Erdoğanla Azərbaycan əlaqələrinin qısa tarixçəsi

İlham Əliyev (solda) və Recep Tayyip Erdoğan (sağda) Fotonun müəllifi Getty Images
Image caption İlham Əliyev və Recep Tayyip Erdoğan

2002-ci ildən etibarən müxtəlif vəzifələrdə Türkiyənin idarə edən Recep Tayyip Erdoğan keçən il prezident seçilməklə növbəti müddətə hakimiyyət başında qalmaq imkanını qazanıb.

Bu dövrdə onun Türkiyə-Azərbaycan əlaqələrinin formalaşmasında xüsusi rolu olub. BBC News Azərbaycanca bu kifayət qədər uzun dövrün qısa tarixçəsini sizə təqdim edir.

2002-ci ilin noyabr ayında Heydər Əliyev, Recep Tayyip Erdoğana zəng edərək, onu təsis etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edir.

Erdoğan bildirir ki, AK Partiyası Azərbaycanla ikitərəfli əlaqələrin təkmilləşdirilməsini və Azərbaycanı Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə yönəlmiş addımları dəstəkləyəcək.

2003-cü ilin yanvar ayında, Recep Tayyip Erdoğan Azərbaycana səfərdə olur, prezident Heydər Əliyev və Baş nazir Artur Rasızadə ilə görüşür.

Jurnalistlər ona sual verir: Siz Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin qənaətbəxş olduğunu düşünürsünüzmü?- Erdoğan: Biz onları qənaətbəxş saymırıq.

Biz onları qane edən səviyyəyə qaldırmalıyıq. - Bəs münaqişə?- Dağlıq Qarabağa gəldikdə biz ATƏT Minsk Qrupunun fəaliyyətinin davam etməsinin tərəfdarıyıq.

Hazırda biz Azərbaycan prezidentinin Ermənistanla danışıqlarını dəstəkləyirik. Bu danışıqlar davam edib müsbət nəticə verməlidir.

O bildirir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyəcək.

Səfərində Azərbaycanda keçirilən biznes forumda iştirak edən Erdoğan Türkiyə iş adamlarını Azərbaycana investisiya qoymağa çağırır.

Erdoğan: "Əl-ələ verib işləyirik ki, Qafqazda güclü bir qüvvə yarada bilərik. Buna nail olmaq üçün biz əl-ələ gedərək həmrəyliyimizi nümayiş etməliyik".

14 aprel, Bakı Tbilisi Ceyhan neft kəmərinin Türkiyədəki tikintisini gecikdirən qanuni məhdudiyyətlərin mümkün olaraq sürətlə həllinə vəd edir.

Heydər Əliyev aprelin 21-i televiziyada çıxış edərkən yıxılır və onun səhhəti pisləşir. Mayın 3-ü, o, Türkiyənin Gülhane hərbi xəstəxanasına köçürülür.

Baş nazir Erdoğan gün ərzində bir neçə dəfə xəstəxanaya zəng edərək Heydər Əliyevin səhhəti barədə məlumat alır.

10 May - Erdoğan Heydər Əliyevlə xəstəxanada görüşür.

Avqust ayında Erdoğan İlham Əliyevi Baş nazir təyin olması ilə təbrik edir.

Avqustun 6-sı İlham Əliyev, Recep Tayyip Erdoğanın dəvətilə Türkiyəyə ödənişsiz məzuniyyətə gedir.

Avqustun 15-i İlham Əliyev Recep Tayyip Erdoğana, partiyasının ildönümü ilə təbrik məktubu yazır:

"Əziz Baş nazir,

Əziz Qardaş,

Mən səni və partiyanın bütün üzvlərini, təsis və rəhbərlik etdiyin Ədalət və İnkişaf Partiyasının 2-ci ildönümü münasibətilə səmimiliklə təbrik etmək istəyirəm.

Mən əminəm ki, Türkiyə və Azərbaycanın ən güclü partiyaları, Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası bizim qardaş və yoldaş olan ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafına kömək edəcək.

