Prezident Erdoğanın "şəhid qız" ifadəsi mübahisələrə səbəb olub

Görüş cənab Erdoğanın rəhbərlik etdiyi AK partiyasının konfransında baş tutub. Fotonun müəllifi EPA
Image caption Görüş cənab Erdoğanın rəhbərlik etdiyi AK partiyasının konfransında baş tutub.

Türkiyə prezidenti Recep Tayip Erdoğan hərbi formalı qıza dediyi sözlərdən sonra, tənqid atəşinə tutulub. Belə ki, prezident kiçik qıza, döyüşdə ölmək sənin üçün şərəf olar deyib.

"Əgər ölərsə, üzərinə bayraq sərərlər," o AK partiyanın televiziyada canlı yayımlanan qurultayı zamanı ağlayan qıza söyləyib.

Tərəfdarları "Başqan! Bizi Afrinə apar!" deyə prezidenti alqışlayıblar. Söhbət Suriyanın şimalındakı Afrin ərazisində kürd döyüşçülərə qarşı Türkiyənin əməliyyatlarından gedir.

Lakin onun nitqi "uşaq istismarı" və ölümün tərifi kimi qiymətləndirilib.

Dövlət televiziyası vasitəsilə canlı yayımlanan tədbirdə cənab Erdoğan, diqqətini cəlb edən əsgər forması geyinmiş kiçik qızı səhnəyə dəvət edib.

"Görün burada kim var! Qızım, burada nə edirsən? Tünd qırmızı beret geyinmisən, amma tünd qırmızı beret geyənlər heç vaxt ağlamır," o, qıza deyib. Türkiyə Xüsusi Əməliyyat Qüvvələri qırmızı rəngli beretlər taxırlar.

"Cibində Türkiyə bayrağı da var... Əgər şəhid olarsa, bayrağı üzərinə sərəcəklər, inşallah," prezident, şənbə günü cənub şəhəri Kahramanmaraşda baş tutan konqresdə deyib.

"O, hər şeyə hazırdır, elə deyilmi?" Qız cavab verib: "Hə."

Cənab Erdoğan onun üzündən öpüb və qızı səhnədən yola salıb.

Fotonun müəllifi EPA
Image caption Qurultay dövlət televiziyası vasitəsilə canlı yayımlanıb

Twitter istifadəçiləri cənab Erdoğanın nitqini qınayıblar. Bir istifadəçi onun sözlərini "uşaq istismarı" ilə müqayisə edib.

Başqa bir şərhdə deyilir: "Təəssüflər olsun, bu çox pisdir. O uşaqdır, ona ölüm arzu edilməz, "inşallah" heç deyilməz!"

Prezident hələ ki, tənqidlərə münasibət bildirməyib.

Bu, cənab Erdoğanın şəhidlik haqqında söylədiyi fikirlər səbəbi ilə Türkiyədə baş qaldıran ilk mübahisə deyil. Vəzifəsi zamanı öldürülən hər bir əsgər və polis ölkədə şəhid hesab olunur, BBC Türkcədən Onur Erem deyir.

Cənab Erdoğanın rəqibləri, yüksək siyasi motivli nitqləri çatdırmaq üçün onun ölən əsgər və uşaqların dəfnlərindən istifadə etdiyini deyirlər. Onlar həmçinin, prezidentin öz oğlunun hərbi xidmətdən yayındığını dilə gətirirlər.

Lakin görünür ki, prezidentin tərəfdarları bu iddiaya məhəl qoymurlar, müxbirimiz əlavə edir.

Türkiyə yanvar ayında Kürd Demokratik Birlik Partiyasının (PYD) silahlı hissəsi olan Xalq Müdafiəsi Birliklərinə (YPG) qarşı Afrində Zeytun Budağı adlı hərbi əməliyyata başlayıb.

Kürdlər, Suriya qüvvələri 2012-ci ildə ərazini tərk etdikdən sonra, Türkiyənin sərhədindən cənubda yarımmuxtar idarəçilik zonası təşkil ediblər, özünü İslam Dövləti (İD) adlandıran qrupun döyüşçülərini uzaqlaşdırdıqdan sonra isə, YPG digər ərazilərə də idarəçiliyi ələ keçirib.

Türkiyə YPG-ni, ölkədə otuz il Kürd muxtariyyəti uğrunda mübarizə aparan qadağan olunmuş Kürd İşçi Partiyasının (PKK) davamçısı sayır.

YPG isə PKK ilə birbaşa hərbi və ya siyasi əlaqələrə malik olması iddialarını rədd edir.

Bu barədə daha geniş