Ermənistan: Polis Yerevanda etiraz nümayişini dağıdıb. Paşinyan və digər fəallar həbs olunublar

Sarkisyan "7-8 faiz səs alan fraksiyanın xalqın adından danışmağa haqqı yoxdur", və danışıqları davam etdirmək niyyətində olmadığını deyə, qalxıb getdi. Fotonun müəllifi Epress.am
Image caption Sarkisyan "7-8 faiz səs alan fraksiyanın xalqın adından danışmağa haqqı yoxdur" deyərək qalxıb gedib.

Serj Sarkisyanın hakimiyyətdən kənar edilməsi tələbilə artıq 10 gün davam edən etiraz hərəkatının rəhbəri, millət vəkili Nikol Paşinyan və digər təşkilatçıların bu gün səhər həbs olunduğuna baxmayaraq, etiraz aksiyaları səngimir.

Nikol Paşinyandan başqa, onun rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası və "Yelk" ("Çıxış") parlament fraksiyasının daha iki üzvü Ararat Mirzoyan və Sasun Mikayelyan da həbs olunublar.

Millət vəkillərindən başqa, həmçinin etiraz mitinq və yürüşləri idarə edən fəallar da həbs olunub. Polis izdihamı dağılmağa və "qeyri-qanuni" tədbirlərdə iştirak etməkdən çəkinməyə çağırır.

Nikol Paşinyanın arvadı, "Haykakan jamanak" ("Erməni zamanı") qəzetinin baş redaktoru Anna Hakobyan jurnalistlərə deyib ki, artıq 6 saat keçdikdən sonra da Nikol Paşinyanın harada saxlandığı haqqında məlumat ala bilmir.

Paşinyanın minlərlə tərəfdarları Yerevanın Şenqavit rayonu Polis Şöbəsi ətrafında toplaşıblar. Burada Qaregin Njdeh küçəsi və Arşakunyats prospekti bağlıdır, avtomobil hərəkəti dayanıb.

Yerevanın müxtəlif yerlərində etiraz aksiyaları davam edir. Tələbə və məktəbli gənclər, polisə itaətsizlik olaraq, svetoforların altından o yana-bu yana keçərək, nəqliyyat hərəkətinə maneə yaradırlar.

Polisin saat 16:30-a olan məlumatına görə, 232 nəfər həbs olunub.

Şəhərin müxtəlif rayonlarından insanlar böyük dəstələrlə Respublika meydanına axşam mitinqinə axışır.

Paşinyan həbs olunub

Fotonun müəllifi AFP
Image caption Nikol Paşinyan Yerevanda davam edən etirazları "məxməri inqilab" olduğunu deyir.

Yerevanda polis qüvvələri səs qumbaraları və başqa xüsusi vasitələrdən istifadə edərək və kobud güc tətbiq edərək, Serj Sarkisyanın baş nazir vəzifəsində yenidən hakimiyyətə gəlməsinə qarşı etiraz yürüşünü dağıtdılar.

Çoxsaylı xüsusi təyinatlı polis qüvvələri Yerevanın Erebuni rayonunda yürüş keçirən yüzlərlə etirazçıya hücum edib. Nümayiş iştirakçıları döyülüb, onlarla insan həbs olunub.

Hadisə yerindən təcili yardım maşınları xəsarət alanları xəstəxanalara aparırlar. Yaralıların sayı hələ məlum deyil.

Etiraz aksiyaların liderləri, millət vəkilləri Nikol Paşinyan, Ararat Mirzoyan, Sasun Mikayelyan və başqa fəallar həbs olunub.

Buna baxmayaraq, nümayışçilər yürüşü davam etdirir, hamın Respublika meydanında axşam mitinqə toplaşmağa çağırır.

Avtomobil siqnallarının səsi kəsilmir. Sürücülər siqnallarla etiraz iştirakçılarını alqışlayır.

Polis əməliyyatları Serj Sarkisyanın onun istefasını tələb edən hərəkata rəhbərlik edən millət vəkili Nikol Paşinyanla danışıqlarından sonra başlanıb.

Fotonun müəllifi AFP
Image caption Yerevan küçələrində xüsusi təyinatlı polis bölmələri çıxarılıb.

