İranlı qadınların hicablarını çıxartdıqdan sonra yaşadıqları

Masih Alinejad Fotonun müəllifi Masih Alinejad
Image caption Məsih Əlinecadın hərəkatı körükləyən şəkli

İranlı Məsih Əlinecadın ölkəsində qadınlar üçün məcburi sayılan hicab və ya baş örtüsünə qarşı başlatdığı hərəkatdan artıq beş il ötür. Sürətlə sosial mediada yayılan və küçə nümayişlərinə qədər genişlənən hərəkata indiyədək minlərlə qadın qoşulub. Bəs hərəkat məqsədinə nail olmağa yaxındırmı?

Hər şey əslində zərərsiz bir hərəkətlə başlayıb: İranın bir dağ yolunda maşınını idarə edən bir qadın saçına toxunan küləyin gətirdiyi azadlıqdan həzz alır.

Bu, əksər qadınlar üçün adi hal olsa da, 1979-cu ildə baş verən İslam İnqilabından sonra İran qadınları üçün əlçatmaz bir şeyə çevrilib. Məsih Əlinecad isə beş il əvvəl bu formada şəklini çəkib və sosial mediada paylaşıb.

O, bu addımı ilə digər qadınları da azad şəkildə gizli anlarını paylaşmağa həvəsləndirib. Nəticədə Məsih ölkənin hər bir yanından qadınların göndərdiyi şəkil "bombardmanına" tutulub.

Beləliklə, məcburi baş örtüsünə qarşı #MyStealthyFreedom (#MənimGizliAzadlığım) adlı sosial media hərəkətı başlayıb.

Fotonun müəllifi My Stealthy Freedom
Image caption Kampaniya nəsil sərhədlərini aşmağı bacarıb

O vaxtdan bu yana başqa həştəqli hərəkatlar da yaranıb: #whitewednesdays-dan tutmuş (#ağçərşənbələr), #girlsofenghelabstreet (#enghelabküçəsininqızları) və #mycamreismyweapon-a (#kameramsilahımdır) qədər.

Məsihin artıq 2.5 milyondan çox izləyicisi var və o, İran hərəkatının gücü hesab olunur.

Onlayn təhdidlər

"Saçıma Toxunan Külək" (The Wind in My Hair) adlı kitabında Məsih İranın şimalında yerləşən kiçik bir kənddə mühafizəkar müsəlman ailəsində böyüməsindən söz açır.

Məsih ailə üzvləri arasında belə saçını örtməli olurmuş. Qadınlara qarşı mədəniyyətinə bağlı haqsızlıq barədə onda kəskin hisslər yaranmaya başlayır.

O, "səs haqqı olmayan insanlara haqq tanımaq" istəyindən bəhs edir. Çünki İrandakı həyatı zamanı "özü də səssiz" olub.

Kampaniyası ona heç də ucuz başa gəlməyib.

2009-cu ildən bəri ABŞ-da sürgün həyatı yaşayan Məsih həbs qorxusundan İrana səyahət edə bilmir. Valideynlərinə ölkədən çıxmaq qadağası qoyulub və atası onunla danışmır. Məsih deyir ki, atası dövlət agentləri tərəfindən yoldan çıxarılıb.

Ölüm təhdidləri isə Məsih üçün artıq gündəlik adi haldır.

O deyir ki, bu yaxınlarda Facebook üzərindən məşhur Bəsicidən - hökumət yönlü könüllü hərbiçi - məktub alıb. Məktubda yazılıb: "Səni doğrayacağam... Bədənini tikələyib, ailənə göndərəcəyik."

Fotonun müəllifi AFP
Image caption Mühafizəkarlar İran hökumətini geyim kodu tətbiqinə səsləyir

Hərəkata başladığına görə peşman olub-olmadığını soruşuram: "Qətiyyən," o cavab verir.

"Onlar 40 il qadın haqları haqqında danışmaq üçün doğru zaman olmadığını deyiblər, amma indi qadınları idarə edə bilməzlər.

"Bütün hökumət məcburi hicabdan danışır, bu da həmin qadınların gücünü göstərir."

Sərt təzyiq

Hakimiyyətin reaksiyası isə sərt olub.

2017-ci ilin dekabrından bəri tək paytaxt Tehranda 35 qadın etirazçı həbs edilib. Polis hicaba qarşı etirazda iştirak edən qadınların 10 ilə qədər həbs olunacağı barədə xəbərdarlıq edib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İranın hicab etirazları: İnqilab Küçəsinin Qızları

Bir qadın isə aprelin sonunda qadın əxlaqı polis nəfəri tərəfindən tutulub və şillələnib. Buna səbəb isə onun boş hicabı olub. Bənzəri hal heç də nadir hadisə sayılmır.

Fərq ondadır ki, bu dəfə hadisə lentə alınıb və Məsih Əlinecadın Instagram hesabında paylaşılıb. Videoya 3 milyondan çox insan baxıb və 30 mindən çox şərh yazılıb.

İnsident beynəlxalq səs-küyə səbəb olub. Hətta İranın Qadın İşləri üzrə vitse-prezidenti Məsumə Ebtekar da şiddəti pisləyib.

"Bu davranışa necə haqq qazandırmaq olar?" o, Twitter-də yazıb.

"İnsan ləyaqəti"

Nilufər (əsl adı deyil) icbari hicaba qarşı etirazına görə həbsdə olub. O, təcridxanada saxlanıldığını, işgəncə və döyülməyə məruz qaldığını deyir.

Hələ də İranda yaşayan və Məsihin hərəkatının aktiv üzvü olan Nilufərə görə, hakimiyyətin hərəkətə keçməsi üçün sadə insanlar bir araya gəlməlidir.

"Sosial media insanları senzuraya qarşı çıxmağa ilhamlandırır".

"Mən həmişə deyirəm ki, söhbət niqab geyinib, saçımızı örtməkdən getmir, insan kimi ləyaqətimizdən gedir," o əlavə edir.

Nilufər inanır ki, "keçən il başlayan Ağ Çərşənbələr hərəkatından bəri qadınlar daha açıq və cəsarətli olublar".

Bu, Məsihə İranda fərq yarada bilməsi ilə bağlı ümid verir və o inanır ki, real dəyişiklik uzaqda deyil.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İranda 35 illik məcburi hicab

"Bu qadınlar hicab qanunlarının aradan qaldırılmasını gözləmirlər, onlar özləri bunu edirlər," o deyir.

Londonda yaşayan yazıçı və mədəni tənqidçi Şiva Rahbarana görə, İran hakimiyyəti artan trendin qarşısını ala bilmir.

"İslam İnqilabından sonra, qadın müqavimətinə qarşı bütün səylər paradoksal olaraq onu yalnız gücləndirib və genişləndirib," o söyləyir.

"Dünyəvi orta sinfə mənsub qadınlar tərəfindən başlayan etiraz hərəkatı, artıq əvvəllər islamçı rejimin onurğa sütunu sayılan daha kasıb, dini sosial təbəqələr arasında da yayılıb."

Sosial medianın qlobal gücü məsələnin elə-belə ötüşməyəcəyindən xəbər verir.

"İranda qadınlara qarşı haqsızlıq tezliklə bitməyəcək, amma gələcəkdə hər bir qadın haqqını tələb edəcək qədər cəsarətli olan zaman, onlar da bizim haqqımızı qəbul etməli olacaqlar", - Nilufər deyir.

Bu barədə daha geniş