Ermənistanda prezident üsul-idarəsindən parlament idarəçilik üsuluna keçid nə vəd edir?

Ermənistan, parlament, prezident, seçkilər, Qarabağ Fotonun müəllifi PARLIAMENT.AM
Image caption Ermənistanda prezident üsul-idarəsindən parlament idarəçilik üsuluna keçir

2015-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən, ölkədə parlament idarəetmə formasının tətbiq edilməsi üçün Ermənistan Milli Məclisində "Ermənistan hökumətinin strukturu və fəaliyyəti haqqında" qanun layihələri paketi üzrə müzakirələr başlayıb.

Bu qanun layihələri toplusu gələcək hökumətin strukturu və başqa hökumət orqanları ilə əlaqələri tənzimləməlidir.

Ölkənin tam parlament idarəçilik formasına keçməsi aprelin 9-dan, Serj Sarkisyanın prezidentlik müddəti başa çatdıqdan sonra nəzərdə tutulur.



Məsələ üzrə əsas məruzəçi Ermənistan ədliyyə naziri David Harutyunyan yeni Ermənistan hökumətinin baş naziri, hazırkı 1 nazir müavini əvəzinə 3 (onlardan biri - birinci müavin adlanar) nazir müavini və hazırkı 18 əvəzinə 17 nazirdən ibarət olacağını qeyd etdi. Beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri vəzifəsi ləğv edilir.

Hazırda hökumət nəzdində fəaliyyət göstərən Polis və Milli Təhlükəsizlik Xidmətləri, qanun layihəsinə əsasən, baş nazirə tabe edilir.

Prezident Nəzarət Xidməti əvəzinə yaradılan Dövlət Nəzarət Xidməti və Dövlət Mühafizə Xidməti də baş nazirin tabeliyinə verilə bilər.

Fotonun müəllifi PARLIAMENT.AM
Image caption Ararat Mirzoyan Ermənistan parlamentindəki "Yelk" ("Çıxış") fraksiyasının üzvü

"Serj Sarkisyan üçün baş nazir diktaturası"

Dəyişikliklərə qarşı cəmi 9 nəfərdən təmsil olunan müxalif "Yelk" ("Çıxış") parlament fraksiyası çıxış etdi. Müxalif millət vəkilləri Ermənistanın "baş nazir diktaturasına əsaslanan super baş nazir hökuməti" yaratmaq istiqamətində hərəkət etməsindən xəbərdar edirlər.

Fraksiyanın üzvü Ararat Mirzoyan "bütün bu dəyişikliklərin bir növ super baş nazir, mütləqiyyət hakimiyyətinin yaradılmasına" apardığını deyir.

"Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan Ermənistanda "baş nazir diktaturası" tətbiq edildiyini bildirir. Və belə bir qurum yalnız Serj Sarkisyan üçün yaradıla bilər, Paşinyan jurnalistlərə parlamentdə brifinq zamanı deyib.

Fotonun müəllifi PARLIAMENT.AM
Image caption "Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan Ermənistanda "baş nazir diktaturası" tətbiq edildiyini bildirir

Prezident Serj Sarkisyan apreldə prezidentlik müddəti başa çatdıqdan sonra baş nazir vəzifəsinə iddia etdiyini bildirməyib. Əksinə, hələ 2004-cü ildə o, ölkə parlament üsul-idarəsinə keçdikdən sonra prezident və baş nazir vəzifələrinə iddia etmədiyini bildirmişdi.

Lakin yeni Konstitusiya ilə tətbiq edilən qanun dəyişiklikləri, bir çox yerli təhlilçi və müxalifət nümayəndələrinə baş nazir vəzifəsinin məhz Serj Sarkisyan üçün "biçildiyini" ehtimal edirlər.

Müxalif millət vəkili ona da işarə edir ki, Ədliyyə Nazirliyi hətta "Dövlət vəzifəsini tutan şəxslərin sosial təminatı haqqında" qanuna dəyişiklik üçün indiki Prezident İqamətgahının baş nazirə verilməsi təklifini edib.

