Erdoğan: "Səudiyyəli kəşfiyyatçı Kaşıkçı hadisəsindəki səs yazısını dinləyib şok oldu"

Camal Qaşıqçı Səudiyyəli Jurnalist Washington Post yazarı səfirlikdə öldürülmüş jurnalist Qaşıqçının ölümününü səs yazıları Fotonun müəllifi Getty Images

"Kaşıkçı hadisəsinin qeydləri əsl fəlakətdir, səudiyyəli kəşfiyyatçı da dinləyib şoka düşdü", Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan "kəşfiyyatımız heç nəyi gizlətməyib, Washington Post-un əməkdaşı, səudiyyəli jurnalist Camal Kaşıkçının Səudiyyə Ərəbistanının səfirliyində öldürülməsinə dair səs yazılarını Səudiyyə rəsmiləri də daxil olmaqla istəyən hamının dinləməsinə imkan yaratdıq", deyib.

Erdoğan Paris səfərindən Türkiyəyə qayıdarkən jurnalistlərə deyib ki, Qərb ölkələrin liderlərinin "bu cinayətdən ciddi şəkildə narahat olduqlarını hiss edir".

"Səs yazıları əsl dəhşətdir. Hətta Səudiyyə kəşfiyyatçısı yazıları dinlədiyi zaman "güman ki, bu şəxs heroin qəbul edib, belə şeyi ancaq heroin qəbul etmiş biri edə bilər" deyəcək qədər şoka düşdü. Ortada belə bir həqiqət var. Buna rəğmən, hadisənin yönünü dəyişdirmək istəyənlər var. Səudiyyə Ərəbistanının baş prokuroru gəldi, Türkiyənin baş prokuroru ilə görüşdü", prezident bildirib.

Erdoğan hesab edir ki, bu işlə məşğul olan baş prokuror işin açılmasında "maraqlı deyil".

"Vəliəhd şahzadə isə "mən hadisəyə aydınlıq gətirəcəm, lazım olan addımları da atacam" deyir. Biz də səbrlə gözləyirik. Ortada bir jurnalistin qətli var, bu hadisənin açılması, günahkarların tapılması lazımdır.

"Günahkarın" Səudiyyədə bu məsələ ilə bağlı həbs olunmuş "18 nəfərin arasında" olduğunu deyən Erdoğan sifarişçinin tapılmalı olduğunu deyir.

"Bunlardan kənarda qalan kimdir? Tapşırığı verən. Onlara bu cinayəti törətmək üçün tapşırığı verən şəxs də aşkar edilməlidir", Erdoğan bildirib.

O, "Kaşıkçının cəsədinin taleyi necə oldu? Basdırıblarsa, harada basdırıldı? Yoxsa, parçalanıb qaçırıldımı? Biz bu hadisəni beynəlxalq səviyyədə izləyəcəyik" deyib.

Camal Kaşıqçı kimdir və niyə öldürülüb?

Vəliəhd Məhəmməd bin Salmanın tənqidçisi olan Camal Kaşıkçı (Jamal Khashoggi) könüllü olaraq ABŞ-da sürgündə yaşayıb və Washington Post nəşri ilə jurnalist kimi yoxa çıxana qədər əməkdaşlıq edib.

O, al-Watan qəzetinin və qısa müddət fəaliyyət göstərmiş Saudi TV xəbər kanalının keçmiş redaktoru olub.

Uzun ilər ərzində Səudiyyənin kral ailəsinə yaxın olan şəxs sayılıb. O, yüksək rütbəli Səudiyyə rəsmilərinin müşaviri kimi çalışıb.

Lakin onun bir neçə dostu həbs olunduqdan sonra, al-Hayat qəzeti onun yazılarının dərcini dayandırıb, deyilənə görə, ona tvitlərini kəsmək barədə xəbərdarlıq ediləndən sonra Kaşıkçı Səudiyyə Ərəbistanından ABŞ-a köçüb.

Səudiyyə monarxiyasının tənqidçisi olan Camal Kaşıqçı Washington Post-un əməkdaşı olub.

O, oktyabrın 2-də evlilik sənədlərini düzəltmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun binasına girib.

Axşam saatlarında nişanlısı Hatice Cengiz Kaşıkçının baş konsulluqda zorla saxlandığı şikayəti ilə Türkiyə hüquq-mühafizə orqanlarına şikayət edib.

Təhlükəsizlik kameraları izləniləndən sonra müəyyən olunub ki, Kaşıkçı konsulluqdan çıxmayıb.

Onun Konsulluğa getməsindən 17 gün sonra Səudiyyə hökuməti Kaşıkçının səfirlikdə ölürülməsini etiraf edib.

Onlar ölümün səbəbini səfirlikdə baş vermiş əlbəyaxa davanın nəticəsi kimi təqdim ediblər.

Türkiyə prezidenti Erdoğan isə "Kaşıkçının öldürülməsinin planlı olması ilə bağlı Türkiyə kəşfiyyatında əsaslı faktlar" olduğunu bildirib.

Bu barədə daha geniş