Kimdir? Nədir? Ermənistan

Qərbdən Türkiyə, şimaldan Gürcüstan və şərqdən Azərbaycan ilə əhatələnən Ermənistanın tarixi bir çox Avropa ölkələrindən də qədimdir.
Sovet İttifaqı dağıldıqdan sonra, 1991-ci ildə müstəqillik əldə edən Ermənistan ilə Azərbaycan arasında çox keçmədən Dağlıq Qarabağ vilayəti uğrunda qanlı münaqişə yaşanıb.
Xristianlığın ən erkən mədəniyyətlərindən biri sayılan Ermənistanda ilk kilsələrin əsası dördüncü əsrdə qoyulub. Sonrakı əsrlərdə ölkə Bizans, Fars, Monqol və Türk idarəsi altına düşüb.
FAKTLAR
Ermənistan Respublikası
Paytaxt: Yerevan
Əhalisi: 3.1 milyon
Ərazisi: 29.743 kvadrat kilometr
Əsas dillər: erməni, rus
Əsas din: Xristianlıq
Orta ömür: 71 yaş (kişilər), 77 yaş (qadınlar)
Əsas ixracat: almaz, maşın, qida məhsulları
BMT, Dünya Bankı
LİDERLƏR
Prezident: Armen Sarkisyan
Şəklin mənbəyi, Getty Images
Prezident Sarkisyan ölkədə məşhur şəxs hesab olunur
Armen Sarkisyan 2018-ci ilin martında ölkənin prezident quruluş sistemindən parlament sisteminə keçdiyi seçkidə prezident seçilib.
Cənab Sarkisyan 1996-cı ilin noyabrından 1997-ci ilin martına qədər baş nazir kimi çalışıb. Bundan əvvəl Birləşmiş Krallıqda səfir olub, sonra isə Avropada müxtəlif diplomatik postlarda işləyib.
2015-ci il referendumunda seçicilər Konstitusiyaya dəyişiklik edərək prezidentin səlahiyyətlərinin azaldılıb baş nazirə verilməsinə səs vermişdi. Tənqidçilər bunu prezidentlik müddəti bitməkdə olan Serj Sarkisyanın baş nazir kimi hakimiyyətini davam etdirmək niyyəti kimi qiymətləndirirdilər.
Serj Sarkisyan prezident kimi ikinci müddətini bitirdikdən sonra 2018-ci ilin aprelində baş nazir təyin edilir. Lakin bu, Ermənistanda son illərin ən böyük küçə etirazına səbəb olur.
Baş nazir: Serj Sarkisyan
Şəklin mənbəyi, (EMMANUEL DUNAND/AFP/Getty Images)
Serj Sarkisyan on ildən çoxdur ki, Ermənistan siyasətinə başçılıq edirdi
2018-ci ilin aprel ayında Ermənistanın hakim Ermənistan Respublikaçı Partiyası və onun müttəfiqləri prezident Serj Sarkisyanı yeni, güclü baş nazir postuna seçiblər.
10 il dövlət başçısı olduqdan sonra cənab Sarkisyanın hakimiyyətə davam etməsi qəzəbli müxalifətin küçə etirazları təşkil etməsinə səbəb olur.
Onun tərəfdarları iddia edirdilər ki, Ermənistanın cənab Sarkisyan tərəfindən təmin edilən təhlükəsizliyə ehtiyacı var.
Müxalifət isə bildirirdi ki, o, ölkənin Azərbaycan və Türkiyə ilə gərgin münasibətlərini həll edə bilməyib və eyni zamanda geniş yayılmış yoxsulluq və Rusiyadan asılılığa səbəb olub.
Dağlıq Qarabağ müharibəsinin veteranı olan Serj Sarkisyanın hakimiyyətinə qarşı təhlükənin olmadığı hesab edilirdi, xüsusən də 2016-cı ilin iyul ayında polis idarəsinin ələ keçirilməsinə cəhd hadisəsinin yatırılmasından sonra.
Onun prezidentlik dövründəki siyasətini baş nazir kimi də davam etdirəcəyi gözlənilirdi.
Ancaq millət vəkili Nikol Paşinyanın başçılıq etdiyi kütləvi etiraz aksiyalarından sonra Serj Sarkisyan aprelin 23-də istefaya getməyə məcbur olub.
MEDIA
Televiziya Ermənistanda əsas media platformu hesab edilir. Ölkədə iki ictimai televiziya şirkəti ilə yanaşı 25 özəl televiziya kanalı fəaliyyət göstərir. Həmçinin Rusiyanın əsas TV kanalları da geniş ictimaiyyət üçün açıqdır.
Ermənilərin çox az bir qismi xəbər mənbəyi kimi qəzetlərə etibar edir. Qəzetlər kiçik, bir neçə min tirajla çap edilir və əsasən varlı şəxslər və ya siyasi partiyaların nəzarətindədir.
Mətbuat haqqında qanun senzuranı qadağan edib. Lakin şər və böhtan xarakterli yazılara görə bir neçə jurnalist həbs edilib.
XRONOLOGİYA
Ermənistan tarixində əsas hadisələr:
1915 - 1917 - 600 minlə 1.5 milyon arasında erməni qətlə yetirilib və ya Anadoludakı tarixi torpaqlarından indiki Suriyaya köçürülüblər. Ermənistan bunu soyqırım hesab edir, Türkiyə isə bunu qəbul etmir.
1918 - Çar Rusiyası dağıldıqdan sonra Ermənistan müstəqilliyini elan edir.
1922 - Ermənistan Sovet İttifaqına daxil olur.
1989 - Dağlıq Qarabağ üzərində münaqişə başlanır. 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə atəşkəs imzalansa da, sülha nail olunmur və fasilələrlə döyüşlər davam edir.
1991 - Ermənistan Sovet İttifaqından ayrılır.
2009 - Ermənistan və Türkiyə diplomatik əlaqələrin normallaşdırılması ilə bağlı ilkin yol xəritəsinə razılaşsa da onu təsdiqləmək mümkün olmur.
2015 -Ermənistan rəsmən Rusiyanın rəhbərlik etdiyi Avrasiya Gömrük İttifaqına qoşulur və Aİ Assosiasiya Sazişini imzalamaqdan imtina edir.