Ermənistanda zəlzələ: 30 il keçmiş britaniyalı xilasedicilər yenidən Spitaka qayıdıblar

Ata 7 dekabr 1988-ci il zəlzələsi zamanı həlak olan oğlu ilə vidalaşır Fotonun müəllifi Peter Turnley/Getty

"Biz heç olmasa insanlara öz yaxınlarını xristiancasına dəfn etmək imkanı verdik", - Ermənistan Spitak şəhəri qəbiristanlığında məzar daşlarını seyr edən britaniyalı xilasedici Reggie Berry deyir.

30 il əvvəl o, yanğınsöndürən dostları ilə insanları xilas etmək üçün bura gəlmişdi. Lakin onların payına yalnız cəsədlər qalmışdı. Çoxlu cəsəd.

Spitak yüksəkliyi üzərindəki məzarlıqda sıralara düzülən qəbirdaşları üzərində insanların ailələrlə eyni - 7 dekabr 1988-ci il - tarixində vəfat etdikləri həkk olunub.

Zəlzələ günü.

Bir çox qəbir daşları altında Reggie Berry-nin xarabalıqlarda tapdığı insanlar yatır.

1988-ci ilin dekabrında bir çox Qərb ölkələrinin xilasedici dəstələri Sovet İttifaqının köməyinə tələsirdi.

İngiltərə Lancashire qraflığından 23 yanğınsöndürən də onların arasında olub.

Həmin dəstənin iki üzvü - komandir Paul Burnes və yanğınsöndürən Reggie (Regginald) - otuz ildən sonra yenidən BBC və Ermənistan İctimai Radiosunun müxbirləri ilə Spitaka gəliblər.

7 dekabr 1988-ci il günortaya 19 dəqiqə qalmış dəhşətli yeraltı zərbə Spitak şəhəri yer ilə yeksan edib, Ermənistanın şimalındakı şəhərlərdə minlərlə binanı dağıdıb.

Zəlzələ Spitak, Kirovakan (hazırda Vanadzor), Leninakan (hazırda Gümri), Stepanavan və bölgənin başqa şəhər və kəndlərdə 25 min insanı məhv edib.

Image caption Spitak məzarlığında bir çox qəbirdaşları altında Reggie Berry-nin xarabalıqlarda tapdığı insanlar yatır

Bu, yenidənqurma (perestroyka) və aşkarlıq dövrü idi, və zəlzələ vaxtı səfərlə ABŞ-da olan SSRİ Baş katibi Mixail Qorbaçov Qərb ölkələri sovet Ermənistanına yardım etməyə çağırdı.

"Bu, nə isə bir qeyri-adi şey idi - Qorbaçovun beynəlxalq yardım müraciəti və Qərb xilasedicilərin Sovet İttifaqına dəvət edilməsi, - Paul Burnes xatırlayır. - Və mən düşünürəm ki, yerli əhali də mat qalmışdı ki, Qərb insanları onların yardımına gəliblər".

İrlandiyalı Burnes və onun ingilis döyüşçüləri iki gündə toplaşıblar.

Təbii ki, onların lazımi təchizatı mövcud idi.

Yeməyi - özü isinən payok - eləcə də gödəkcələri, isti alt paltarı, corab və yataq torbaları onlara Sovet İttifaqının soyuq müharibədə daha bir əleyhdarı - Liverpool yaxınlığında yerləşən Burtonwood Amerika hərbi bazasının hərbçiləri verib.

Sovet səfirliyi xilasedicilərə təcili viza vermək üçün London aeroportunda masa qoymuşdu.

Sonra isə Spitaka yol üç gün uzandı.

Qismən - qarmaqarışıqlıq ucbatından (avadanlıq bir sutka Şeremetyevo aeroportunda itmişdi), qismən də - Ermənistana gedən nəhəng insan və texnika axınına görə.

"Əlbəttə, biz insanları xilas etməyə gedirdik. Lakin mənzil başına çatanda aydın oldu ki, həm zəlzələnin gücü, həm yolda ləngiməyimizə görə, bizim xilsetmə əməliyyatımız cəsəd axtarışı əməliyyatına çevrilir", - Berry deyir.