Sənə can sağlığı, xoşbəxtlik, və qardaş Türkiyənin uğuru uğrunda gördüyün işlərdə böyük müvəffəqiyyətlik arzulayıram.

Hörmətlə,

İlham Əliyev, Azərbaycan Respublikasının Baş naziri, Yeni Azərbaycan Partiyasının birinci sədr müavini"

Sentyabrın 5-i İlham Əliyev Baş nazir olaraq xaricə ilk səfəri üçün Türkiyəyə gedir.

16 oktyabrda Erdoğan İlham Əliyevi prezident seçilməsilə təbrik edir.

Bakıda İlham Əliyevin prezident seçilməsinə qarşı etiraz aksiyalarına həyatlarını itirmiş etirazçılar barədə suala Erdoğan belə cavab verib:

"Təəssüf ki, seçkilərdə bu cür hadisələr baş verir. Çox kədərləndiricidir. Biz ümid edirik ki, Azərbaycan bu cür çətinliklərlə üzləşməyəcək və gələcəyə əminliklə, qanunun aliliyi üzərində qurulmuş demokratik və dünyəvi bir ölkə olaraq addım atacaq".

Dekabrın 15-i Recep Tayyip Erdoğan Heydər Əliyevin yas mərasimində iştirak edir.

Fotonun müəllifi Getty Images
Image caption Sabiq prezident Heydər Əliyev Türkiyədə müayinə olunarkən, Recep Tayyip Erdoğan onu ziyarət etmişdi

2004

Recep Tayyip Erdoğanın ABŞ-a səfərindən sonra Türkiyə-Ermənistan sərhədinin açılması gündəmə çıxır. Avropa İttifaqı da, bu məsələni həll etmək üçün quruma üzvlüyə çalışan Türkiyəyə təzyiq göstərir.

24 mart 2004-cü ildə, bu barədə jurnalistlərin suallarını cavablandıran prezident İlham Əliyev deyir ki, "Mən müxtəlif tərəflərlə görüşlərimdə dəfələrlə demişəm ki, Türkiyə Ermənistanla sərhədini açsa, Dağlıq Qarabağ münaqişəsinin həlli ümumiyyətlə mümkün olmayacaq... əgər müxtəlif tərəflər problemin sülh yolu ilə həllini istəyirsə Türkiyəni təzyiqə məruz qoymamalıdırlar".

15 aprel Türkiyəyə səfərindən qayıdan İlham Əliyev, Türkiyə-Ermənistan sərhədinin açılmayacağını bildirib.

O, həmçinin qeyd edir ki, əgər Kıprin birləşməsi üzrə adanın cənubunda keçirilən referendumda, bu təklif rədd olunarsa, Azərbaycan şimali Kiprin müstəqilliyini tanıyacaq.

Iyun ayında NATO sammitində Erdoğan Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə görüşür. Ermənistan Türkiyə ilə əlaqələrini yaxşılaşdırmaq niyyətində olduğunu bildirir.

2005

Yanvar ayında Moskvaya səfərdə olarkən, Recep Tayyip Erdoğan Vladimir Putinlə Qarabağ münaqişəsini müzakirə edir.

Mayın 9-u Baş nazir Erdoğan Moskvaya səfərdə olarkən deyir ki, "Əgər Ermənistan öhdəliklərini yerinə yetirərsə, Türkiyə regionda balans yaratmaq, problemlərin davamlı və ədalətli həllinin əldə edilməsi üçün lazım olan tədbirləri həyata keçirəcək".

İyunun 29-u Erdoğan Azərbaycana səfərə gəlir və Türkiyənin Azərbaycana səfirliyinin yeni binasının təməlqoyma mərasimində iştirak edir.

Səfəri vaxtı, Erdoğan Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mövqeyinin Azərbaycanla eyni olduğunu bildirir. İlham Əliyev isə Şimali Kiprin beynəlxalq izolyasiyadan çıxmasına kömək edəcəyini bildirir.

Iyul ayında prezident İlham Əliyev beynəlxalq qanun tərəfindən tanınmamış Şimali Kipr Türk Respublikasına səfərdə iştirak edir. Ayın 27-dən etibarən Şimali Kiprlə Azərbaycan arasında birbaşa aviareyslər açılır.

