Paşinyan hökumətinin 100 günü: Qarabağ, korrupsiya və xarici siyasət

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP/Getty Images
Ermənistanda cümə günü baş nazir Nikol Paşinyan Yerevanın Respublika meydanında gecə saatlarında başa çatan izdihamlı mitinqdə rəhbərlik etdiyi hökumət kabinetinin 100 günlük fəaliyyətinə yekun vurub və gələcək planları haqqında danışıb.
Paşinyanın öz çıxışında toxunduğu korrupsiya ilə mübarizə, iqtisadi vəziyyət, beynəlxalq əlaqələr, xüsusilə Qərb və Rusiya ilə münasibətlər, məhkəmə sistemi, miqrasiya kimi mühüm məsələlərdən biri Dağlıq Qarabağ problemi idi.
Paşinyan sabiq hakimiyyət nümayəndələri və onlara yaxın dairələrin yeni hökumətin Qarabağ məsələsində təcrübəsizliyini qeyd etməkdən başqa, yeni hakimiyyətin bu məsələdə "xəyanətkar niyyətlərini ifşa edən" məlumatlar yaydıqlarını bildirdi.
Qarabağ məsələsi
"Keçmiş hakimiyyət nümayəndələri sosial şəbəkələrdə saxta profillər açır, böyük pullar xərcləyib informasiya vasitələri alırlar ki, bəyan etsinlər ki, Paşinyan hökuməti, Paşinyan torpaq təhvil vermək üçün gəliblər", - baş nazir Paşinyan dedi.
O, qeyd etdi ki, Qarabağ məsələsi üzrə danışıqlarda "hələ bir kəlmə belə" iştirak etməyib. Keçmiş hakimiyyət nümayəndələrinin danışıqları isə, Paşinyanın sözlərinə görə, "torpaq təhvil verməkdən başqa bir şey olmayıb".
"Və mən bu gün danışıqlar prosesinə sənədlərə əsasən tam bələdəm - kim nə deyib, kim nə danışıb", - deyə Paşinyan Qarabağ münaqişəsinin həllinə dair daha əvvəl bəyan etdiyi mövqeyini səsləndirdi.
"Mən demişəm ki, Qarabağ məsələsi üzrə danışıqlarda Ermənistan Respublikası adından iştirak etməyə hazıram. Artsax (Qarabağ) Respublikası adından Artsax Respublikasının hakimiyyəti iştirak etməlidir".
Paşinyan Ermənistanın münaqişəni dinc yolla sülh danışıqları vasitəsilə həll etməyə hazır olduğunu qeyd edərək, bəyan etdi ki, Qarabağ probleminin həlli tək baş nazirin vəzifəsi deyil.
"Qarabağ problemini həll edib-etməyən xalqdır...", və danışıqların yekunlarına görə, onun üçün inandırıcı və məqbul tənzimlənmə variantı masaya gətirilərsə: "Qoy heç kəs düşünməsin ki, mən onu xəlvətcə imzalayaram", - Paşinyan dedi.

Şəklin mənbəyi, Reuters
Nikol Paşinyan 2018 ilin etiraz çıxışlarında
"Görsəm ki, həqiqətən müzakirə ediləsi variant mövcuddur, mən gəlib burada (meydanda) hüzurunuzda dayanıb, onu tam təfsilatı ilə sizə təqdim edərəm. Düzgün hərəkət edib-etmədiyimizi siz özünüz müəyyən edərsiniz".
Eyni zamanda, baş nazir Paşinyan döyüşkən çağırışdan da çəkinmədi və: "Lakin mən demək istəyirəm ki, biz Azərbaycanın istənilən təxribatına sarsıdıcı əks-zərbə ilə cavab verməyə hazırıq", - dedi.
Korrupsiyaya qarşı mübarizə
Nikol Paşinyan bəyan etdi ki, Ermənistanda artıq korrupsiya yoxdur.