Fotonun müəllifi TASS
Image caption Spitak stadionunda cəsədlərin tanınma və araşdırılması məntəqəsi təşkil edilmişdi

Zəlzələdən sonrakı ilk günləri Spitakda güclü şaxta olub, və britaniyalılar yaxşı anlayırdılar ki, dağıntılar altında diri insanlar qamış olsa da, onların beş gün istisiz və susuz sağ qalmaq imkanları son dərəcə cüzidir.

"Lakin, ümid ən sonda ölür. Elə olub ki, insanları dağıntılar altından 24 gündən sonra da çıxardıblar... Odur ki, sən həmişə ümid bəsləyirsən və bir daha kimisə sağ tapmaq ümidiylə yoldaşlarını yenidən və yenidən tələsdirirsən", - daha əvvəl 1980-ci ildə İtaliyada zəlzələ zamanı işləmiş Paul Burnes deyir.

"Biz pərt və məyus olmuşduq, - Berry etiraf edir. - Bəli, müəyyən ümid var idi, lakin... Heç kəs qazıb cəsəd çıxartmağı arzulamırdı, elə deyilmi?"

Lakin məhz bununla məşğul olmaq qismət oldu.

Fotonun müəllifi Private archive
Image caption Öz düşərgəsini britaniyalılar yarımsökülmüş çoxmərtəbəli binalardan uzaq qurmuşdular ki, təkrara təkan zamanı qalaqlanmasınlar

"Dayanıb ətrafına baxırsan - sanki xarabalıq dənizi görürsən, aralarında isə - sağ qalmış kiçik insan qrupları. İnsanlar pəncərə çərçivələrindən qalanmış tonqallara sıxılır, şok içində veyllənirlər, - Burnes xatırlayır. - Və bu insanlar həmişə mənə yaxınlaşıb yaxınlarının şəkillərini göstərirdilər ki, harada ola bilərlər".

Britaniyalıların xüsusilə dağıntılar altından yaxınlarının cəsəd çıxarılan spitaklıların çoxlarının özlərini necə ləyaqətlə saxlaması yadında qalıb.

Bir yerdə təkan zamanı insanlar küçədə banka növbədə dururmuşlar, və bina düz onların üstünə yıxılıb.

Britaniyalılar həmin növbədə duranları bir-bir qazıb çıxardıb, tabutlara qoyurdular. Onların işini dağıntı qalağı üstündən bir qız izləyirmiş.

"Biz haradasa gecə saat üç ya dörddə qurtardıq. O qız mənə yaxınlaşıb soruşdu ki, mənim yanğınsöndürənlərim onun üçün tabutları aça bilərlərmi, çünki anasını axtarır. O, orada yatırdı, əlində çanta yaşlı qadın, bütün dünya boyunca bankda növbədə duranlar kimi. Və o qız mənim bütün yanğınsöndürənlərimi növbə ilə bir-bir qucaqlayıb, təşəkkür etdi. Onun buna gücü çatdı!".

İki qoca kişi, İngiltərə əyalətindən olan iki keçmiş yanğınsöndürən Spitakı dolaşır və yeni tikililər arasında 30 il bundan əvvəl işlədikləri yerləri tapmağa çalışır.

Fotonun müəllifi Private archive
Image caption Spitak binalarının çoxu təkrar təkan zamanı xilasedicilərin üstünə uça bilərdi

Bax burada, bu tində - yol ayırıcında dayanaraq Reggie Berry söyləyir - çoxmərtəbəli ev var idi, zirzəmisimdə bir uşaq müəssisəsi yerləşirdi.

İngilislər dağıntıları qazıb qurtarınca bir qadın gecə-gündüz burada oturub gözləyirdi.

Onun uşağı elə də tapılmadı. Lakin o yenə də yanğınsöndürənlərə iki banka kompot vermişdi. Dedi: "Olanım budur. Sağ olun ki, mənə kömək etməyə çalışdınız".

"Bax burada səhra hospitalı olub, vertolyot meydançası, bütün perimetr üzrə isə - tabutlar, - Paul Burnes əli ilə Spitakın kənarında zəlzələdən əvvəl stadion olan böyük zibilli meydanı göstərir. - Cəsəd və tabutlar. Üst-üstə beş, on yarus. Bura ölülərin ayırma məntəqəsi olub".

