Putinin ağladığı gün

Vladimir Putin and Lyudmila Narusova at Anatoly Sobchak's funeral Fotonun müəllifi Reuters

Rusiyanın 18 martda Vladimir Putini dördüncü dəfə prezident seçməyə hazırlaşdığı bir zamanda BBC-dən Gabriel Gatehouse onun Kreml karyerasının əvvəlində baş verən bir hadisəyə nəzər salıb.

Hakimiyyətdə olduğu 18 il ərzində kifayət qədər faciəvi hadisələr yaşansa da, rusiyalılar nadir hallarda prezidentlərinin ağladığını görüblər. Belə hadisə cəmi bir dəfə, hakimiyyətinin lap əvvəlində baş verib - 2000-ci il fevralın 24-ü Anatoli Sobçakın dəfn mərasimində.

Sobçak, Qorbaçov və Yeltsin ilə birgə Sovet İttifaqının sonunu gətirən insanlardan biri olub. Vladimir Putin adlı orta rütbəli KQB zabitini üzə çıxaraq ona siyasətdə ilk işini verən də bu islahatçı ruhlu insan olub.

Heç kim onun bu addımının səbəbini bilmir. Amma həmin addım, keçmiş Sovet təhlükəsizlik xidməti üzvlərinin bu gün Rusiyadakı mütləq gücü ələ keçirməsi üçün yol açıb. O dərəcədə ki, demokratiya sözü belə mənasını itirib.

Fotonun müəllifi Alamy
Image caption Sankt Peterburqda Avstriya Meydanının açılışında mer Anatoli Sobçakı Vladimir Putin də (solda) müşayiət edib, 1992-ci il sentyabr

Son seçkilərdə səkkiz namizəd mübarizə aparır, lakin Putin "əsas namizəd" kimi bilinir və nəticədən də şübhələnməyə dəyməz.

Rəqib namizədlərdən biri bunu "saxta seçki" adlandırır.

"Eynən kazinodakı kimi," o mənə deyir, "necə ev qalib gəlirsə, Rusiya demokratiyasında da qələbə Putinin tərəfindədir."

Bu namizədin adı Kseniya Sobçakdır. Putinin keçmiş dostu və ağıl verəni Anatolinin qızı.

36 yaşlı Kseniya keçmiş televiziya aparıcısı olan müxalif jurnalistdir. "Əsl" müxalifət namizədi Aleksey Navalnının tərəfdarlarına görə, seçkiyə etibar havası qatmaq üçün Putinin istifadə etdiyi köhnə ailə dostu bu xanım, Kremlin piyadasıdır.

Şübhəsiz ki, o, rəsmilərin razılığı olmadan belə bir addım ata bilməzdi. Rusiya demokratiyası bu cür tənzimlənir.

Fotonun müəllifi Reuters
Image caption Seçki lövhəsi: "Sobçak. Həqiqət naminə. Azadlıq naminə."

Lakin Kremlin qara kostyumlu kişiləri bu qərarlarından peşman ola bilərlər. Televiziya studiyalarına hər səfərində Kseniya, Putinin ətrafındakı rüşvətxorların adlarını çəkir və Krımın ilhaqını qeyri-qanuni adlandırır.

Əgər namizədliyini seçilmək üçün yox, eşidilmək üçün irəli sürübsə, həqiqətən də tabuları qırıb.

Axı nə baş verir?

Gəlin qızından atasına keçək. O, Sankt Peterburqun meri olub. Putin isə onun katibi. Onlar, Putinin Sobçakı korrupsiya ittihamları fonunda xüsusi təyyarə ilə ölkədən çıxardacağı qədər yaxın olublar. Söhbət 1990-cı illərdən gedir.

O günlər xatirinizdədirmi? Rusiya xaos içərisində idi. Prezident Boris Yeltsini içkili halda görmək adi hal idi və o, demək olar ki, heç bir iş görmürdü.

Kremlin qara kostyumlu kişiləri əlacı özləri kimi qara kostyumlu və Yeltsin üçün əla antidota çevrilə biləcək Putində tapırlar. Onlar Putini Yeltsinin varisi kimi hazırlamağa başlayırlar.

Putin ilk dəfə prezidentliyə namizədliyini irəli sürən dövrdə anidən 62 yaşlı Anatoli Sobçak Kalininqradda bir otel otağında ölür.

Meyit yarıldıqdan sonra, onun ürək dayanmasından öldüyü ortaya çıxsa da, ürəktutması izinə rastlanmır. Sobçakın dul xanımı isə yarılmanın nəticəsini qəbul etmir və özü yardırır.

Onun adı Ludmila Narusovadır. Bu yaxınlarda onunla görüşdüm və ərinin ölümünün qətl olub-olmadığını soruşdum. O, 10 dəfə "Hə" deyə biləcəyi uzun bir fasilədən sonra, "Bilmirəm" deyə cavab verdi.

Fotonun müəllifi Alamy
Image caption Kseniya Sobçak, Vladimir Putin və Ludmila Narusova Anatoli Sobçak ilə vida mərasimində

Bəziləri Sobçakın ölümündə Putinin də əli olduğunu deyirdi. Sobçakın onun ilə nə isə alıb-vermədiyi olub? Narusova sualın üstündən keçdi.

Mən keçmişə qayıdıb dəfn mərasimində çəkilən videolara baxdım.

Putin həqiqətən kədərlidir. Gözləri qızarıb və Ludmila Narusovanı qucaqlayarkən udqunmağa belə çətinlik çəkir. Putin aktyor deyil. Nə də ki, ictimai şəkildə hisslərini göstərməyə meyilli bir adam deyil.

Buna görə də onun ürəkdən xiffət çəkdiyini düşünmək yanlış səslənməz. Bəlkə də başqa şeydir. Təqsir?

"Putini hakimiyyətə doğru itələyən insanlar var idi," Narusova mənə dedi.

O haqlıdır. O zamanlar Putin, Kremlin içindəki müxtəlif fraksiyalar üçün hakimiyyət yolunda bir vasitə idi. Haradasa indi də elədir.

Əgər Sobçak qətlə yetirilibsə, görəsən niyə? Bəlkə də fraksiyalardan biri onun Sobçak tərəfindən idarə olunacağını düşünürmüş? Ola bilər.

Lap əgər belədirsə, bu KQB zabiti dostunun Putin Layihəsi naminə öldüyündən agahdırmı? Bu bir şübhə ola bilər, amma mən artıq belə düşünməyə başlayıram.

Fotonun müəllifi Getty Images
Image caption Vladimir Putin və Ludmila Narusova 2007-ci ildə Sobçakın qəbrini ziyarət edərkən

Narusovadan meyit yarılması haqqında soruşdum.

Sən demə o, nəticələri heç vaxt ictimai şəkildə açıqlamayıb. Lakin sənədlər Rusiyadan kənarda gizli bir yerdə saxlanılır. Səbəbini də sual etdim. O isə bu haqda danışmaq istəmədi.

Təzyiqə əl atdım. "Elə bil ki, bu, özünüzü bir növ sığortalamaq deməkdir," söylədim.

"Sizə elə görünə bilər," o cavab verdi.

"Öz və ya qızınızın təhlükəsizliyi üçün narahatsınızmı?" soruşdum.

"Bilirsiniz ki," o dedi, "bu ölkədə yaşamaq qorxuludur. Xüsusilə də müxalif fikirli insanlar üçün. Ona görə də hə, narahatam. Narahatam..."

Bu barədə daha geniş