Ayətullah Əli Xameneyi onu tənqid edən tələbəyə cavab verdi

Kollaj Fotonun müəllifi KHAMENEI.IR
Image caption Əli Xameneyinin Twitter saytında görüş barədə məlumat yerləşdirilib

İranda Ali dini liderlə tələbələr arasında təşkil edilmiş görüş vaxtı tələbələr ölkədəki vəziyyətlə bağlı tənqidi çıxışlar ediblər, yerli media xəbər verir.

Tədbir bazar ertəsi Tehran şəhərində keçirilib.

İran mediası görüş vaxtı Əli Xameneyi qarşısında çıxış edən Səhər Mehrabinin Ayətullaha dediklərini işıqlandırıb.

Səhər Mehrabi ölkədəki siyasi, iqtisadi və sosial vəziyyəti tənqid edərkən bilavasitə Ali rəhbərin tabeçiliyində olan qurumların ictimai nəzarətdən kənarda qaldığını deyib.

İranın Ali dini rəhbəri tənqidi qismən qəbul etsə də, İranın siyasi sistemini müdafiə edib.

Səhər Mehrabinin toxunduğu mövzular çoxdandır ki, səslənir, lakin onların Ali dini rəhbər qarşısında qaldırılması nadir haldır, BBC News Farsca xəbər verir.

Əli Xameneyiyə müraciətində xanım Mehrabi, o cümlədən təbəqələr arasında bərabərliyin pozulması, hakimiyyətə etimadın azalması, ekoloji böhran, korrupsiya və işsizlik kimi mövzulara toxunaraq deyib ki, bu cür halların yayılması ictimai həmrəyliyə dağıdıcı təsir göstərir.

Tələbənin sözlərinə görə ifadə azadlığına hücumların artması, media süzgəcləri və informasiyaya giriş məhdudiyyətləri vətəndaşları qanuni etiraz vasitələrindən məhrum edib.

O deyib ki, "sağlam, bitərəf və müstəqil" ədliyyə sisteminin yaradılması ilə insanların öz müqəddəratını müəyyənləşdirmək haqqı tanınmalıdır.

Fotonun müəllifi KHAMENEI.IR
Image caption Səhər Mehrabi ekoloji böhran, korrupsiya və işsizlik kimi problemlərin cəmiyyətə təsiri barədə danışıb

Səhər Mehrabi Ali rəhbərin tabeçiliyində olan İnqilab Keşikçiləri Korpusu, Ədliyyə sistemi və Televiziya kimi qurumların ictimai nəzarət edilmədiyini deyib.

Tələbənin qaldırdığı məsələlərə münasibət bildirən Əli Xameneyi problemlərin mövcudluğundan xəbərdar olduğunu deyib.

O, tabeçiliyindəki qurumların fəaliyyətilə bağlı deyilən bəzi tənqidləri qəbul edib.

Bu səpkidə danışan Əli Xameneyi müxtəlif mövzularda Dövlət Televiziyasının mövqeyi ilə razılaşmadığını etiraf edib.

"Mən Dövlət televiziyası və Ədliyyə sisteminin başçılarını təyin etsəm də, onları idarə etmirəm", Əli Xameneyi deyib.

İRNA agentliyinə əsasən, Ali dini rəhbər deyib ki, problemlərin aradan qaldırılması asan deyil və gənclərin istəklərini yerinə yetirmək üçün mövcud reallıqlar nəzərə alınmalıdır.

O, dövlət aparatına "inqilabi ruhlu" gənclərin cəlb olunmasını problemin həlli kimi gördüyünü deyib.

Bununla yanası Əli Xameneyi mövcud siyasi sistemin sərt tənqidini rədd edərək "İrandakı əsl demokratiyanın diktatorluq" adlandırılmasına etirazını bildirib.

Bu barədə daha geniş