Ermənistanda "məxməri inqilab" bircə güllə atmadan necə qalib gəldi?

Nikol Paşinyan tərəfdarları Fotonun müəllifi AFP
Image caption Etirazçılar Serj Sarkisyanın prezidentlikdən Baş nazir vəzifəsinə transferi ilə razılaşmayıblar.

Ermənistanda dinc etirazlar Ermənistanı dəyişikliyin astanasına gətirdi.

Burada inqilabın lideri, müxalif siyasətçinin Baş nazir vəzifəsinə namizədliyi çərşənbə axşamı parlamentdə səsverməyə çıxarılıb.

42 yaşlı Nikol Paşinyan "Mənim addımım" hərəkatına Ermənistanın əhəmiyyətcə ikinci şəhəri olan Gümrüdən martın 31-də başlayıb.

O zaman onun ətrafında yalnız 20-30 nəfər var idi və onlar əsasən jurnalistlər idi.

Deputat və keçmiş jurnalist aprelin 13-də paytaxt Yerevana çatanda onun hərəkatına qoşulanların sayı minlərlə idi.

1991-ci ildə Sovet İttifaqı dağılandan bəri ilk dəfədir ki, ermənilərin çoxu gələcəyin indikindən daha yaxşı olacağına inanmağa başlayıblar.

Küçənizdəki kiçik mağazada işləyən satıcı şkafı açıb oradan milli bayrağı çıxarırsa və etirazlara bununla dəstək göstərirsə, o zaman ölkədə nəyinsə kökündən dəyişdiyini anlayırsan.

Elə 17 yaşlı şagird, daha yaxşı təhsil sistemi istədiyi üçün məktəbdəki dərslərdən qaçıb iki həftə nümayişlərdə iştirak edirsə, ucqar bir kəndin sakinləri nəhayət səslərinin eşidildiyini hiss edirsə və 12 yaşlı uşaqlar yolları bağlayıb vətəndaş itaətsizliyində iştirak edirsə, bu da hər şeyin dəyişməsinin göstəricisidir.

Fotonun müəllifi Reuters
Image caption Nikol Paşinyan deyib ki, Ermənistanda korrupsiyanın kökünü yalnız o kəsmək gücündədir və azad seçkilərin keçirilməsinə nail ola bilər.

"Biz bundan əvvəl dəfələrlə etiraz etməyə cəhd göstərmişik, lakin həmin etirazlar dəyişikliyə gətirib çıxarmadı və insanlar ümidlərini itirdi", - Meğri Gabrelian adlı yerli sakin deyir. - İndi isə vəziyyət fərqlidir, çünki, heç olmasa, bu dəfə bizi arxasınca aparan bir adam var.

Ermənistan inqilabı necə inkişaf etdi?

13 April - Nikol Paşinyanın 14 gün davam edən etiraz yürüşü Yerevana çatanda minlərlə adam küçələrə çıxır.

17 April - Etirazlar hər gün davam edərkən, ikidövrlük prezidentlik müddəti bitəndən 1 həftə sonra Serj Sarkisyan Ermənistan parlamenti tərəfindən Baş nazir seçilir.

22 April - Baş nazir Serj Sarkisyanla danışıqları baş tutmadıqdan sonra Nikol Paşinyan həbs olunur.

23 April - Əsgərlər etirazçılara qoşulur. Nikol Paşinyan azadlığa buraxılır və Serj Sarkisyan vəzifəsindən istefa verərək etiraf edir: "Mən səhv edirdim".

27 April - Baş nazir vəzifəsini icra etməyə təyin olunmuş Karen Karapetyan yeni danışıqlardan imtina edir.

29 April - Hakim partiya bəyan edir ki, müxalifət liderinə rəqabət təşkil etmək üçün öz namizədini irəli sürməyəcək.

Fotonun müəllifi Reuters
Image caption Paşinyanla görüşü zamanı Serj Sarkisyan istefasını müzakirə etmək təklifini rədd etdi.

Etiraz niyə başlayıb?

2008-ci ildə Serj Sarkisyan hakimiyyətə prezident qismində gələrkən hökümət əleyhinə etirazlar zorakı üsulla dağıdıldı, nəticədə azı 10 nəfər öldü.

Onun iki prezidentlik müddəti 10 il çəkdi.

Onun ikinci prezidentlik müddəti bitəndən sonra Serj Sarkisyan Baş nazir vəzifəsinə keçməli idi.

2015-ci ildə konstitusiyaya edilmiş dəyişiklərə əsasən Ermənistanda Baş nazirin səlahiyyətləri xeyli gücləndirilmişdi.

Bu, yanlış addım idi, çünki ermənilər bu yerdəyişməni 3-cü prezidentlik dövrünə arxa qapıdan edilmiş gediş kimi başa düşdülər.

On minlərlə insan, əsasən tələbələr, küçələrə çıxaraq "Serji rədd etmək üçün addım at" şüarı qaldırdılar.

"Etirazçıların çoxu tələbələrdir. Bu tələbələr Sovet təbliğatı dövründə böyüməyiblər, onlar daha azaddır və öz hüquqularını daha azad şəkildə tələb edirlər", - etirazçılardan biri, IT mütəxəssisisi Ruben Elanakyan deyir.

Bu, Rusiyanı rədd etmək deməkdirmi?

Burada baş verənlərin çoxu, Rusiyanın hadisələrə susqun reaksiyası da daxil, keçmiş Sovet İttifaqı məkanı üçün görünməmiş bir presedentdir.

Rusiya burada hərbi bazaya malikdir, Türkiyə ilə sərhədə nəzarət edir. Ermənistan prezident Vladimir Putinin Avrasiya İqtisadi İttifaqı və Rusiya başda olmaqla regional hərbi alyansın üzvüdür.

Ermənistan Azərbaycanla Dağlıq Qarabağa görə münaqişə vəziyyətindədir və təhlükəsizlik məsələsində Rusiyadan asılıdır.

Beləliklə, 2,9 milyon əhalisi olan Ermənistana Rusiyanın təsiri böyükdür.

Nikol Paşinyan Rusiya parlamenti üzvləri ilə görüşdə Rusiya ilə əlaqələri dərinləşdirməyə söz verib. Eyni siyasəti o, Avropa İttifaqı, ABŞ və Çinlə münasibətlərdə də yürüdəcəyini deyib.

Serj Sarkisyanın prezident Putinin müttəfiqi sayılmasına baxmayaraq, Ermənistandakı Məxməsi İnqilabın rəhbəri bəyan edib ki, Rusiya hadisələrə müdaxilə etməyəcəyini vəd edib.

Bu, Gürcüstanda 2003-cü ilin Qızılgül İnqilabı və 2004-cü ildə Ukraynadakı Narıncı İnqilab ilə kəskin təzad təşkil edir.

"Bu, rəngli inqilab deyil, - Russia in Global Affairs jurnalının redaktoru Fyodor Lukyanov deyir. - Hamı anlayır ki, bu böhranın yerli səbəbləri var, həmin səbəblər Ermənistanın daxilindədir, postsovet məkanında baş vermiş bundan əvvəlki digər hallarda isə xaricdən müdaxilə aydın görünürdü".

Rusiya anlayır ki, hazırki demokratik hərəkat qalib gəlsə də, Ermənistan öz tarixinin daha az korrupsiyalı səhifəsini açsa da, ölkənin Moskvadan iqtisadi və hərbi asılılığında dəyişiklik baş verməyəcək.

Bu barədə daha geniş