Serj Sarkisyanın hakimiyyətdə qalmasına qarşı etiraz - nümayişçilər yolları bağlayır

Etiraz
Image caption Nümayişilər parlament binasına aparan yolları bağlayırlar.

Yerevanın mərkəzində Serj Sarkisyanın baş nazir qismində yenidən hakimiyyətə qayıtmasına qarşı itaətsizlik aksiyaları başlayıb.

İki həftə Ermənistanın rayonlarında təşviqat məqsədilə piyada yürüşü Ermənistan paytaxtında baş buran Ermənistan Milli Məclisinin müxalif "Yelk" ("Çıxış") fraksiyasının rəhbəri Nikol Paşinyan bu gün Azadlıq meydanında minlərlə mitinq iştirakçısına gələcək mübarizə planlarını izah etdi.

Etiraz iştirakçıları bu gündən mitinqdən sonra itaətsizlik aksiyalarına başlayırlar. Məqsəd Serj Sarkisyanın aprelin 17-də Milli Məclisdə baş nazir seçilməsi nəzərdə tutulan tədbirin qarşısını almaqdır.

Bu, Nikol Paşinyanın sözlərinə görə, müxtəlif yollarla həyata keçiriləcək.

İzdiham mərkəzi prospektlə irəliləyərək, yol ayırıclarında oturub nəqliyyatın hərəkətini iflic edir. Hətta parlament binasına və millət vəkillərinin evlərindən iş yerinə aparan yolları bağlamaq planlaşdırılır.

Nümayişçilər etiraz aksiyalarını gecə və gündüz davam etdirmək niyyətindədirlər.

Hələlik polis əməkdaşları nümayişçilərlə danışıqlar keçirir, lakin güc tədbirlərinə əl atmır.

Etiraz aksiyaları bir qrup ictimai fəallar tərəfindən Serj Sarkisyanın prezidentlik müddəti başa çatdığı gündən, aprelin 10-dan başlanıb.

Image caption Müxalif millət vəkili Nikol Paşinyan Serj Sarkisyanın baş nazirliyinə yol verməmək üçün keçiriləcək "itaətsizlik tədbirləri" çərçivəsində bu gecədən paytaxta Yerevanda nəqliyyatın hərəkətini iflic etməkdən başlamağa çağırdı.

Aprelin 9-da Serj Sarkisyanın son, ikinci prezidentlik müddəti başa çatıb və onun və rəhbərlik etdiyi hakim Respublikaçılar Partiyasının (ERP) təşəbbüsü ilə ölkə prezidenti vəzifəsinə Ermənistanın Britaniyadakı keçmiş səfiri Armen Sarkisyan seçilib.

Lakin hakim ERP öz liderinin namizədliyini, 2015-ci il Konstitusiyasına əsasən, daha geniş səlahiyyətlərə malik olacaq ölkənin baş naziri vəzifəsinə irəli sürüb.

Image caption Mitinqdə Serj Sarkisyanın portreti əks olunmuş şarları havaya buraxıblar.

Həmçinin oxuyun:

Müxalifət və bir çox siyasi ekspert daha əvvəl də ölkənin parlament idarəetmə üsuluna keçməsinin nəzərdə tutulduğu bəyan edilən konstitusiya islahatının məhz Serj Sarkisyanın hakimiyyətdə qalmasını təmin etmək üçün düşünüldüyünü deyirdilər.

Image caption Şüarda deyilir ki, məqsəd "ədalətli Ermənistan" yaratmaqdır və bunun ilk şərti - Serj Sarkisyan rejiminin kənar edilməsidir.

Yeni, 2015-ci il Konstitusiyasına əsasən, baş nazirin namizədliyini Milli Məclisin "çoxluq təşkil edən fraksiyası" tərəfindən irəli sürür.

Image caption Davay do svidaniya: Tibb təhsili olan hakim partiyanın rəsmiləri sabiq prezidenti "klinik ölümdən" ayıltmaq istəyir.

Səsvermə zamanı namizədinin qələbəsini təmin etmək üçün Daşnaksutyun Partiyası ilə koalisiya təşkil etmiş hakim ERP fraksiyası kifayət qədər səsə də malikdir.

Sabiq prezidentin baş nazirliyi əleyhinə səs verəcəyini hələlik yalnız müxalif "Yelk" ("Çıxış") fraksiyası bəyan edib.

Lakin 9 nəfərdən ibarət bu fraksiyanın təmsil olunduğu üç siyasi partiyadan - İşıqlı Ermənistan, Respublika Partiyası və Vətəndaş Müqaviləsi - yalnız Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi etiraz aksiyalarına qatılıb.

Image caption Yerevanın mərkəzində Serj Sarkisyanın baş nazir vəzifəsində hakimiyyətdə qalmasına qarşı avtomobil yürüşü keçirilib

Nikol Paşinyan öz tərəfdarları ilə Serj Sarkisyanın baş nazirliyinə qarşı aksiyalara qatılmaq çağırışları ilə Ermənistanın bir sıra rayonlarına piyada yürüş keçirir.

Paşinyan əmindir ki, "meydana 100 min insan çıxsa", Serj Sarkisyanın hakimiyyət başına qayıtmasının qarşısını almaq olar.

Image caption Yürüşün əsas şüarı - "Rədd et Serji"

Bu arada bir neçə fəallar qrupu Yerevanın mərkəzində "Serjə "yox" de" şüarı altında mitinq və yürüşlər təşkil edir.

Bu qruplar bu gün rayonlara təşviqat yürüşündən qayıdan dəstə ilə birləşərək, paytaxtda mitinq, nümayiş və yollar bağlamaq, inzibati binaları əhatə etmək, millət vəkillərini iş yerlərinə buraxmamaq və başqa itaətsizlik tədbirləri keçirməyə hazırlaşırlar.

Bu barədə daha geniş