"Lakin bu, heç də Ermənistanda artıq rüşvət alan heç bir məmur qalmadığı demək deyil. Bu, yalnız o dəməkdir ki, Ermənistan hökumətində yüksək vəzifəli məmurlar arasında korrupsiyaya qapılmış yoxdur və olmayacaq. Mən şəxsən buna zaminəm", - Paşinyan dedi.
O, yaxın vaxtlarda bir sıra tədbirlər hazırlandığını bəyan etdi. Onlardan biri hazırda dövlət büdcəsinin "böyük hissəsini səmərəsiz sərf edən" dövlət idarəçilik sisteminin islahatıdır.
"Biz hesab edirik ki, Ermənistan üçün 17 nazirlik çoxdur. Onların və digər dövlət strukturlarının sayı məhdudlaşdırılmalıdır".
Paşinyan imkanlı xarici erməni diasporları nümayəndələrini vətəndə investisiya etməyə çağırdı. Çünki onlar öz yatırımları və əldə edəcəkləri mülk üçün arxayın ola bilərlər - "bu gün Ermənistan Respublikasında qanun aliliyi təsbit olub və hakimiyyət xüsusi mülkiyyət toxunulmazlığını təmin edir".
Paşinyan baş nazirliyi müddətində Ermənistan hökuməti və vergi orqanlarının fəaliyyəti sayəsində ötən ilin eyni müddəti ilə müqayisədə 28,8 milyard dram (təxminən 58,3 milyon dollar) artıq vergi toplanıb.
Müsbət göstəricilər
Paşinyan adətən inqilablardan sonra iqtisadi tənəzzül müşahidə olunduğuna baxmayaraq, Ermənistan məxməri inqilabından sonra "olduqca yüksək göstəricilər" əldə edildiyini bəyan etdi.
Paşinyanın sözləriə görə, inqilabdan sonrakı ilk ayı olan iyunda 9,6% iqtisadi fəaliq qeydə alınıb. İllik göstərici isə 8,9% nəzərdə tutulur.
Baş nazir seçildikdən sonrakı müddətdə ən böyük nailiyyəti isə, Nikol Paşinyan Ermənistana gələnlərin sayı ölkəni tərk edənlərin sayından artıq olduğunu hesab edir. O, bunu mühacirətin qarşısı alınmasının ilk və önəmli addımı adlandırdı.
Rəsmi rəqəmlərə görə, bu il mayın 10-dan avqustun 14-dək müddətdə Ermənistana gələnlərin sayı gedənlərdən 29986 artıq insan gəlib.
Bu, ötən ilin eyni müddəti ərzində ölkəni tərk edənlərin sayı gələnlərin sayından təxminən 6 min artıq olub. Ötən ilin eyni vaxtı ilə müqayisədə, son 3 ay ərzində Ermənistana 34 mindən çox xarici ölkə vətəndaşları gəlib.
"Bu, əslində, investisiya qoyuluşu və turizmə marağın artması deməkdir. Son 3 ay ərzində Ermənistanın bütün bölgələrində mənzil qiymətlərinin təxminən 20% artması ondan xəbər verir ki, bizim xarici soydaşlarımız yalnız turist kimi gəlmir, Yerevanda və ölkənin başqa məntəqələrində yaşamaq üçün mənzillər alırlar".
Məxməri inqilabdan əvvəl böyük məbləğdə maliyyə vəsaitləri ölkədən çixarılırdısa, hazırda, Paşinyanın sözlərinə görə, bu proses əks istiqamətdə baş verir. Ölkəyə bu 3 ay ərzində kənara çıxarılandan 116 milyard dram (təxminən 242 milyon dollar) artıq pul daxil olub.
"Bu, o deməkdir ki, Ermənistan vətəndaşları və xarici diaspor soydaşların Ermənistanın gələcəyinə dair müstəsna etimadı var. Bu, gələcək iqtisadi irəliləyiş və artımı üçün ən önəmli zəmanətdir".
