Erdoğanın qərarları Türkiyə iqtisadiyyatını sağaltmadı

Recep Tayyip Erdoğan Fotonun müəllifi EPA

Bazar ertəsi ölkənin ilk icraçı prezidenti qismində and içəndən sonra Recep Tayyip Erdogan vaxt itirmədən yeni geniş səlahiyyətlərindən istifadəyə başlayıb.

Onun ilk addımı yeni kabinetin tərkibini elan etmək olub. Belə ki, hərbi qərargahın rəisi general Hulusi Akar yeni Müdafiə naziri, Erdoğan ailəsinin həkimi və özəl xəstəxananın sahibi Fahrettin Koca Səhiyyə naziri, onun uşaqlıq dostu Mustafa Varank Sənaye və texnologiya naziri təyin olunublar. Yeni hökümətin tərkibində özəl sektorla güclü bağlılığı olan digər loyal adlar da var.

Lakin Erdoğanın bu təyinatları arasında diqqəti özünə ən çox çəkən, kürəkəni Berat Albayrakı ölkənin Maliyyə və iqtisadiyyat naziri təyin etməsi olub.

Hökümətpərəst media yeni təyinatları alqışladı. Qəzetlərdən biri iddia etdi ki, bu, Türkiyənin "idarəçiliyində intibahdır" və siyasətdə yeni, daha dinamik dövr üçün imkan açır.

Beynəlxalq bazarlar və investorlar isə bu fikirlə razı kimi görünmürlər.

Bunu, yeni ailə sülaləsinin başlanğıcı sayan onlar Türkiyənin yeni hökümətinin tərkibini ümumiyyətlə mənfi dəyərləndirirlər.

Fotonun müəllifi Getty Images
Image caption Erdoğan öz kürəkəni BeratAlbayrakı maliyyə naziri təyin edib.

Mərkəzi bankın müstəqilliyinin sual altında olmasına dair dəlillər artdıqca, investorlar da təşviş üçün xeyli səbəblər tapdılar.

Türkiyə valyutası, qiymətli kağızlar və bondlar dəyərdən düşdü. Çərşənbə günü türk lirəsi daha da çökərək 1 dollar üçün TL 4.78 təşkil edib. Yeni hökümət elan olunandan bəri lirə ABŞ dollarına qarşı təxminən 3 faiz dəyərini itirib.

Prezident Erdoğan təkid edir ki, Türkiyə iqtisadiyyatı düz yoldadır və bank faizləri qısa bir zamanda endiriləcək, Türkiyə lirəsinin dəyiri isə artacaq.

Azərbaycana səfərdən dönərkən jurnalistlərə danışan Erdoğan beynəlxalq kredit reytinqi agentliklərinin və beynəlxalq medianın şərhlərini rədd edib.

Suallar qaldırmayan, loyal media və qəribə passivlik nümayiş etdirən müxalifəti olan Türkiyədə ikirəqəmli inflansiya və iqtisadiyyatdakı tarazsızlığa görə günahı hələ də "düşmən xarici qüvvələrin" üstünə atmaq mümkündür.

Lakin bir çox beynəlxalq maliyyə təhlilçiləri və Türkiyədəki bir ovuc iqtisadçı xəbərdarlıq edirlər ki, son günlərdə bazarların göstərdiyi reaksiya çox güman ki, hələ başlanğıcdır.

Belə görünür ki, Prezidentin iqtisadiyyatı idarə etməyi kürəkəninə tapşırması investorların ürəyincə olmayıb.

Xəzinə və maliyyə nazirliyində rəhbər vəzifəyə təyinatından sonra verdiyi ilk bəyanatında, cənab Albayrak qlobal bazarlarla inteqrasiyanın dərinləşçəyini vəd edib.

Lakin bazar söz yox, qəbul edilmiş pul və iqtisadi siyasətə əməl ediləcəyinə təminat istəyir - bu isə cənab Erdoğanın dediklərinin tam əksidir.

Ən azı Londonda bunun mümkün olacağını az adam düşünür.

Çərşənbə günü cənab Erdoganın, indi bütün dövlət orqanlarının ona bağlı olması barədə sözləri İngiltərə mediasında iqtibas edilib.

Londonda dərc olunan Financial Times qəzeti öz şərhində bildirib ki, investorlar yeni idarəçilik modelinin cənab Erdoğana valyuta siyasətində və iqtisadi siyasətdə daha çox söz haqqı verəcəyindən ehtiyat edir. Ən azı ona görə ki, Prezident Erdoğan kürəkəni Berat Albayrakı iqtisadiyyatın başına keçirmək qərarı verib.

Bu barədə daha geniş