənistanın Britaniyadakı səfiri Armen Sarkisyan 2018-ci ilin mart ayına təyin olunmuş seçkilərdə hakim Ermənistan Respublikaçılar Partiyasının (ERP) prezidentliyə namizədi olmaq təklifini qəbul edib.

Öz qərarını Armen Sarkisyan prezident Serj Sarkisyanla görüş zamanı bəyan edib, Ermənistan prezidentinin mətbuat xidməti bildirir.

Düz bir ay bundan əvvəl hakim partiyanın lideri, prezident Serj Sarkisyan səfir Armen Sakisyanı qəbul edib və ona namizədliyinin parlamentdə çoxluq təşkil edən Ermənistan Respublikaçılar Partiyası tərəfindən irəli sürüldüyü bildirmişdi.

Qərara gəlmək üçün Armen Sarkisyan vaxt istəmişdi. Və bu müddət ərzində o, parlament, qeyri-parlament, işgüzar dairələr və ziyalı adamlarla, siyasi və qeyri-siyası təşkilat, erməni diasporu və Dağlıq Qarabağ nümayəndələri ilə görüşlər keçirib.



Armen Sarkisyan, prezident vəzifəsinə seçilərsə, "üzərinə düşən böyük məsuliyyəti şərəflə doğrultmaq", prezident Sarkisyanı "və Ermənistanda, Artsaxda (Dağlıq Qarabağda - BBC) və diasporda soydaşlarımızı məyus etməmək üçün" əlindən gələni etməyə hazır olduğunu bildirib.

Armen Sarkisyan "xarici siyasi əlaqələr və xarici iqtisadi məsələlər, eləcə də investisiyaların cəlb edilməsi, milli birlik və Ermənistan-Diaspor sahələrinə" xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib və özünə yaxın bildiyi iki "önəmli sahə"ni - təhsil və vətəndaş cəmiyyəti - vurğulayıb.

"İkincisi də, əlbəttə, mənim üçün önəmli olan: biz böyük bir millət, lakin nisbətən kiçik ölkə olaraq, yalnız həqiqətən vətəndaş cəmiyyətini möhkəmləndirərək irəliləyə və inkişaf edə bilərik.

Bunun üçün hər bir vətəndaşımızın yeni qüvvə ilə inam və ümid əldə etməsi, ictimaiyyətdə isə cəmiyyətin bütün hissələri arasında dürüst, qərəzsiz mükalimənin təmin edilməsi gərəkdir", - Armen Sarkisyan deyib.

2015-ci ildə qəbul olunmuş yeni Ermənistan konstitusiyasına əsasən, prezident birbaşa ümumxalq səsvermə nəticəsində deyil, parlament tərəfindən seçilir.

Odur ki, Ermənistan Milli Məclisində çoxluq təşkil edən hakim ERP-nin namizədi kimi Armen Sarkisyanın qələbə imkanı çox böyükdür. Hərçənd o, yeganə namizəddir. Doqquz nəfərdən ibarət müxalif "Yelk" (Çıxış) fraksiyası öz namizədini irəli sürmək üçün parlament üzvlərinin yetərli sayda imzalarını toplaya bilməyib.

Eyni zamanda qələbə üçün namizədin lehinə 105 nəfərdən ibarət parlamentin ən azı 79 üzvü səs verməlidir.

Lakin hakim fraksiya onu dəstəkləyən Daşnaksutyun ilə birlikdə 65 səs malikdir. Armen Sarkisyanın qələbəsi üçün daha 14 səs lazımdır.

Bunu Milli Məclisdə sayca ikinci "Tsarukyan" fraksiyası təmin edə bilər.

Bu barədə daha geniş