Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü yanvar ayında davam etdirilə bilər

nazirlərin görüşü Fotonun müəllifi Report

Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar yanvar ayında davam etdirilə bilər, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Azərbaycan XİN-in məlumatına görə, cənab Məmmədyarov "bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsinin razılaşdırıldığını" deyib.

Şərh ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zohrab Mnatsakanyan ilə təşkil olunmuş görüşdən sonra verilib.

"Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb", məlumatda deyilir.

Azərbaycan və Ermənistan rəsmiləri arasında görüş Milanda, ATƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Igor Popov - Rusiya, Stephane Visconti - Fransa, Andrew Schofer - ABŞ) vasitəçiliyi ilə keçirilib.

Görüşdə, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib.

Ermənistan və Azərbaycan XİN rəhbərləri son dəfə 25-27 sentyabrda BMT Baş Assamleyası əsnasında Nyu-Yorkda görüşüblər.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki, Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir. 1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərlərini verir. ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk qrupu həmin vaxtdan etibarən münaqişəni həll etməyə çalışır.

Bu barədə daha geniş