Rusiya prezident seçkisi: Putin dördüncü müddətə prezident seçilib

Putin Fotonun müəllifi AFP

Vladimir Putin bazar günü keçirilən prezident seçkilərində gözlənən qalibiyyətindən sonra Rusiyanı daha altı il idarə edəcək. O, dördüncü dəfə prezident seçilib.

Demək olar ki, bütün səslərin sayılmasından sonra Mərkəzi Seçki Komissiyası deyib ki, Putin səslərin 76 faizindən çoxunu qazanıb.

Əsas müxalifət lideri Aleksey Navalny isə prezidentlik uğrunda mübarizədən məhrum edilmişdi.

Erkən nəticələrdən sonra Moskvada bir mitinqdə çıxış edən Putin seçicilərin "son bir neçə ilin nailiyyətlərini" tanıdığını söyləyib.

Mətbuat nümayəndələrinə danışarkən, o, altı ildən sonra yenidən seçkilərə qatılmaqla bağlı suala gülüb.

"Siz dediyiniz bir az gülməlidir. Düşünürsünüz ki, 100 yaşınadək burada qalacağam?", o deyib.


Həmçinin oxuyun:


Fotonun müəllifi Reuters
Image caption Ksenia Sobçak bəziləri tərəfindən Kremlin saxta müxalifətçisi olmaqda təqsirləndirilsə də, Vladimir Putinin bəyan etdiyi mövqelərin bir çoxuna qarşı çıxır

Geniş proqnozlaşdırılan qələbənin miqyası 2012-ci ildəki səsvermə nəticələrindən daha artıqdır. Həmin il Putin 64 faiz səslə qələbə qazanmışdı.

Cənab Putinin ən yaxın rəqibi, milyoner kommunist Pavel Grudinin səslərin təxminən 12 faizini toplaya bilib.

Rusiyalı televiziya aparıcısı Kseniya Sobçak 2 faizdən az səs toplayıb. Veteran millətçi Vladimir Jirinovski isə 6 faiz səs qazanıb.

Bir dövlət exit-pollunun iştirakçılığı 60 faizdən çoxdur. Cənab Putinin kampaniyası ona ən güclü mandatı vermək üçün böyük bir fəallığa ümid etdilər.

Putunun seçki kampaniya qrupu qələbəni "inanılmaz zəfər" adlandırıb.

Azərbaycan prezidenti İlham Əliyev də Vladimir Putini prezidenti seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Fotonun müəllifi AFP

Martın 18-də baş tutan seçkidə səsvermə Rusiyanın şərq rayonlarında Bakı vaxtilə saat 00:00-da başlayıb və Moskvadaki seçki məntəqələri bundan doqquz saat sonra açılıb. Rusiyada 100 milyondan çox insan səsvermə hüququna malikdir.

Vladimir Putin seçkidə yeddi rəqiblə mübarizə aparıb.

Onun rəqibləri arasında milyonçu kommunist Pavel Grudinin, keçmiş teleaparıcı Ksenia Sobçak və millətçi Vladimir Jirinovski də var.

Müxalifətin əsas lideri Aleksey Navalnının seçkidə iştirak etməsi qadağan edilib.

Hakimiyyət bildirib ki, buna səbəb Aleksey Navalnının üzərində məhkumluğun olmasıdır. Navalnının özü isə deyir ki, ona qarşı dələduzluq ittihamı siyasi motivli olub.

O, vətəndaşları seçkini boykot etməyə çağırıb və seçki məntəqələrinə minlərlə müşahidəçi göndərib.

65 yaşlı Vladimir Putin 1999-ci ildən bəri, əvvəlcə prezident, sonra isə baş nazir vəzifələrində Rusiyanın dəyişməz lideridir.

Müstəqil seçki müşahidə qrupu Qolos 1 700-dən çox nöqsanı müşahidə etdiyini deyib:

  • Bəzi məntəqələrdə səsvermə rəsmən başlamazdan əvvəl seçki qutularında bülletenlər aşkar olunub
  • Müşahidəçilərə bəzi məntəqələrə daxil olmağa icazə verilməyib
  • Səs verməyə məcburən gəldikləri düşünülən bir neçə qrup adamın məntəqələrə avtobuslarla gətirildikləri müşahidə olunub
  • Bəzi məntəqələrdə şarlar, plakatlar və digər predmetlər canlı yayım kameralarının görüntülərinə mane olub

Rusiya Mərkəzi Seçki Komissiyasının saytına yerləşdirilən seçki məntəqələrinin canlı video yayımlarında bəzi hallarda rəsmilərin qutuları bülletenlərlə doldurduğu nəzərə çarpıb.

Seçki rəsmiləri deyirlər ki, seçki günündən əvvəlki gecə saatlarında MSK-nin saytına qarşı kiberhücumun qarşısını alıblar.

Rusiyanın şərqindəki rayonların yerləşən bəzi məntəqələrdə seçici fəallığının 100 faiz olduğu bildirilib.

İnterfaks xəbər agentliyinin məlumatına görə, seçki rəsmiləri Kamçatkada altı kəndin bütün sakinlərinin hamılıqla səs verdiyini bildiriblər.

Çukotkada da dörd kənddə bütün sakinlər səs veriblər.

Bu barədə daha geniş