Tabutlar tək stadionda olmayıb, hər yerdə olub. Hətta xilasedicilər tabutların üstündə əyləşib nahar edirdilər.

Bu, heç də ölənlərə hörmətsizlik deyildi, və o cəhənnəmdə bunu heç kəs tərəfindən belə qavranıla bilməzdi, britaniyalılar izah edir. Sadəcə, oturmaq üçün başqa yer yox idi.

"...Və mən onu bellə parçaladım. Qohumları çox razı qalmışdı"

Tabutlar üstündə nahardan dəhşətli xatirələr də var.

Image caption Samvel Matosyan (sağda) britaniyalı yanğınsöndürənlərlə 30 il əvvəl görüşüb – ona uşaq cəsədlərini axtarmaq üçün xilasediciləri dağılmış məktəblərə müşayiət etmək tapşırılmışdı. 30 ildən sonra həmin dəstənin iki britaniyalı üzvü yenə Samvelə baş çəkiblər

"O qəssab idi, - Paul xatırlayır. - Yəni, sonradan məlum oldu ki, qəssabdır. Qohumları ətrafına toplaşmışdı. Məni inandırırdılar ki, hər nə yolla olur olsun, cənazəni almaq istəyirlər".

"Bu, ömrümün axırına kimi yadımdan çıxmayacaq, - Reggie söhbətə qoşulur. - Ağır beton tir altında qalmışdı. Düz ayaqlarının üstünə düşmüşdü. Başının üst hissəsi yox idi. Və biz heç cürə onun bədənini bütövlüklə çıxara bilmirdik.

Qohumları cəsədini tələb edirdilər. Və biz qərara gəldik... Olduğu kimi demək?.. Mən onu bellə parçaladım. Biz gövdəsini əlləri və başından qalan hissəsi ilə çıxarıb tabuta qoyduq...

Və onun qohumları, onlar çox razı qaldılar! Onlar, sadəcə, cənazəni xristian adətləri ilə basdırmaq istəyirdilər [...] Onlar mənim əlimi sıxır, təşəkkür edirdilər - məni, indicə onların babası ya atasını bellə yaran birisini!"

Ən təhlükəlisi təkrar təkanlar idi. Bəziləri çox güclü, hətta dağıdıcı idi.

Həmin o, zirzəmisində uşaq bağçası və ya musiqi məktəbi olan, evin yanında yol ayırıcında duran Paul xatırlayır ki, çoxmərtəbəli binanın bir hissəsi uçmuş, bir hissəsi aşağı yatıb dik qalmışdı.

"Biz eləcə düşündük ki, indi öləcəyik"

Valideynlər yalvarırdılar ki, uşaqlarını çıxardaq. Uşaqların cəsədlərini.

"Həmkarımla sürünüb dağıntının uzaq bir küncünə girmişdik, - Paul xatırlayır, - və həmin çatdaqda üz-üzə, dəbilqə-dəbilqəyə uzanıb uşaqların harada ola bildiyini müzakirə etdiyimiz anda çox güclü təkan vurdu.

Altında olduğumuz bina möhkəm silkələnməyə başladı. Biz susurduq, və mən fikirləşdim - ikimiz də fikirləşdik ki, - indi öləcəyik. Sadəcə, öləcəyik, vəssalam".

Lakin hər şey yaxşı qurtardı. Bu hadisədən sonra Burnes "təmiz səma siyasəti"ni yeritmək qərarına gəlib: sallanan dağıntılar altında və evlərin içərisində işləməmək.

Image caption Georgi Şabad (solda) Spitak stadionunda sutkalarla cəsədləri tabutlara qoymaqla məşğul olurdu. O zaman o, 19 yaşlı moskvalı tələbə, 45 yaşlı Paul isə (sağda) Lancashire-də bir neçə yüz yanğınsöndürənlərin komandiri olub

Spitakda britaniyalı dostları Samvel Matosyan qarşılayıb. Hazırda o, yerli mədəniyyət evinin müdiridir, 30 il əvvəl isə Spitak məktəblərindən birinin direktoru olub.

Samvel öz kabinetində dağıntı altında qalmışdı.

Başı ilə qolu qırıntılar altında qalmışdı, qolu sınıb, lakin özü sağ qalıb.

