Gürcüstan prezident seçkisinin nəticələrinin regiona təsirləri

Salome Zourabichvili Fotonun müəllifi AFP

Siyasi təhlilçilər Gürcüstanda keçirilmiş prezident seçkisinin regionda "nəyisə dəyişəcəyinə inanmadıqlarını" deyirlər.

Gürcüstanda çərşənbə günü keçirilən prezident seçkisinin ikinci turunun nəticələrinə görə, hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili liderdir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında bildirilir ki, müstəqil namizəd Salome Zurabişvili 59,6 faiz səslə irəlidədir.

BBC News Azərbaycanca Gürcüstanın hakim partiyasını və müxalifətini təmsil edən deputatlar və təhlilçilərlə seçkinin regiona təsiri barədə söhbət edib.

"Əgər Grigol Vaşadze seçilsəydi, o zaman bu, Gürcü arzusunun sonunun başlanğıcı olacaqdı. Bu baş vermədi və beləliklə, region üçün ümumi vəziyyətdə ciddi dəyişiklik gözlənilmir", siyasi təhlilçi Giya Nodiya deyir.

"Mən hesab etmirəm ki, bu regionda nəyisə dəyişəcək, bu seçimlə Gürcüstanda sadəcə status-kvo saxlanır".

Cənubi Qafqazda ilk dəfə qadın prezidentin seçilməsini "maraqlı məsələ" adlandıran təhlilçi düşünür ki, "bu, faktiki olaraq, formal postdur və hansısa stereotipləri ciddi şəkildə dəyişdirməyəcək".

O, Salome Zurabişvilinin Azərbaycanla və Qarabağla bağlı gözlənilməz nəsə deyəcəyini də düşünmür.

Azərbaycanla münasibətlərdə oxşar fikirləri paylaşan Marneuli rayonundan seçilmiş deputat Azər Süleymanov deyir ki, Gürcüstan və Azərbaycan arasında tarixi münasibətlər "prezidentlərə görə tənzimlənmir".

Fotonun müəllifi AZƏR SÜLEYMANOV
Image caption Azər Süleymanov müxalif Vahid Milli Hərəkat partiyasından millət vəkilidir.

"Salome Zurabişvili Azərbaycan-Gürcüstan arasında körpü rolunu oynaya bilməz", müxalifət partiyasını təmsil edən millət vəkili deyir.

O iddia edir ki, etnik azərbaycanlıların əksəriyyəti səsini Grigol Vaşadzeyə verib.

Azər Süleymanov Salome Zurabişvilinin hakim Gürcü arzusu partiyasının lideri Bidzina İvanişvilinin köməyi ilə prezident seçildiyini iddia edir.

Əllərində seçkinin "şəffaf keçirilməməsinə" dair faktlar olduğunu deyən cənab Süleymanov, həmin faktları artıq Mərkəzi Seçki Komissiyasına təhvil verdiklərini bildirib. Azər Süleymanov bu gün seçki nəticələri ilə bağlı müxalifətin toplantısının olacağını deyib.

Fotonun müəllifi Getty Images

Gürcü arzusu partiyasından olan Savalan Mirzəyev isə müxalifətin iddia etdiyinin əksinə olaraq, seçkilərin "şəffaf" keçirildiyini deyir.

"Salome Zurabişvilini yüksək təcrübəsi olan diplomatdır. Avropa təhsili var. Ölkənin müstəqilliyinin qurulmasında onun sələflərinin də rolu olub, üstəlik 2008-ci ildə də müharibənin (Rusiya-Gürcüstan müharibəsi -red.) dayandırılmasında onun rolu var", Savalan Mirzəyev deyir.

Millət vəkilinin fikrincə, Salome Zurabişvilinin seçilməsi "ölkənin çiçəklənməsinə" gətirib çıxaracaq.

Seçki nəticələrinə təkrar baxıla bilərmi? Gürcü arzusu partiyasının keçmiş məsləhətçisi Giya Xuxaşvili buna inanmır.

"Saakaşvilinin bəyənatını nəzərə almasaq, düşünmürəm ki, nəticələrə baxılsın. Ancaq hesab edirəm ki, 600 min qara siyahıya salınmış şəxsin bank borcunu Bidzina İvanişvilinin ödəyəcəyi ilə bağlı məsələ beynəlxalq müşahidəçilərdə ciddi suallar yaradıb", Giya Xuxaşvili əlavə edib.

Bu barədə daha geniş