Sarkisyan Paşinyanla görüşü yarımçıq kəsdi

Bu gün səhər Ermənistan baş nazir Serj Sarkisyanla onun istefasını tələb edən etiraz hərəkatına rəhbərlik edən Nikol Paşinyanla danışıqları 3-4 dəqiqə çəkdi. Serj Sarkisyan danışıqları tərk etdi.

Sarkisyanla görüş haqqında şənbə axşamı Respublika meydanında Nikol Paşinyanla Ermənistan prezidenti Armen Sarkisyan arasında razılıq əldə edilmişdi.

Prezident Armen Sarkisyan Ermənistan baş naziri Serj Sarkisyanın istefasını tələb edən hərəkatın lideri Nikol Paşinyanla görüşmək üçün, Paşinyanın çağırışına əməl edərək, özü Respublika meydanına gəlmişdi. On minlərlə insan hər axşam burada mitinqə toplaşır.

Fotonun müəllifi AFP
Image caption Etriaz aksiyalarının iştirakçıları Serj sarkisyanın istefasını tələb edirlər.

Söhbətə Serj Sarkisyan başladı: "Şadam ki, mənim dialoqa çoxsaylı çağırışlarıma cavab verdiniz... Hər halda, şadam... ".

"Görünür, anlaşılmazlıq var. Çünki bu aksiya barədə danışarkən, mən mövqeyimizi çox aydın qeyd etmişəm ki, söhbət sizin təklif etdiyiniz mükalimədən deyil, bizim təklif etdiyimiz güdəlikdən gedir. Mən bura sizin istefanız və hakimiyyətin dinc və rahat şəraitdə ötürülməsinin şərtlərini müzakirə etməyə gəlmişəm. Mən sizi çağırıram..." - Paşinyan dedi, Serj Sarkisyan onun sözünü kəsdi və dedi ki, "bu, danışıq, dialoq olmadı".

Sarkisyan dedi: "Bu, sadəcə qanuni hakimiyyətə ultimatum, şantajdır. Siz məsuliyyət dərəcəsini anlamırsınız, martın 1-dən ciddi ibrət dərsi almayıbsınız... Və əgər belə tonda danışacaqsınız, mənə daha bir dəfə sizə məsləhət vermək qalır ki, qanun çərçivəsinə və ümumiyyətlə məntiqi danışıqlar çərçivəsinə gələsiniz. Əks təqdirdə, bütün məsuliyyət sizin üzərinizə düşür".

Fotonun müəllifi AFP
Image caption Serj Sarkisyan Paşinyanın səsləndirdiyi mövqeyi şantaj adlandırıb zalı tərk etdi.

Paşinyan dedi ki, heç kəs etiraz iştirakçıları ilə "hədələmə dili ilə danışa bilməz".

"Mən deyirəm ki, siz Respublikada yaranmış vəziyyəti təsəvvür etmirsiniz. Ölkədə vəziyyət sizin bildiyiniz 15-20 gün əvvəlki deyil, vəziyyət kəskin şəkildə dəyişib. Sizin Ermənistan Respublikasında sizə məruzə edildiyi kimi hakimiyyətə malik deyilsiniz. Ermənistan Respublikasında hakimiyyət xalqın əlinə keçib".

Sarkisyan "7-8 faiz səs alan fraksiyanın xalqın adından danışmağa haqqı yoxdur", və danışıqları davam etdirmək niyyətində olmadığını deyə, qalxıb getdi.

Artıq 10 gündür, Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir vəzifəsində hakimiyyətə qayıtmasına qarşı bütün respublikada "itaətsizlik aksiyaları" keçirilir. Etiraz aksiyalarına minlərlə tələbə qatılıb. Paşinyanın çağırışı ilə onlar körpü və yolları bağlayır, dövlət müəssisələrini mühasirəyə alır, hamını "Serj Sarkisyanın mafioz rejiminə qarşı dinc itaətsizlik tədbirlərinə" birləşməyə çağırırlar.

Paşinyanın sözlərinə görə, Serj Sarkisyan ölkədə vəziyyətə nəzarət etmir və onunla yalnız "onun dinc yolla hakimiyyətin təhvil verilməsi məsələsini" müzakirə etmək olar.

Fotonun müəllifi Getty Images

Bu barədə daha geniş