Prezidentlik hakimiyyət sisteminin ilk lideri Erdoğan

Türkiyə, seçkilər, Erdoğan, prezident seçkiləri, türkiyə seçkilər Fotonun müəllifi EPA
Image caption Prezident Recep Tayyip Erdoğan

24 iyun bazar günü Türkiyə 13-cü prezidentini və 27-ci çağırış millət vəkillərini seçmək üçün seçkiyə gedib.

Anadolu Agentliyinin xəbərinə görə, səslərin 99 faizindən çoxu açıqlanıb.

Seçkilərin hələ rəsmi olmayan nəticələrinə görə, Recep Tayyip Erdoğan səslərin 52,5%-ni qazanaraq yenidən prezident seçilib.

Beləliklə, Erdoğan bu seçkilərdən sonra Türkiyədə hakimiyyət quruluşu dəyişməsiylə seçilən ilk prezident olub.

Prezidentlik yarışında Erdoğanın rəqibi olan CHP-nin prezidentliyə namizədi Muharrem İnce səslərin 30,6%-nı yığıb.

Həbsdə olan prezidentliyə namizəd Selahettin Demirtaş 8,3, Meral Akşener 7,3, Temel Karamanoğlu 0,8 və Doğu Perinçek 0,2 % səs toplayıb.

Parlamentdə yerlərin bölgüsü

AKP və MHP-dən ibarət olan Cumhur İttifaqı millət vəkili seçkilərində səslərin 53,6%-ni toplayaraq parlamentdə çoxluq qazanıb.

CHP, İYİ Parti və Saadet Partiyasından ibarət olan Millət İttifaqı isə səslərin 34%-ni toplayıb.

HDP isə 10%-lik baryeri keçərək 11,6% səs toplaya bilib və parlamentdə 67 millət vəkili ilə təmsil oluna bilib.

Fotonun müəllifi Getty Images

"Yeni sistemi sürətlə həyata keçirəcəyik"

Prezident Recep Tayyip Erdoğan seçki zəfərinin ardınca ilk açıqlamasında "Türkiyə seçkidə iştirakda 90%-ə yaxın nəticə göstərməklə dünyaya demokratiya dərsi verib" deyib.

Bu seçkilərlə yeni sistemin də tətbiq ediləcəyini xatırladan Erdoğan "Yeni sistemi sürətlə və ən yaxşı halda həyata keçirəcəyik" deyib.

Bahçeli: MHP həlledici partiya olub

AKP ilə birlikdə Cumhur İttifaqında olan Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli "Bu gün Cumhur İttifakının zəfərini qürurla, şərəflə, rahat bir vicdanla anlayıb və ifadə edirik" deyib.

Bahçeli MHP Mərkəzi qərargahında verdiyi açıqlamada Türkiyənin rəsmən prezidentlik idarə üsuluna keçdiyini, Erdoğanı ürəkdən təbrik etdiyini söyləyib.

"Türk milləti milliyyətçi hərəkatı Türkiyə Böyük Millət Məclisinin həm həlledici partiyası edib, həm də ona müvazinəti saxlamaq kimi əhəmiyyətli bir vəzifə yükləyib", Bahçeli deyib.

İnce sosial mediada tənqid olunub

Səs vermə prosesinin başa çatmasından sonra CHP nümayəndələri seçicilərin və müşahidəçilərin seçki qutularının yanından getməmələri ilə bağlı çağrış edib.

CHP rəhbərinin müavini və sözcüsü Bülent Tezcan ilk açıqlamasında prezident seçkisinin ikinci tura qaldığını iddia edib.

CHP-nin prezidentliyə namizədi Muharrem İnce əvvəlcə Türkiyə Mərkəzi Seçki Komissiyasının nəticələri açıqlamasından sonra çıxış edəcəyini desə də, sonradan bu çıxışı bazar ertəsinə keçirib.

Muharrem İncenin Erdoğanın zəfərini FOX TV-dən jurnalist İsmail Küçükkayaya göndərdiyi mesajla qəbul etməsi isə sosial mediada diqqət çəkib.

Fotonun müəllifi DHA

Urfada qanun pozuntusu iddiaları

Seçkilərdə ən çox qanun pozuntusu iddiaları Şanlıurfadan gəlib.

CHP-dən milət vəkili Eren Erdem Twitter hesabında yazıb ki, qanun pozuntusu səbəbindən 100 seçki qutusu ləğv edilib.

İYİ partiya nümayəndələri Erzurumda Karaçoban bölgə sədri Mehmet Sıddık Durmazın güllələnərək öldürüldüyünü açıqlayıb.

Doğan xəbər agentliyinin məlumatına görə, Durmazla yanaşı 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Xəbərdə qan davası olan iki ailə arasında atışma baş verdiyi bildirilib.

Anadolu Agentliyi hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi xəbərini yayıb.

Seçkiləri 8 təşkilatdan 415 beynəlxalq müşahidəçi izləyib.

Müşahidəçi təşkilatlar sırasında ATƏT və ATƏT Parlament Assambleyası da olub.

Bu barədə daha geniş