2018-ci il avqustun 1-nə olan məlumata görə, Ermənistandan 7 ay ərzində ötən bütöv il ərzindəki qədər meyvə və tərəvəz ixrac edilib.
"1 mart 2008-ci il" cinayət işi

Şəklin mənbəyi, yerkirmedia.am
Həbs qətimkan tədbiri dəyişilib azadlığa çıxmış Robert Koçaryanın "siyasi təqiblərə" məruz qaldığını deyir
Baş nazir Paşinyan "1 mart 2008-ci il" cinayət işinin tam açıldığını bəyan etdi.
"Mən bir daha tam məsuliyyətlə bəyan edirəm ki, cinayət törədənlər və onların başçıları məsuliyyətdən qaşa bilməyəcək".
Daha əvvəl Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri dəyişilib azadlığa çıxmış Robert Koçaryanın "Yerkir media" televiziya kanalına müsahibədə "yeni hakimiyyət tərəfindən siyasi təqibə məruz qaldığı" iddiasına cavab olaraq, Paşinyan "yerləri həbsxana olduğunu duyanlar özlərini siyasi təqib qurbanı kimi qələmə vermək istəyirlər".
"Soruşan gərək: siz siyasi təqib qurbanısınızsa, azadlıqda nə işiniz var? Yoxsa sizə elə gəlir ki, biz hakimə zəng edib, onları o və ya bu qərarı qəbul etdirməyin yolunu bilmirik?" - deyə baş nazir Paşinyan, əvvəlki ölkə rəhbərliyindən fərqli olaraq, öz hökumətinin istintaq-məhkəmə sisteminə təzyiq etmədiyinə işarə etdi.
Robert Koçaryan "1 mart 2008-ci il" cinayət işi üzrə "konstitusiya quruluşunu devirmək, güclə hakimiyyəti ələ keçirmək" ittihamı ilə iyulun 27-də Yerevan ümumi yurisdiksiya məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunmuşdu. Bu ittihama görə 15 ilədək həbs cəzası nəzərdə tutulur.
2008-ci il martın 1-i və 2-də prezident seçkilərinin "nəticələrinin saxtalaşdırılması sayəsində" Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, iki polis əməkdaşı həlak olmuş, 200-dən çox insan xəsarət alıb.
Eyni hadisələrlə bağlı Ermənistan müdafiə naziri Mikayel Xaçaturyan və baş qərargah rəisi Yuri Xaçaturov ittiham olunurlar.
Mikayel Harutyunyan barəsində axtarış elan edilib, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsini tutan Yuri Xaçaturov isə 10 min dollar girovla buraxılıb və artıq Moskvada öz vəzifəsini icra edir.
Ermənistan-Rusiya münasibətləri
Ermənistanın özündə yeni hakimiyyətin keçmiş ölkə rəhbərliyinə qarşı hərəkətləri təqdir edirlər, lakin 1 mart 2008-ci il hadisələri ilə bağlı həbslər Ermənistanı müttəfiqi Rusiyanı qıcıqlandırır.
Koçaryanın və, ələlxüsus, Xaçaturovun həbsindən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi bəyanatla çıxış etdi və yeni Ermənistan rəhbərliyini öz sələflərinə qarşı "siyasi təqiblərdən imtina etmək" haqqında bəyanatlarına zidd hərəkətlərinin Rusiyanı məyus etdiyini bildirdi.
Siyasi təhlilçi Mikael Zolyan hazırkı Ermənistan-Rusiya münasibətləri qeyri-müəyyənlik kimi səciyyələndirir.
"Köhnə münasibətlər modeli işləmir, yenisi isə yoxdur. Belə olan vəziyyətdə tərəflərin hər biri özü üçün sərfəli mövqe tutmaq istəyir", - politoloq BBC müxbirinə deyib.
