"Amerika silahı, rus silahından daha yaxşıdır". Bolton eyham vurur

Nikol Paşinyan, John Bolton, ABŞ Ermənistan Fotonun müəllifi US Embassy in Armenia

ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton Ermənistanda deyib ki, Amerika silahı Rusiya silahından "yaxşıdır".

Qafqazda rəsmi səfərdə olan Bolton bu fikri Rusiyanın Azərbaycan və Ermənistanı silahla təchiz etməsi kontekstində bildirib.

"Ermənistan öz silahlarını Rusiyadan əldə edir, Azərbaycan da silahlarının 80 faizini Rusiyadan alır. Bu, əlbəttə, münaqişənin tənzimlənməsinə xidmət etmir və Rusiyaya münaqişə tərəflərinə güclü təsir imkanı verir", - ABŞ prezidentinin müşaviri deyib.

O bildirib ki, Qarabağ münaqişəsi tərəflərinə silah satmaq haqqında ABŞ-ın hazırda hər hansı qərarı yoxdur.

Ancaq "hər halda, Amerika silahı Rusiya silahından daha yaxşıdır, lakin bu məsələ qanunlarımız çərçivəsində nəzərdən keçirilməlidir", Trump-ın müşaviri əlavə edib.

Fotonun müəllifi US Embassy in Armenia
Image caption John Bolton deyib: Qarabağ münaqişəsi tərəflərinə silah satmaq haqqında qərar hazırkı zamanda yoxdur

Qarabağ tənzimlənməsinə dair

Cənab Boltonun sözlərinə görə, Qarabağ münaqişəsinin həlli "mürəkkəbdir və əgər asan olsaydı, artıq həll" olunardı.

"Mən bu səfərimdə ABŞ siyasətinin bu məsələdə dəyişdiyi bəyan etmək, yaxud yeni həll variantları təklif etməyə gəlməmişəm. Şübhəsiz, tərəflər bir-biri ilə işləməli və həll tapmalıdırlar. Mən sələflərimdən biri, James Baker-in başqa bir münaqişə ilə bağlı sözlərini xatırlamaq istərdim: heç kəs münaqişə tərəflərinin özlərindən çox sülh istəmir", - John Bolton deyib. [James Baker - prezident Ronald Reagan administrasiya rəhbəri - BBC]

Onun sözlərinə görə, Ermənistan üçün öz üzərinə "xarici təzyiqləri azaltmağın ən etibarlı yolu - Dağlıq Qarabağ məsələsinin həllini təmin etməkdir".

Bu baxımdan, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton dekabrda Ermənistanda nəzərdə tutulan növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın ehtimal olunan qələbəsi sayəsində "qətiyyətli addımlar üçün güclü mandat" əldə edəcəyini bildirib.

"İctimai rəy proqnozları [Ermənistanda] təsdiqlənsə, seçkilərdən sonra baş nazir bir sıra qətiyyətli və həlledici addımlar və Qarabağ məsələsinin tənzimlənməsi üzrə səylərin gerçəkləşdirilməsi üçün çox güclü mandat əldə edər", - deyə, cənab Bolton əlavə edib ki, "belə hazırlıq olduğu halda, biz də çalışmalıyıq ki, Azərbaycan tərəfindən də uyğun reaksiya olsun".

Onun sözlərinə görə, tərəflər heç bir məhdudiyyət olmadan müxtəlif məsələlər müzakirə edə bilər.

"Və bu, o demək deyil ki, nəticədə təqdim edilən hər hansı təklif mütləq qəbul olunmalıdır. Lakin onların müzakirə edəcəkləri heç cür məhdudlaşdırılmamalıdır".

"Pozitiv görüş"

Ermənistan baş naziri Nikol Paşinyan öz Facebook hesabında yazıb ki, John Boltonla görüşün "çox pozitiv atmosferdə" keçib.

"Hesab edirəm ki, Ermənistan-ABŞ münasibətlərini yeni səviyyəyə qaldırmaq üçün real imkan var. Və biz bu imkandan istifadə edərik", - Ermənistanın baş naziri yazıb.

John Boltin Qafqaz turu çərçivəsində Ermənistana Bakıdan çərşənbə günü axşam gedib.

Bu barədə daha geniş