Azərbaycan, Türkiyə, İran və Gürcüstan: XİN rəhbərlərinin ilk dördtərəfli görüşü

Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirləri

Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündə cənub-qərb nəqliyyat dəhlizi müzakirə edilib.

Görüş zamanı Bakı-Tbilisi-Qars dəmir yoluna birləşməklə Rəşt-Astara vasitəsilə İran körfəzindəki Çabahar və Bəndər-Abbas kimi İran limanlarından başlamaqla "Cənub-Qərb" marşrutunda dörd ölkənin tranzit potensialının artırılmasının vacibliyi vurğulanıb.

Nazirlərin ilk dəfə baş tutan dördtərəfli görüşü bu gün Bakıda keçirilib.

Yeni nəqliyyat dəhlizi

Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze iştirak edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nəqliyyat dəhlizlərinən danışaraq Fars körfəzinin İranı Hind okeanı və Aralıq dənizinə birləşdirdiyini bildirib.

O deyib ki, bu region ölkələrinə daha rahat marşrut təqdim etməyə imkan verir.

Onun türkiyəli həmkarı cənab Çavuşoğlu xalqlar arasında əlaqələri inkişaf etdirmək üçün nəqliyyat şəbəkəsinin genişlənməsinin vacib olduğunu deyib.

Gürcüstan XİN rəhbəri jurnalistlərə dördtərəfli görüşün önəmi barədə danışıb və əməkdaşlığın regionda sülh, sabitliyə xidmət edəcəyini deyib.

Nazirlərin görüş zamanı Bakı Bəyannaməsi qəbul edilib.

Bəyannamədə nazirlər "regionda sülhün, sabitliyin, rifahın möhkəmlənməsinə xidmət edəcək dörd ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirmək" istədiklərini bildiriblər.

Həmçinin, dörd ölkənin xalqlarının rifahının təmin edilməsi məqsədilə bütün mümkün sahələrdə dördtərəfli əməkdaşlığın araşdırılması və genişləndirilməsi ilə bağlı razılığa gəlinib.

Nazirlər enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramları icra etməyə razılaşıblar.

Onlar növbəti görüşlərdə bu sahələrin ayrıca müzakirə ediləcəyini vurğulayıblar. Növbəti görüşün Gürcüstanda baş tutacağı bildirilir.

Bu barədə daha geniş