2006

İyulun 13-ü Baş nazir Erdoğan və prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimində iştirak edir.

Fotonun müəllifi Getty Images

2007

Fevralın 7-si Gürcüstan, Azərbaycan və Türkiyə arasında yeni dəmir yolunun tikilməsinə dair razılıq imzalanır. Prezident Erdoğan, dəmir yolunun 2010-cu iləcən tikiləcəyini bildirir. Türkiyənin dəstəyilə tikilən bu dəmir yolu Ermənistandan yan keçməklə, bu ölkənin iqtisadi izolyasiyasını artırır.

Martın 9-u Bakıda keçirilən tədbirdə Baş nazir Erdoğan, prezident İlham Əliyev və digər Azərbaycan rəsmilərilə görüşlərdə iştirak edir və İlham Əliyevi tədbirə Şimali Kiprin prezidenti Mehmet Ali Talatı da dəvət etdiyinə görə təşəkkür edir.

İyulun 23-ü Baş nazir Erdoğanın partiyası seçkilərdə bir daha qalib gəlir. İlham Əliyev onu təbrik edir.

Noyabrın 17-i Bakıda səfərdə olarkən, Baş nazir Erdoğan Qarabağ münaqişəsini "Türk millətlərinin qanayan yarası" adlandırır və regionda sülh və inkişaf naminə işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsinə çağırır.

2008

Fevralın 9-u Münhen Təhlükəsizlik Konfransında iştirak edərkən, Ermənistanın xarici işlər naziri, Vardan Oskanyan, Recep Tayyip Erdoğana deyir ki, Ermənistan-Türkiyə sərhədini bağlı saxlamağa heç bir səbəb yoxdur. Türkiyə Baş naziri Ermənistan nazirinin sualını cavablandırmır.

2009

Aprel ayında Türkiyə və Ermənistan arasında əlaqələrin təkmilləşdirilməsinə dair planın hazır olduğu açıqlanır.

Buna etiraz edən Ermənistan Daşnak Partiyası hakimiyyətdəki koalisiyadan çıxmaq qərarını verir.

Türkiyə Milli Məclisində, millətçi müxalifət lideri Devlet Bahçeli millət vəkillərinin danışıqlar barədə məlumatsız olduğundan şikayətlənir və bu razılığın Baş nazir Erdoğanın hakimiyyətinin təşəbbüsü olduğunu qeyd edir.

May ayında Azərbaycan və Rusiyaya səfərində Erdoğan bəyan edir ki, Türkiyə-Ermənistan sərhədinin bağlı olması Dağlıq Qarabağın işğal altında qalmasının nəticəsidir.

Oktyabr ayında Türkiyə və Ermənistan xarici işlər nazirləri, Ahmet Davutoğlu və Eduard Nalbandyan İsveçdə "Sürix" protokolları adlı razılığa imza atırlar. Razılıq Türkiyə-Ermənistan sərhədinin açılmasını nəzərdə tutur.

2010

Aprel ayında Ermənistan Sürix protokollarının dayandırıldığını bildirir. Erdoğan isə razılığın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən asılı olduğunu bəyan edir. Bununla da, Ermənistanla Türkiyə arasında əlaqələrin normallaşmasına səylər nəticəsiz başa çatır.

Avqust ayında İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül və Baş nazir Recep Tayyip Erdoğanla Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişini imzalayır. Sazişə əsasən, tərəflər hərbi hücum olarsa, hücuma məruz qalmış ölkəyə "bütün imkanların istifadəsilə" dəstək göstərəcək.

2012

İyunun 26-sı İlham Əliyevlə Recep Tayyip Erdoğan TANAP qaz borusunun tikintisinə dair razılığı imzalayırlar. Çıxışlarında iki lider bir-birilə sıx əlaqələri nümayiş edib, ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdiyini bildirirlər.

2013

Noyabr ayında Prezident Əliyev və onun yoldaşı - Mehriban Əliyeva Ankaraya rəsmi səfər vaxtı Baş nazir Erdoğan və onun yoldaşı Eminə ilə birlikdə nahar edirlər.

