Ermənistan yeni rəhbərliyinin hərəkətləri Rusiyanı "məyus edir"

Lavrov, Sergey Lavrov, Rusiya Xarici İşlər Nazirliyi, Ermənistan, Rusiya Ermənistan münasibətləri, Ermənistanda həbslər

Şəklin mənbəyi, Drew Angerer/Getty Images

Şəklin alt yazısı,

Sergey Lavrov deyib: Ermənistanda yaranmış vəziyyət və yeni ölkə rəhbərliyinin hərəkətləri onların öz sələflərinə qarşı "siyasi təqiblərdən imtina etmək" haqqında bəyanatlarına ziddir.

Ermənistanda yaranmış vəziyyət və yeni ölkə rəhbərliyinin hərəkətləri onların öz sələflərinə qarşı "siyasi təqiblərdən imtina etmək" haqqında bəyanatlarına ziddir, çərşənbə axşamı Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Sergey Lavrovun bəyanatı adı çəkilməyən bir jurnalistin: "Ermənistanda, həbslər də daxil olaraq, baş verənləri necə şərh edərdiniz?" - sualına cavab kimi Rusiya XİN rəsmi internet saytında dərc edilib.

"Bu il may ayında Ermənistanda siyasi böhran zamanı biz böyük məmnuniyyətlə qeyd etmişdik ki, nəticədə bu böhranın həlli, bütün aparıcı partiyaların iştirakı ilə kompromis əsasında tapıldı. Ümid edirdik ki, bu kimi nəticəyə arxalanaraq, bütün siyasi qüvvələr, ilk növbədə, Ermənistanın yeni rəhbərliyi, yeni hakimiyyəti bundan sonra da birləşdirici yanaşmaları rəhbər tutaraq, milli həmrəyliyi möhkəmləndirərlər", - deyə Sergey Lavrov yeni Ermənistan rəhbərliyinin sonrakı addımlarının "məyus etdiyini" bildirir.

"Lakin son günlərin hadisələri açıq-aydın bu müsbət ovqatı pozur, yeni Ermənistan rəhbərliyinin öz sələflərinə qarşı siyasi motivlərlə təqiblər təşkil etmək niyyətində olmadığına dair yaxın keçmişdə etdiyi bəyanatlarına ziddir", Lavrov bəyan edib.

Rusiya XİN rəhbəri, ölkəsinin Ermənistanın müttəfiqi olaraq, "həmişə erməni dövlətinin sabitliyində maraqlı" olduğunu vurğulayır.

"Belə ki, orada baş verənlər, MDB məkanında, o cümlədən Ermənistanın da üzv olduğu, təşkilatların normal fəaliyyəti baxımından bizi narahat etməyə bilməz", - o deyib.

Lavrov həmçinin son günlər Rusiyanın Ermənistanda "siyasi xadimlərin həbsləri ilə bağlı vəziyyətə dair" öz narahatlıqlarının Ermənistan rəhbərliyinə çatdırıldığını və "hər necə olsa da, vəziyyətin konstruktiv yolla" həll olunacağına ümid etdiyini bildirib.

Sergey Lavrov yeni Ermənistan hakimiyyəti tərəfindən "siyasi zəmində təqib edilən" keçmiş rəsmilərin heç birinin adını çəkməyib.

Şəklin mənbəyi, mil.am

Şəklin alt yazısı,

Yuri Xaçaturov hazırda Moskvada yüksək vəzifə tutur

Lakin burada söhbət ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovdan və Ermənistanın sabiq prezidenti Robert Koçaryandan gedə bilər.

Həm Robert Koçaryan, həm Yuri Xaçaturov, həm də barəsində axtarış elan edilən Ermənistanın sabiq müdafiə naziri Mikayel Harutyunyan "1 mart 2008-ci il" cinayət işi üzrə "konstitusiya quruluşunu dəyişmək, güclə hakimiyyəti ələ keçirməkdə" ittiham olunurlar.

Bu günədək həmin hadisələrə görə heç kəs məsuliyyətə cəlb olunmayıb. Lakin yüzlərlə müxalifət nümayəndəsi və etiraz aksiya iştirakçıları müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişdi.

Hazırkı baş nazir Nikol Paşinyan o zaman prezidentliyə namizəd Levon Ter-Petrosyanın seçki qərargahının üzvü və kütləvi nümayişlərin fəal təşkilatçılarından olub.

1 mart hadisələrindən sonra Nikol Paşinyan gizli iş şəraitinə keçib, sonra isə mübarizəsini məhbəsdə davam etdirəcəyini elan edərək, hakimiyyət orqanlarına təslim olub.

2010-cu ildə Nikol Paşinyan kütləvi iğtişaşlar təşkil etmək ittihamı ilə 7 il müddətinə məhkum edilib, 2011-ci ilin may ayında isə amnistiya ilə azadlığa çıxıb.

Bu ittihama görə 15 ilədək həbs cəzası nəzərdə tutulur.

2008-ci il martın 1-i və 2-də polis qüvvələrinin 19 fevral prezident seçkilərinin "nəticələrinin saxtalaşdırılması sayəsində" Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak olub, 200-dən çox insan xəsarət almışdı.

Ötən həftə Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi Koçaryan və Xaçaturov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Yuri Xaçaturovun cəza tədbiri 5 milyon dram (təxminən 10,4 min dollar) məbləğində girovla dəyişdirilib və o iki aylıq istintaq müddətini azadlıqda keçirəcək.

Robert Koçaryanın vəkilləri onun barəsində qətimkan tədbirinin dəyişməsi üçün apelyasiya məhkəməsinə müraciət etməyə hazırlaşırlar.

Ermənistan tərəfi Rusiya XİN rəhbərinin bəyanatı ilə bağlı şərh verməyib.

Eyni zamanda Yerevanda jurnalistlər üçün növbəti brifinq zamanı XİN mətbuat katibi Tiqran Balayan Ermənistanın KTMT reqlamentinə uyğun olaraq, təşkilata üzv ölkələrlə birlikdə təşkilatın baş katibini əvəz etmək prosesinə başlanıldığını deyib.

Bu vəzifəni Ermənistan nümayəndəsi 2017-ci ildən tutur və onun səlahiyyətlər müddəti 2020-ci ildə başa çatır.