Jurnalist Orxan Camal və həmkarlarının MAR-da qətlə yetirilməsi barədə nə məlumdur?

Arxiv: silahlı MAR hərbçisi Fotonun müəllifi Reuters
Image caption Son illərdə MAR-da baş vermiş silahlı hücumlar nəticəsində minlərlə insan həlak olub

Rusiya Xarici İşlər Nazirliyi Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilən rusiyalı jurnalistlərin cəsədlərinin mümkün olduqca tezliklə ölkəyə qaytarmağa cəhd etdiyi bəyan edib.

Orxan Camal, Aleksandr Rastorquev və Kirill Radçenko MAR-da fəaliyyət göstərən və Vaqner adı ilə tanınan rusiyalı özəl hərbi birləşməsi barədə sənədli film çəkirdilər, İdarəetmə Araşdırmaları Mərkəzinin (İAM) direktoru Andrey Konyaxin BBC Rusca xidmətinə deyib.

Jurnalistlər yerli vaxtla saat 22:00 radələrində MAR-ın paytaxtı Bangui-dən 300 kilometr şimalda yerləşən Sibut şəhərinə yaxınlıqda öldürülüb, Rusiya XİN-i çərşənbə axşamı günü bəyan edib.

Rəsmi bəyanatında Rusiya XİN-i bildirib ki, jurnalistlər MAR-a səfərləri barədə Rusiyanın ölkədəki səfirliyini məlumatlandırmayıblar.

Lakin XİN həmçinin qeyd edib ki, Rusiya diplomatik nümayəndələri jurnalistlərin ölümünə səbəb olan faktları müəyyən etmək üçün MAR hüquq-mühafizə orqanları ilə əlaqədədirlər.

Bundan əvvəl Orxan Camalın ölümünü BBC Ruscaya onun dostu Maksim Şevçenko təsdiqləyib.

"Orxanla keçən həftə sağollaşmışdıq və o mənə bu lənət olmuş Mərkəzi Afrika Respublikasına getmək planı barədə danışıb. Lakin onun ora gedib-getmədiyini dəqiq bilmirdim. O qorxunun nə olduğunu bilməyən bir adam idi, ona görə o, ora gedə bilmişdi", Maksim Şeveçenko deyib.

O, Orxan Camalın ölümü barədə məlumatlı telefonda bir ismarıcla aldığını bildirib.

Orxan Camal, Azərbaycan əsilli müsəlman fəal və Rusiya İslam Komitəsinin təsisçisi və sabiq sədri Heydər Camalın oğludur.

Hadisə barədə nə bilirik?

Jurnalistlərin ölümü barədə ilk məlumatı AFR agentliyi yerli mənbələrə istinadən yazıb.

Bu məlumatda, jurnalistlərin üzərində İzvestiya qəzetinin kardları olduğu bildirilib.

Onların cəsədləri Sibut şəhərindən 23 kilometr uzaqlıqda bir yolda aşkar olunub, agentliyin mənbəsi bildirib.

Sibut şəhərinin meri jurnalistlərin yerli vaxtla bazar ertəsi günü saat 22:00 radələrində qətlər yetirildiyini və jurnalistlərin maşının sürcüsünün hadisədən sağ çıxdığını deyib.

Naməlum silahlı şəxslər jurnalistlərin maşınına avtomatdan atəş açıb, jurnalistləri olduqları yerdəcə öldürüblər, mənbə deyib.

İnterfaks xəbər agentliyi MAR polisi mənbəsindən qətlin səbəbinin "oğurluq" olduğunu öyrəndiyini iddia edib.

İzvestiyia qəzeti isə son zamanlar heç bir əməkdaşını MAR ərazisində olmadığını bəyan edib.

Jurnalistlər kim olub?

51 yaşlı Orxan Camal Veçernaya Moskva, Nezavisimaya Qazeta, Novaya Qazeta və digər qəzetlərdə işləyib.

O, hərbi müxbir olaraq Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq və Suriya kimi müharibə zonalarında işləyib.

Jurnalist 2011-ci ildə Liviyada müharibə vaxtı işləyərkən ayağından yaralanıb.

47 yaşlı Aleksandr Rastorquev sənədli film direktoru olub.

O, jurnalist Aleksey Pivarov və Pavel Kostomarovla birlikdə Rusiyada 2011-2012-ci illərdə baş vermiş etiraz aksiyaları və onların liderləri barədə sənədli film hazırlayıb.

Mətbuatdakı məlumatlara görə, kameraman Kirill Radçenkonun isə 33 yaşı olub.

Onun Facebook-dakı paylaşdığı məlumatlara əsasən, o, həm kameraman, həm də fotoqraf kimi işləyib.

Onun məlum olan son iş yeri, Abxaziyada yerləşən Anna News xəbər saytı olduğu göstərilir. O, sayt üçün video jurnalist olub.

MAR-da Rusiyalı silahlılar barədə nə bilirik?

MAR-da rusiyalı silahlıların döyüşdüyünü ilk dəfə bu ilin aprel ayında Fransanın Le Monde qəzeti bildirib.

Qəzet yazıb ki, 2017-ci ilin oktyabr ayında MAR prezidenti Fosten-Arkanjla Rusiya xarici işlər naziri Sergey Lavrovun Soçidə görüşü keçirilib.

Bu görüşdən qısa müddət sonra Rusiya BMT-ə müraciət edərək MAR-a silah satışı qadağasının aradan qaldırılmasını xahiş edib.

Dekabr ayında BMT Rusiyaya MAR-ın hərbi qüvvələrinə təlim keçirib silahlandırmağa icazə verib.

Bu ilin mart ayında isə, Rusiya XİN-i MAR prezidetinin xahişi ilə ölkəyə pulsuz hərbi-texniki yardım göstərməyə qərar verdiyini açıqlayıb.

Qəzet həmçinin yazıb ki, bu ilin qış aylarında Rusiya MAR-a bir neçə silah və döyüş sursatı göndərib və MAR "hərbçilərinin təlimi" üçün ölkəyə beş Rusiya hərbçisi və 170 mülki təlimçi yollayıb.

The Bell nəşri iyun ayında dərc etdiyi yazıda, MAR-da hərbçilərin Rusiyanın Suriya və Ukraynada fəaliyyət göstərdiyi iddia olunan Vaqner özəl hərbi qrupunun silahlıları tərəfindən təlim edildiyi bildirilir.

Vaqner özəl hərbi qrupunun Suriyada 2,500 döyüşçüsünün olduğu iddia olunur. Birləşmə Ukraynadakı fəaliyyətinə görə ABŞ tərəfindən sanksiyalar altındadır.

Əlaqəli mövzular

Bu barədə daha geniş