Image caption Ermənistan Ədliyyə Nazirliyi indiki Prezident İqamətgahının baş nazirə verilməsi təklifini edib

Belə ki, hakim Respublikaçılar Partiya fraksiyası Serj Sarkisyanı baş nazir vəzifəsinə irəli sürsə, yalnız Prezident İqamətgahının lövhəsi dəyişilə bilər.

Prezident üçün isə hökumətin qonaqlar evi adlanan binada yer ayrılması nəzərdə tutulur.

Müxalifət hesab edir ki, qanun layihələrinə görə, Nazirlər Kabinetinin iclaslarının qapalı keçirilməsi tələbi də - hətta millət vəkillərinin hökumətin iclasına buraxılmaması - hakimiyyətin baş nazirin əlində cəmləşməsindən xəbər verir. Bu dəyişikliyə əsasən, nazirlər yalnız baş nazirin icazəsi ilə müsahibə verə bilərlər.



"Bu müddəalar nazirlərin də sərbəstlik səviyyəsini məhdudlaşdırır və sadəcə baş nazirin əsgərciklərinə çevirir", -deputat Ararat Mirzoyan deyir.

Müxalifət və hüquq müdafiə nümayəndələri bu dəyişikliyi Ermənistanın demokratiya sahəsində geriləməsi kimi qiymətləndirirlər. Hazırda Ermənistan hökumətinin iclasları jurnalistlər üçün açıqdır, nazirlərə isə jurnalistlərlə görüşmək və ya müsahibə vermək üçün kimsədən icazə almaq lazım deyil.

Bu dəyişikliklər də baş nazir vəzifəsinə Serj Sarkisyanın təklif ediləcəyini ehtimal etməyə əsas verir. Prezident Serj Sarkisyan jurnalistlərlə görüşməyi xoşlamır, Prezident Aparatından məlumat almaq da olduqca müşkül işdir, Yerevan müxbirimiz deyir.

Fotonun müəllifi PRESİDENT.AM
Image caption Ermənistanın yeni seçilən prezidenti Armen Sarkisyan və hazırki prezident Serj Sarkisyan

Yeni prezidentin səlahiyyətləri

Konstitusiyaya əsasən, prezident növbəti və növbədənkənar parlament seçkilərini təyin edir, 21 gün ərzində parlament tərəfindən qəbul olunan qanunları imzalayır. Lakin o, Milli Məclisi buraxıb yeni seçkilər təyin etmək hüququna malik deyil.

Konstitusiya üzrə nəzərdə tutulan surətdə prezident hökumətin istefasını qəbul edə bilər və baş nazirin təklifi ilə Nazirlər Kabineti tərkibində dəyişiklik edə bilər.

Xarici siyasət sahəsi

Xarici siyasət sahəsində Ermənistan prezidentinin səlahiyyətləri məhdudlaşdırılıb. Yeni Konstitusiyaya görə, hökumətin təklifi ilə qanunla nəzərdə tutulan hallarda və qaydada beynəlxalq müqavilələr bağlayır, baş nazirin təklifi ilə xarici dövlət və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələr təyin edir və geri çağırır, xarici dövlət və beynəlxalq təşkilatların diplomatik nümayəndələrinin etimadnaməsini qəbul edir və geri çağırır.



Silahlı qüvvələr

Yeni Konstitusiyaya əsasən, ölkə prezidenti baş nazirin təklifi ilə qanunla nəzərdə tutulan hallarda və qaydada Silahlı Qüvvələr və başqa qoşunların Ali Komanda heyətini təyin və azad edir, eləcə də baş nazirin təklifi ilə qanunla nəzərdə tutulan hallarda və qaydada ali hərbi rütbələr təqdim edir.

Lakin prezident daha Ermənistan Silahlı Qüvvələrinin ali baş komandanı deyil.

Ali baş komandan səlahiyyətləri baş nazirə həvalə edilir, lakin müharibə və ya sülh elan etmək qərarını hökumətin təklifi ilə Milli Məclis qəbul edir.

Yalnız Milli Məclis iclasının çağırılması mümkün olmayan hallarda müharibə elan etmək məsələsi ilə bağlı baş nazir qərar verə bilər.

Bu barədə daha geniş