Armen Sarkisyan Ermənistan prezidenti seçildi

Armen Sarkisyan Fotonun müəllifi parliament.am
Image caption Armen Sarkisyan prezidentliyə yeganə namizəd olub

Ermənistan Milli Məclisi hakim koalisiya təşkil edən Ermənistan Respublikaçılar Partiyası və Daşnaksutyun Erməni İnqilabi Federasiya fraksiyaları tərəfindən namizədliyi irəli sürülən Ermənistanın Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfiri Armen Sarkisyanı Ermənistan Respublikasının prezidenti seçib.

Müvəqqəti Milli Məclis hesablayıcı palatanın sədri Qaqik Melikyanın məlumatına görə, namizədin lehinə 90, əleyhinə, 10 millət vəkili səs verib, 1 bülleten etibarsız tanınıb.

Səsvermədə 105 nəfərdən ibarət parlamentin 101 üzvü iştirak edib.

Ermənistanın prezident idarəçilik üsulundan tam parlament idarəçilik üsuluna keçməsini nəzərdə tutan 2015-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən, prezident ümumxalq seçki vasitəsilə deyil, parlament üzvləri tərəfindən seçilir.

Qalib gəlmək üçün namizədin lehinə parlament üzvlərinin dörddə üçü (79 nəfər) səs verməlidir. Hakim ERP və Daşnaksutyun fraksiyaları birlikdə 65 nəfər təşkil edirlər.

Öz namizədini irəli sürmək üçün parlamentdə kifayət qədər imza toplaya bilməyən 9 nəfərlə təmsil olunmuş müxalif "Yelk" (Çıxış) fraksiyası namizədin əleyhinə səs verməyi vəd etmişdi.

Fotonun müəllifi president.am
Image caption Hazırkı prezident Serj Sarkisyanın səlahiyyətləri aprelin 9-da başa çatır.

Yeganə namizəd Armen Sarkisyanın qələbəsi üçün çatışmayan səsləri parlamentin sayca ikinci (31 üzv) liderinin soyadını daşıyan "Tsarukyan" fraksiyası təmin edib.

Prezident 7 il müddətinə seçilir və ikinci dəfə seçkilərdə namizəd qismində iştirak edə bilməz.

Yeni konstitusiyaya əsasən, prezident heç bir siyasi partiya üzvü olmamalıdır.

Hazırkı prezident Serj Sarkisyanın səlahiyyətləri aprelin 9-da başa çatır.

Əlaqəli mövzular

Bu barədə daha geniş