Ermənistan: Rusiya bazasının hərbi təlimi Panik kənd sakinlərini təlaşa salıb

Ermənistanın Gümri şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasının hərbçiləri Fotonun müəllifi Empics
Image caption Ermənistanın Gümri şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasının hərbçiləri

Ermənistanın Gümri şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasının Şirak vilayəti Panik kəndi yaxınlığındakı təlimi sakinləri təlaşa salıb, bu barədə sakinlər sosial mediada yazıblar.

Yerli sakinlərin İnternetdə yaydıqları videolarda kəndin içindən keçən hərbi yük avtomaşınlarından nizamsız, dağınıq atəş açıldığı əks olunub.

Hərbçilər boş, gülləsiz patronlarla təlim keçdiklərini deyiblər, video kadrlarda görünür. Həmin kadrlarda kənd sakinləri söyləyirlər ki, elə biliblər, zəlzələdir, kiçik yaşlı uşaqlarını götürüb dərhal bayıra qaçıblar. Bəziləri elə biliblər, kənddə həqiqi döyüş əməliyyatı keçirilir, onlar deyirlər.

Kadrlarda o da görünür ki, yerli sakinlər hərbçilərin yolunu kəsib, xəbərdarlıq etmədən yaşayış məntəqəsi ərazisində hərbi təlim keçirildiyinin səbəblərinin izahını tələb ediblər.

"Sakinlər polis çağırıb"

3 minə yaxın sakini olan Panik kəndinin icra başçısı Vardan Makeyan zəng edərək hadisə barədə polisə və Milli Təhlükəsizlik Xidmətinə xəbər verib. Sosial mediada yayılan video kadrlardan gprünür ki, onlar hüquq-mühafizə orqanı işçiləri gəlməyincə, Rusiya hərbçilərini ərazini tərk etməyə qoymayıblar.

"Hərbçilər üzr istəyib getmək istəyirdilər. Dedilər ki, öz vəzifələrini yerinə yetirirlər və heç bir sənəd təqdim etməyə borclu deyillər", - Vardan Makeyan jurnalistlərə deyib, ölkənin İctimai TV-si xəbər verir.

Daha sonra 102 saylı Rusiya hərbi bazası komandanının müavini Aleksey Polyuxoviç Şirak vilayətinin qubernatoru Karen Saruxanyanla görüşüb, rəsmi məlumatda deyilir.

Qubernatorun ofisindən media üçün yayılan məlumata görə, Rusiya zabiti üzr istəyib və bir daha "belə halın baş verməyəcəyini bildirib".

"Dedilər ki [102 saylı hərbi bazanın rəhbərliyi], fors-major vəziyyət yaranıbmış, guya əmr olmayıb, hər şey pis təşkil olunubmuş... və bunun üçün üzr istəyiblər. Onlar daxili araşdırma aparırlar ki, günahkarları məsuliyyətə cəlb edələr", - qubernator Saruxanyan deyib.

Ermənistanla Rusiya arasında müqaviləyə əsasən, Gümridə yerləşən 102 saylı Rusiya hərbi bazası qoşunların hərəkəti və marşrutu barədə yerli özünüidarəetmə orqanları, polis və Milli Təhlükəsizlik Xidmətini xəbərdar etməlidir və hərbi məşqlərini təlim poliqonlarından başqa yerdə keçirə bilməz.

Fotonun müəllifi AFP
Image caption Ermənistanın Gümri şəhərində yerləşən 102-ci Rusiya hərbi bazası

Hadisə sosial şəbəkələrdə də geniş müzakirə mövzusudur. Çoxları Gümridə yerləşən Rusiya bazasındakı hərbçilərinin əvvəlki illərdə törətdikləri "cinayətləri və yerli sakinlərə hörmətsiz, saymazyana münasibətini" xatırladırlar.

Rusiyalı hərbçi tərəfindən törədilən ən son hadisə 2015-ci ildə olub: hərbi hissəni qeyri-qanuni tərk etmiş hərbçi Valeri Permyakovun Gümridə Avetisyan ailəsinin bütün 7 üzvünü, o cümlədən, 9 aylıq uşağı güllələmişdir.

Daha əvvəl də rusiyalı hərbçilərin səhlənkarlığı və ya nizamsizlığı səbəbindən yerli sakinlərin zərər çəkdiyi halları müşahidə olunub: iki uşaq nəzarətsiz qalmış minaya düşmüşdü, sərxoş hərbçilərin atəşlərindən iki Gümri sakini ölmüş, 14 nəfəri yaralanmışdı.

Fotonun müəllifi MOD.AM
Image caption Ermənistanın müdafiə naziri David Tonoyan iyulun 18-də Ermənistanda Rusiya Federasiyasının müvəqqəti səfiri Andrey İvanovu, Ermənistanda Rusiya hərbi hava qüvvələri attaşesi Yevgeni Bulavitsini və 102 saylı hərbi bazanın komandanı Vladimir Yelkanovu qəbul edib

Müdafiə naziri izahat istəyib

Panik kəndindəki son hadisələrlə bağlı Ermənistan müdafiə naziri David Tonoyan iyulun 18-də Ermənistanda Rusiya Federasiyasının müvəqqəti səfiri Andrey İvanovu, Ermənistanda Rusiya hərbi hava qüvvələri attaşesi Yevgeni Bulavitsini və 102 saylı hərbi bazanın komandanı Vladimir Yelkanovu qəbul edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumatına görə, görüş zamanı polkovnik Yelkanov Panik kəndində baş vermiş insident barədə izahat verib.

O, təlimlərin qabaqcadan erməni tərəfi ilə razılaşdırıldığı və Ermənistanın müvafiq səlahiyyətli orqanlarına məlumat verildiyini söyləyib. Lakin eyni zamanda təlim yeri seçilərkən yerli əhalinin mümkün narazılığı ehtimalının nəzərə alınmadığı ilə bağlı Rusiya tərəfi "rəsmən üzr istəyib və gələcəkdə hərbi bazadan kənarda təşkil etdiyi tədbirlərin planlaşdırılması və məlumatlandırılması işində daha ardıcıl" olacağını bildirib, məlumatda deyilir.

Ermənistan müdafiə naziri David Tonoyan isə "bu kimi hallarda Rusiya tərəfini Ermənistan Müdafiə Nazirliyi və yerli hakimiyyət orqanları ilə daha sıx əməkdaşlıq etməyə, eləcə də mülki əhali ilə xoş qonşuluq münasibətlərin möhkəmləndirilməsinə daha çox diqqət yetirməyə çağırıb".

Bu barədə daha geniş