Huşa gəlib, köməksiz dağıntılar altından çıxıb və hamı ilə birlikdə xilasetmə işləri ilə məşğul olub. Beş ya altı aydan sora isə britaniyalılarla tanış olub.

Samvel xatırlayır ki, təsadüfən çadırda yerləşən şəhər qərargahına gedib, və həmin vaxt britaniyalılar Spitak partiya rəhbəri Norayr Muradyanın yanında olublar.

"O məni çağırmışdı ki: sən direktorsan, müəllimsən, bütün məktəblərin yerini bilirsən. Ötür bu briqadanı, qoy axtarış işlərini aparsınlar".

Və Samvel britaniyalıları uşaq bağçaları və məktəb dağıntıları yerlərinə müşayiət edib.

Image caption İrland Paul Burnes Spitakda ingilislərin komandiri olub. Hazırda Spitak yenidən abadlaşdırılıb, lakin məktəblərdən birinin dağıntıları olduğu kimi saxlanıb

Daha sonra isə britaniyalı yanğınsöndürənlər Spitaka humanitar yardım, yığma evlər, Mançesterin erməni icması tərəfindən toplanan pul gətiriblər.

O evlərdə hələ də yaşayanlar var. Samvel isə özü də İngiltərəyə qonaq gedib - sözün qısası, dost olublar.

Lakin bunun hamısı 90-cı illərdə olub, xeyli vaxt keçib, və Samvel çox şaddır ki, artıq 75 yaşlı Paul və 69 yaşlı Reggie bir daha gələ biliblər.

Britaniyalıların Spitakda daha bir yol yoldaşı moskvalı Georgi Şabaddır.

İndi o, sanballı və orta yaşlı biznesmendir, o vaxt isə 19 yaşlı riyaziyyatçı tələbə olub və minlərlə digər sovet tələbələri kimi, zəlzələdən zərər çəkənlərə könüllü köməyə gəlmişdi.

Əvvəlcə Georgi cəsədləri ayırılan həmin stadionda işləyib, lakin bir sutkadan sonra hərbçilər onu qovublar, çünki, dediyinə görə, belə bir psixoloji düşgünləndirici işdə 24 saatdan artıq işləməyə icazə verilmirdi.

İngiliscə yaxşı danışan Georgi britaniyalıların çadır düşərgəsini tapıb, onların tərcüməçisi olmuşdur.

"Yəqin, bizim burada olmağımız düzgün olub. Bilmirəm, nə qədər köməyimiz olub, lakin, hər halda, daha doğrusu, elə bilirəm ki, evdə qalsaydıq, peşman olardıq, - Ermənistan İctimai Radiosunun müxbiri ilə söhbətdə Georgi deyir. - Yəni, bəlkə biz bunu daha çox özümüz üçün edirdik. Başqalarına yardım göstərərək, özünə yardım edirsən. Mən indi hiss edirəm ki, çox düzgündür ki, mən o vaxt burada olmuşam".

Britaniyalılar Ermənistana tək dağıntıları eşməklə, sonra isə yığma evlər və başqa hədiyyələr gətirməklə yardım etməyiblər.

Onlar peşəkar xilasedicidir, Almaniya Federativ Respublikası, Fransa, İtaliya, İsveçrə və başqa ölkələrdən olan həmkarları ilə birlikdə, əvvəlcə, sadəcə, öz nümunələri ilə, sonra isə avadanlıqları və təlim təşkil etməklə Ermənistanda yüksək səviyyəli peşəkar könüllü xilasetmə dəstələri yaratmağa kömək ediblər.

Image caption 30 il əvvəl Movses Poğosyan Leninakanda Qərb xilasedicilərin necə işlədiyini gördükdən sonra Ermənistanda ilk könüllü xilasedici dəstənin ilk komandiri olub

Movses Poğosyan indi Ermənistanda Almaniya Qırmızı Xaç nümayəndəliyinə başçılıq edir, 1988-ci il dekabrında isə 33 yaşlı fizika üzrə Yerevanlı alim olub.

Zəlzələ başlayanda Movses başqaları kimi insanları xilas etmək üçün tez özünü Leninakana çatdırıb.

