Yerevan Türkiyə ilə münasibətlər yaratmaq haqqında protokolları ləğv edib

Sürix protokollarının imzalanmasında ABŞ, Rusiya və İsveçrə xarici işlər nazirləri də iştirak ediblər Fotonun müəllifi BBC WORLD SERVİCE
Image caption Sürix protokollarının imzalanmasında ABŞ, Rusiya və İsveçrə xarici işlər nazirləri də iştirak ediblər

Ermənistan prezidenti Serj Sarkisyan başa çatmaqda olan prezidentlik müddətinin sonunda Ermənistanla Türkiyə arasında "Diplomatik münasibətlər qurmaq haqqında" və "İkitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında" protokolların ratifikasiya prosesinin ləğv edilməsinə sərəncam verib.

Ermənistan prezidentinin rəsmi internet saytının məlumatına görə, protokolların ləğv edilməsi məsələsi Ermənistan Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub və yekdilliklə qəbul olunub.

Protokollar 10 oktyabr 2009-cu il tarixində ABŞ, Rusiya və İsveçrə XİN rəhbərlərinin iştirakı ilə Sürixdə imzalanıb və "futbol diplomatiyası" adını almış Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə start verməli idi. Lakin sənədlər bu günədək nə Ermənistan, nə də Türkiyə tərəfindən təsdiqlənib.

Ermənistanla-Türkiyə arasında diplomatik əlaqələr yoxdur, 1993-cü ildən isə Ankara birtərəfli surətdə Ermənistanla sərhədini bağlamaq qərarı verib.

Daha əvvəl, 2010-cu və 2015-ci illərdə də Ermənistan prezidenti Sürix protokolların parlamentdən geri çağırması və ratifikasiya prosesinin dayandırılması haqqında fərman imzaladığını bildirmişdi.

Ermənistan prezidenti bunu Türkiyə tərəfinin protokolların ratifikasiyası ilə bağlı Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qeyd-şərtlər irəli sürməsi ilə izah edib.

Fotonun müəllifi Kris Connor/Getty
Image caption Ermənistan prezidenti Serj Sarkisyan

"Biz kiçik ölkəyik, amma..."

Sarkisyan Sürix protokollarının heç bir qeyd-şərt ehtiva etmədiyini bildirib.

"Bir daha xatırlatmaq istəyirəm ki, biz kimsə ilə münasibətlər yaratmaq üçün qeyd-şərtlər qoymuruq. Və hər hansı tərəfin bizə qeyd-şərt təklif etmə praktikası keçməz. Biz kiçik ölkəyik, bizim nə güclü hərbi, nə də iqtisadi potensialımız var. Lakin biz müstəqil ölkəyik və biz yalnız xalqımız və ölkəmizin mənafelərinə uyğun hərəkət edəcəyik", - Ermənistan prezidenti deyib.

Sarkisyan xarici işlər naziri Edvard Nalbandyana tarşırıb ki, bu qərar haqqında Türkiyəyə məlumat verilsin. O, həmçinin artıq protokolların imzalanması tədbirində iştirak edən ölkələrə (ABŞ, Fransa, Rusiya, İsveçrə) Avropa İttifaqının sədri, Avropa Şurasının baş katibi və bu təşəbbüsə dəstək verən bütün ölkələr və beynəlxalq təşkilatlara Ermənistanın mövqeyi barədə məktubla məlumat verib və təşəkkürünü bildirdiyini bəyan edib.

Ermənistan prezidentinin sözlərinə görə, münasibətlərin normallaşdırılması prosesinin istər mənfi, istər müsbət nəticəsi Ermənistan üçün faydalı olardı.

"Münasibətlər yaratmağa nail olsaydıq - bu, hər iki xalqın maraqlarından irəli gəlir; olmazsa - beynəlxalq ictimaiyyət nəhayət əmin olardı ki, hər halda, münasibətlərin olmamasının səbəbini, Ermənistanın iş üslubunda yox, başqa yerdə axtarmaq lazımdır. Hesab edirəm ki, biz buna tamamilə nail olmuşuq", - Sarkisyan deyib.

O, Ermənistanın Türkiyə ilə münasibətlərlə bağlı prinsipial mövqeyinin dəyişmədiyini, "Ermənistanla Türkiyə arasında münasibətlərin inkişaf etdirilməsi xalqlarımızın maraqlarından" irəli gəldiyini bildirib və "qarşı tərəfdən anlaşma olarsa, Ermənistan Türkiyə ilə münasibətlər qurmağa hazırdır", deyib.

Bu barədə daha geniş