Azərbaycan və Rusiya: İlham Əliyev Soçidə Vladimir Putinlə görüşüb

Prezident Fotonun müəllifi Prezident.az

Şənbə günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına səfərində prezident Vladimir Putinlə birgə sənədlərə imza atıb.

Azərbaycan və Rusiya prezidentləri Soçi şəhərindəki "Boçarov Ruçey" dövlət iqamətgahında görüşlərindən sonra bəyanatlar veriblər.

"Bizim həmişə danışmağa mövzumuz var. Çox şadam ki, Siz bizim dəvətimizi qəbul edib bu gün Rusiyaya gəlmisiniz", cənab Putin çıxışı zamanı bildirib.

İlham Əliyev isə Rusiya ilə münasibətlərdən məmnun olduğunu bildirib. "Münasibətlərimiz tamdəyərli, çox səmərəli şəkildə inkişaf edir, fəal siyasi dialoq xarakteri daşıyır", cənab Əliyev deyib.

Vladimir Putin bəyanatında Azərbaycanla Rusiyanı "möhkəm dostluq və əməkdaşlıq ənənələri"nin bağladığını deyərək, ölkələr arasında ticarət və iqtisadi əlaqələrinə xüsusi diqqət yetirib.

Cənab Putin İlham Əliyevlə baş tutan görüşündən sonra liderlərin imzaladığı sazişlər paketinin məqsədinin ölkələr arasında ticarət və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, humanitar qarşılıqlı fəaliyyət və mədəni və turizm mübadilələrinin yaradılması olduğunu qeyd edib.

Rusiya prezidenti 2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi "demək olar ki, 35 faiz artaraq, 2,5 milyard dollar" çatdığını və Rusiyanın Azərbaycana birbaşa capital yatırımının "1,5 milyard dollar təşkil" etdiyini deyib.

Vladimir Putin həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına toxunaraq, marşrutun müxtəlif hissələri üzrə işlərin artıq aparıldığını deyib.

O, Rusiyada 11 mindən artıq azərbaycanlı tələbənin təhsil aldığını və onlardan minə yaxınının Rusiyanın Federal büdcəsindən ayrılan təqaüdlə təhsil aldıqlarını qeyd edib.

Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, Rusiyanın münaqişənin "sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi" göstərəcəyini bildirib.

"Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır"

Öz növbəsində İlham Əliyev Vladimir Putinlə "müntəzəm əlaqələr"in iki ölkənin münasibətlərə "dinamizm" verdiyini deyərək, Azərbaycanla Rusiyanın "strateji tərəfdaş" olduqlarını bildirib.

Prezident Əliyev cənab Putinlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin mühüm yer tutduğunu və münaqişənin nizamlanmasında Rusiyanın səylərinin davam edəcəyinə ümidi olduğunu vurğulayıb.

O, keçən il Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsinin "güclü artımına baxmayaraq" bu il də artımın davam etdiyini və Rusiya bazarının Azərbaycanın qeyri-neft sahəsinin ixracatçıları üçün birinci yerdə olduğunu vurğulayıb.

Prezident Əliyev də Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndiyini və nəticədə minlərlər yeni iş yerlərinin yaradılacağını bildirib.

Hərbi-texniki sahədə isə, cənab Əliyev Azərbaycanın indiyədək Rusiyadan aldığı hərbi təyinatlı məhsulların dəyərinin 5 milyard dolları keçdiyini və bu göstəricinin "artmağa meyilli" olduğunu qeyd edib.

"Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, əsrlər boyu xalqlarımızı birləşdirmiş və bu gün də birləşdirən nə varsa, hamısına çox qayğı ilə yanaşırlar", İlham Əliyev humanitar sahədə əməkdaşlıq barədə danışarkən deyib.

Prezident Əliyev ölkələr arasında "tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq" münasibətlərinin olduğunu vurğulayaraq qeyd edib ki, "mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır".

Bu barədə daha geniş