İran-Azərbaycan münasibətləri: Rəqəmlər və təhlilçilərin fikirləri

Əliyev Ruhani Fotonun müəllifi Prezident.az

Bakıya iki günlük səfəri cümə axşamı yekunlaşmış İran prezidenti Həsən Ruhani ilə İlham Əliyev qarşılıqlı münasibətləri müzakirə ediblər.

Səfər çərçivəsində Azərbaycanla İran energetika, nəqliyyat, iqtisadiyyat və turizm sahəsində sənədlər imzalanıb. İranın İRNA agentliyi səkkiz belə sənədə imza atıldığını bildirir.

Prezident İlham Əliyev sənədlərin "tarixi əhəmiyyətli" adandırıb.

Ticarət mübadiləsi

Rəsmi statistikaya görə, 2016-ci ildə Azərbaycanın ticarət dövriyyəsinin ümumi həcmi 18 mlrd. dollara yaxın olub. Bunun çoxu Rusiya, Çin, Türkiyə və Böyük Britaniyanın payına düşüb. İran İslam Respublikası bu sıralamada 13-cü yerdə qərarlaşıb.

Ötən il İranla ticarət mübadiləsinin həcmi ümumi ixraca nisbətdə 1%-dən aşağı olub. Ümumi idxala nisbətdə isə bu rəqəm 2.74% təşkil edib.

İqtisadçı Fikrət Sadıqov deyir ki, Azərbaycan İranla ticarət həcmlərini artırmaq üçün irimiqyaslı layihələri inkişaf etdirməkdədir.

"Şərq-Cənub layihələrində çoxtərəfli münasibətlərdən söhbət gedir. Bizim ərazidən keçən nəqliyyat dəhlizləri yük daşıma vaxtını qısaldacaq. Bunların tezliklə bəhrə verəcəyinə şübhə etmirəm."

Trend agentliyinə əsasən martın ortalarında Tehrana səfər edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İranın Azərbaycana 3.1 mlrd həcmində investisiya yatırdığını bildirmişdi.

Həmçinin oxuyun:

İran prezidentinin rəsmi səfəri çərçivəsində hər iki ölkənin rəsmiləri arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında anlaşma memorandumu imzalanıb.

"Şimal-Cənub nəqliyyat dəhlizinin çatışmayan hissəsi - Astara-Rəşt dəmir yolu bütün Avrasiya regionu üçün yeni imkanlar açacaq", deyə prezident əlavə edib.

Rəqəmlər cəzbedici deyil, amma...

Bəzi politoloqlar hesab edir ki, hazırda sırf iqtisadi rəqəmlər o qədər də cəzbedici görünməsə də, tərəflərin qarşılıqlı maraqları daha geniş əməkdaşlığa zəmin yaradır.

Belə politoqlardan biri də millət vəkili Rasim Musabəyovdur.

O, hesab edir ki, indiyədək sanksiyalar altında olan İrandan daha fəal iqtisadi fəaliyyət gözləmək əsassız idi.

Energetika və nəqliyyat sahələrində Azərbaycan-İran layihələrinin böyük potensialını barədə danışan millət vəkilinin sözlərinə görə, Bakı İranla maliyyə sahəsində də əməkdaşlıq edə bilər.

"Azərbaycan xarici banklarda aşağı faizlə saxladığı vəsaitləri İrana kredit şəklində versə yaxşı mənfəət əldə edə bilər."

İran-Ermənistan və İsrail-Azərbaycan münasibətləri

Azərbaycan mətbuatında İranın Ermənistanla münasibətlərinə dair qınaqlara rast gəlmək olar, eynilə də Tehranda Bakının İsraillə əməkdaşlığının qıcıq doğurduğu barədə mülahizələr yer alıb.

Bəs görəsən bu amillər qarşılıqlı əlaqələrə kölgə salırmı? Rasim Musabəyov deyir ki, praqmatik zəmində qurulan münasibətlər qarşılıqlı etimadsızlığı azaldır.

"İranda anladılar ki, Bakı öz siyasətini müstəqil şəkildə formalaşdırır. Biz İranın təsir dairəsinə çevrilməyəcəyik. Biz də anlayırıq ki İranın regionda öz maraqları var. Bakı heç bir ölkəyə İrana qarşı platforma vermir və İran da bunu görür."

Azərbaycanlı millət vəkilinə əsasən İran Qarabağ münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipə çərçivəsində həllinə dəstək verir.

"Elə Bakıya gələn İran lideri də bu fikri rəsmən təsdiqlədi", deyə cənab Musabəyov bildirib.

Bu barədə daha geniş