2014

Fevral ayında Erdoğanın Ədalət və İnkişaf Partiyası və Fethullah Gülen arasında yaranan mübahisələr Recep Tayyip Erdoğan və onun oğluna aid olduğu iddia edilən sızılmış telefon söhbəti bu mübahisələrin ən kəskin anına çevrilir.

Aprel ayında Erdoğan Azərbaycana səfər edərkən ona Azərbaycanda Fethullah Gülenlə əlaqələndirilən məktəblər barədə sual verilir. Türkiyə Baş naziri suala cavab verməsə də, prezident İlham Əliyev bildirir ki, "tərəflərin heç biri münasibətlərini korlaya biləcək addım atmaz".

Bundan sonra Azərbaycan Fethullah Gülen hərəkatına məxsus olduğu deyilən bütün liseylər və Araz Universitetinə hazırlıq kursları "Çağ Öyrətim İşlətmələri" şirkətinin fəaliyyətinin dayandırmasıyla Azərbaycan Dövlət Neft Şirkətinin nəzarətinə keçir.

Fotonun müəllifi Anadolu Agency/ Getty Images
Image caption TANAP-ın tikintisinin başlanğıcını qeyd edən mərasimdə: Türkiyənin keçmiş enerji naziri Taner Yıldız (solda), prezident İlham Əliyev (ortada) və prezident Recep Tayyip Erdoğan (sağda)

2015

Yanvar ayında prezident İlham Əliyev Türkiyəyə rəsmi səfərdə olur.

Mart ayında İlham Əliyevlə prezident Recep Tayyip Erdoğan TANAP-ın tikintisinin başlanğıcını qeyd edən mərasimdə iştirak edirlər.

2016

İyul ayının 15-i Türkiyədə hərbi çevriliş cəhdindən sonra, Erdoğan çevriliş arxasında Fethullah Gülen-in tərəfdarları və Fethullah Gülen Terror Təşkilatının (Türkcə: Fethullahçı Terör Örgütü) olduğunu iddia edir. Fethullah Gülen bu iddiaları rədd edir.

Bundan bir neçə gün sonra, Fethullah Gülen tərəfdarları ilə əlaqələri olduğu iddia olunan Qafqaz universitetinə yeni rektor təyin olunur.

ANS telekanalının bu hadisələrlə bağlı reportajları və Fethullah Gülenin mətbuat konfransında iştirakı kanalın müvəqqəti bağlanılması ilə nəticələnir. Milli Televiziya və Radio Şurası (MTRŞ) bu qərarı Baş Prokurorluğun müraciətini nəzərə alaraq qəbul etdiyini bildirir.

Şuranın yaydığı məlumatda deyilir ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə "zidd mövqe" tutub, Türkiyə dövlətinin və hakimiyyətinin "əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib".

Avqust ayında Azərbaycan Baş Prokurorluğu bildirir ki, "Azərbaycanda Fethullah Gülen terror təşkilatının əməkdaşlarının qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb".

2017

Yanvar ayında Türkiyə Azərbaycanla diplomatik əlaqələrinin yaranmasının 25-illiyini qeyd edir.

Qafqaz Universiteti (QU), təsisçisi olan Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin qərarı əsasında ləğv edilir.

2018

İyun ayında prezident Əliyev və Erdoğan Türkiyənin Eskişehir şəhərində TANAP qaz borusunun açılış mərasimində iştirak edirlər.

İyun ayındakı prezident seçkisindəki qələbəsindən sonra, Erdoğan ilk xarici səfərilə Azərbaycana gəlir.

Səfərdə çıxış edərkən, Erdoğan Azərbaycan iqtisadi əlaqələrin önəmli olduğunu bildirir, Fethullah Gülen tərəfdarları və onunla əlaqələndirilən təşkilatlara qarşı mübarizədə İlham Əliyevin göstərdiyi köməyə görə təşəkkürünü bildirir.

İlham Əliyev Erdoğanı dost və qardaş adlandırır.

Bu barədə daha geniş