Erdoğan Suriya böhranı barədə: İqlim "bir az mülayimləşmişə bənzəyir"

Tayyip Erdoğan Fotonun müəllifi Reuters

Suriyada ötən həftə baş verən kimyəvi hücumdan sonra gərginləşən siyasi fonda Türkiyə prezidenti böhranla bağlı ABŞ və Rusiya liderlərilə danışıqların təfərrüatlarına dair məlumat verib.

Recep Tayyip Erdoğan Suriyadakı əminamanlığın təmin edilməsi üçün fikir mübadiləsi aparıldığını deyərək hazırda gərginliyin nisbətən səngidiyini qeyd edib.

"İndi iqlim bir az mülayimləşmişə bənzəyir", cənab Erdoğan deyib.

Erdoğanın bəyanatı Qərb paytaxtlarında Suriyanın Şərqi Quta bölgəsində iddia edilən kimyəvi hücuma dair hərbi addımlar müzakirəsinə təsadüf edib.

Videolar

"Duma və Şərqi Qutadakı hadisələr ürək üzücüdür. Bunlar fəlakətli addımlar idi. Bunların məndə video çəkilişləri var idi. Mən onu Putinin xüsusi nümayəndəsinə verdim", - İstanbulda çıxış edən Türkiyə lideri deyib.

Türkiyə lideri Suriyada kimyəvi silahların istifadəsilə bağlı mövzuya toxunaraq deyib ki, bunun dəhşətli hadisə olmasına rəğmən adi silahların istifadəsi nəticəsində insan tələfatı da nəzərdən kənarda qalmamalıdır.

Kimyəvi və adi silahlar

"Kimyəvi silahlarlamı daha çox insan ölür və öldürülür yoxsa adi silahlarlamı? Kimyəvi silahlar əlbəttə fəlakətdir, ancaq adi növ silahlarla da qadın, uşaq tanımadan öldürürlər".

Ötən həftə suriyalı müxalifət fəalları, xilasedicilər və həkimlər üsyançıların əlində olan Şərqi Quta bölgəsindəki Duma şəhərinin kimyəvi hücuma məruz qaldığını bildiriblər.

Çərşənbə günü Dünya Səhiyyə Təşkilatı vəziyyəti qiymətləndirmək və 70 adamın həlak olduğu barədə yayılmış xəbərləri yoxlamaq üçün sözügedən əraziyə buraxılışın təmin olunmasını tələb edib.

Reaksiyalar

ABŞ prezidenti iddia edilən kimyəvi hücuma "sərt" reaksiya veriləcəyini vəd edib.

Bundan əvvəl Moskva Suriyada mümkün zərbələrin cavabsız qalmayacağı deyib.

Bu barədə daha geniş