"Üç-dörd gündən sonra biz fikir verdik ki, yanımızda kimsə bizdən daha səliqəli və intizamlı işləyir. Səliqəli geyiniblər. Yaxşı təchiz olunublar: həm fənərləri, həm su qabları, həm akkumulyatorları və generatorları, həm çadırları...

İsveçrə, Almaniya, Avstriya, Böyük Britaniya, Amerika və Yaponiyadan. Onlar elə bil adi işə gedirdilər. Heç bir təlaş, elə bil heç bir dəhşətli şey baş verməyib", - Movses xatırlayır.

Bu, Ermənistandan və Sovet İttifaqının müxtəlif yerlərindən gəlmiş "kor-təbii" xilasedicilərlə çox kəskin təzad təşkil edirdi.

Fotonun müəllifi TASS
Image caption Sovetlərin çoxlu texnikası, lakin insanların xilas edilməsi haqqında az biliyi olub, Movses Poğosyan deyir

"Biz qəhrəmancasına ora tələsdik ki, kömək edək, lakin başqalarına mane olurduq! Biz yollarda tıxac yaradırdıq və yaralılar maşınlarda dünyasını dəyişirdi!

Biz heç əzilmə sindromunun nə olduğunu belə bilmirdik - biz bilmirdik ki, insanı dərhal dağıntı altından çıxarmaq olmaz, çünki əl-ayağı zədələnibsə, əvvəlcə bağ qoymaq lazımdır, yoxsa o ölər. Biz belə sadə şeyləri bilmirdik!"

Bundan başqa zəlzələ göstərdi ki, rəsmi sovet strukturları bu kimi dinc dövrü fəlakətlərinə hazır deyillər.

Paul Burnes sovet hərbçilərini Ermənistanda əməliyyatların təşkil edilməsinə görə çox tərifləyir, xüsusilə xəsarət alanların Moskva və başqa şəhərlərin xəstəxanalarına çatdırılması işində.

Fotonun müəllifi TASS
Image caption SovİKP MK baş katibi Mixail Qorbaçov xarici xilasediciləri köməyə çağırıb. Fransızlar da çağırışa hay verib

Lakin Movses Poğosyan deyir ki, hərbçilərin dürüst strukturu və çoxlu işçi əsgər əlləri vardı, çoxlu texnikası: buldozer, təyyarə, qaldırıcı kran, vertolyotları olub - mülki peşəkar xilasedicilərlə fərqləri isə ondadır ki, onlar insanları xilas etməyə öyrədiliblər.

Və artıq 1989-cu ilin yanvar ayında Ermənistan ziyalıları ilk könüllü xilasetmə dəstəsini yaratmaq qərarına gəliblər. Adını da qoyublar "Spitak". İlk komandiri isə Movses Poğosyan olub.

Hazırda Ermənistanda bir neçə belə dəstə var, hamısı yaxşı təlimli və təchizatlı, və bunda, az da olsa, Paul Burnes-in əməyi olub.

O, 90-cı illərin əvvəlində, Poğosyanın xahişi ilə, Ermənistana 20 dəst tüstülü yerdə işləmək üçün və 10 dəst su altında xilasetmə işləri üçün kostyum və onlardan istifadə etmək təlimi təşkil edib.

Zəlzələdən sonra 90-cı illərdə Paul həmkarları ilə müxtəlif çeşidli yardımla 12 dəfə Ermənistana gəlib.

Lakin almanların, fransalıların ya britaniyalıların yardımı nə qədər vacib və lazımlı olsa da, yüzlərlə Qərb xilasedicilərin 1988-ci ildə Ermənistana gəlməsinin mahiyyəti, Movses Poğosyanın sözlərinə görə, daha genişdir.

"O zəlzələ tək bizim ölkəmizə, Ermənistana, zərbə vurmayıb.

Zəlzələ həm də "dəmir pərdəyə" zərbə olub, - Poğosyan düşünür. - Biz aşkar etdik ki, insanlar Almaniyada, Fransada, İtaliyada, Böyük Britaniyada, Amerikada bizim kimi insanlardır, bizim kimi ağrını hiss edir, onların göz yaşları bizimki kimidir.

O zəlzələ bizim mentaliteti dağıtdı, bizim "dəmir pərdə" arxasında düşmənlər yaşadığına dair inamımızı dağıtdı".

Bu barədə daha geniş