Onun sözlərinə görə, yeni Ermənistan hakimiyyəti hələ ki Rusiya ilə münasibətlərdə çox mühüm əhəmiyyət kəsb edən Moskva ilə qeyri-formal əlaqələr yarada bilməyib, köhnə əlaqələr isə ya işləmir, ya da yeni Ermənistan hökumətinin ziyanına işləyir.
Eyni zamanda Zolyan, kimin Ermənistan hakimiyyəti başında olduğuna baxmayaraq, Ermənistanın xarici siyasət kursunun dəyişməyəcəyini bildirib.

Şəklin mənbəyi, Getty Images
Ermənistanın Gürmi şəhərində Rusiyanın hərbi bazası yerləşir
"Ermənistan üçün əsas problem Qarabağ və Türkiyədir. Rusiya ilə münasibətləri korlamağa dəyməz. Ermənistan üçün Rusiya ilə münasibətlərin korlanması sərfəli deyil. Hər necə olsa da, Ermənistan və Rusiya hakimiyyəti başında kim olursa olsun, bu iki ölkənin üst-üstə düşən geosiyası maraqları vardır", - Zolyan qeyd edir.
Daha əvvəl Paşinyan mətbuat konfransında Rusiyanın fövqəldövlət olaraq "bölgəmizdə müharibəyə yol verməmək imkanına malik" olduğunu bildirmişdi.
"İnanmıram ki, Ermənistanın dostu və strateji partnyoru Rusiya yenidən müharibənin başlanmasına yol verməmək üçün öz imkanlarından istifadə etməsin", - Paşinyan deyib.
Paşinyan onun baş nazirlili müddətində Ermənistanla Rusiya arasında münasibətlərin korlanması ilə bağlı bəzi sabiq hakim Respublikaçılar Partiyası nümayəndələrinin mülahizələrini əsassız hesab edir.
Onun sözlərinə görə, Rusiya ilə ikitərəfli əlaqələrin səviyyəsini qaldırmaq Ermənistan xarici siyasətinin əsas istiqamətlərdən biri olaraq qalır.
Paşinyan baş nazir vəzifəsində Rusiya prezidenti ilə iki dəfə görüşüb, üç dəfə telefonla danışdığını bildirdi.
"Və birmənalı deyə bilərəm ki, Ermənistan-Rusiya münasibətləri nəinki pis deyil, əksinə, bəzi respublikaçıların təsəvvürünə rəğmən, Ermənistan-Rusiya münasibətləri yaxşıdır və getdikcə daha da yaxşılaşacaq. Və bu gün Ermənistan-Rusiya münasibətlərini pis hesab etmək sadəcə gülməlidir".
Paşinyanın sözlərinə görə, bu anlaşılmazlıq ondan irəli gəlir ki, dünya və Rusiya analitik mərkəzləri tərəfindən Ermənistanda "baş verənlər proqnozlaşdırılmamışdı" , və Ermənistanın Qərb və Rusiya partnyorları tərəfindən Ermənistanda yaranmış yeni durum hələ qiymətləndirilməyib.
Və Qərb...
Bu səpkidə baş nazir Paşinyan "xüsusilə daima Ermənistanın Qərbə, Şərqə qetdiyini iddia edən Rusiya ekspertlərinə" xitabən bəyan etdi ki, "Ermənistan Respublikası heç bir yana getmir, ləyaqətlə öz məğrur vətəndaşları ilə öz yerində möhkəm dayanır və öz maraqlarını müdafiə edir".
Paşinyan eyni zamanda Ermənistanın Qərblə münasibətlərini inkişaf etdirmək niyyətində olduğunu bəyan edib.
"Biz həmçinin Avropa İttifaqı ilə münasibətlərimizi inkişaf etdirəcəyik. Bəs niyə demirlər ki, Ermənistan-Avropa İttifaqı münasibətləri pisdir?.. Biz maraqlarımız naminə ABŞ və İranla da münasibətlərimizin inkişafına diqqət yetiririk".