Ermənistanda Paşinyan qalib gəldi

Nikol Paşinyan Ermənistan Seçkilər Fotonun müəllifi BAQDASARYAN AYK/TASS

Ermənistan "məxməri inqilabı"nın lideri Nikol Paşinyanın "Mənim addımım" bloku, növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə görə, 70 faizdən çox səs qazanaraq yeni Milli Məclisdə əksəriyyət təşkil etmək və hökumət formalaşdırmaq hüququna malik oldu.

Bəs yeni parlamentdə Paşinyan hakimiyyətinə müxalifət olacaqmı?

Keçmiş hakim Ermənistan Respublikaçı Partiyası parlamentdə təmsil olunmaq üçün kifayət sayda səs də əldə edə bilməyib.

Beləliklə, Yerevan küçələrində "məxməri inqilab"ın başa çatması barədə mülahizələr eşitmək olar, lakin müşahidəçilər xəbərdarlıq edirlər ki, ölkə real müxalifətsiz qala bilər.

"Mən böyük ruh yüksəkliyi ilə inqilab lehinə və Nikol Paşinyana səs verməyə gəlmişəm ki, nəhayət, 20 ildə uşaqlarımız və nəvələrimiz üçün dəyişiklik olsun, Yerevan sakini, təqaüdçü Ninel Atabekyan deyir.

"Seçkilər vacibdir ki, Ermənistanda, nəhayət, hakimiyyət təsbit olsun, yoxsa bu köhnə qvardiyanın 55 üzvü oturub parlamentdə yeni həyata maneə yaradırlar", o əlavə edir.

Qadın bu seçkilərin şəffaflığına şübhə etmir, onun sözlərinə görə bu seçki elə məhz şəffaflığı ilə əvvəlkilərdən fərqlənir.

"Əvvəlki seçkilər zamanı pul paylayırdılar. Bizim binada deyirdilər ki, 3-4 ailə pul almayıb... Bu gün isə heç kəs belə etmir, xalq öz iradəsini bildirir", o vurğulayır.

Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bazar günü seçkilərin "azad, ədalətli və şəffaf" keçdiyini bəyan edib.

Beynəlxalq müşahidəçilər də Ermənistan seçkilərini müsbət qiymətləndiriblər.

Müxalifətsiz?

"Bu seçkilər inqilabın təsbit olunmasına xidmət edib və müəyyən mənada, onu bitmiş hesab etmək olar. Faktiki olaraq, Paşinyan artıq sabiq hakimiyyətlə dava etməyən bir liderə çevrilməlidir", təhlilçi Samvel Martirosyan deyir.

Keçmiş hakim Ermənistan Respublikaçı Partiyası parlamentdə təmsil olunmaq üçün təyin olunmuş 5 faizlik həddi aşa bilməyib.

"Mənim addımım"dan başqa, Milli Məclisə seçkilərdə iri biznesmen Qaqik Tsarukyanın "Firavan Ermənistan" partiyası (8,27 faiz) toplayıb. Ötən seçkilərdə Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyası "İşıqlı Ermənistan" partiyası (6,37 faiz) ilə bir blokda iştirak edib.

Formal olaraq, yeni parlamentdə mandatların üçdə birindən çoxu Paşinyanın partiyasının rəqiblərində olacaq. Lakin onları ciddi müxalifət adlandırmaq olmaz, təhlilçilər qeyd edir.

"Firavan Ermənistan"ın bir çox üzvü iri biznes sahibləridir və istənilən hakimiyyətlə açıq qarşıdurmadan həmişə çəkinirlər, Qafqaz İnstitutunun elmi işçisi, politoloq Qrant Mikaelyan qeyd edir.

Paşinyanla isə "Firavan Ermənistan"ın elə bir fikir ayrılığı yoxdur. Müxalif fəallıq imitasiyası olacaq, ümumiyyətlə isə bunu daha çox parlamentdən kənar qüvvələrdən gözləmək olar".

Firavan Ermənistan Partiyasının namizədi Aram Abovyan bu fikirlə razı deyil. Onun sözlərinə görə, partiya "düzgün mərkəzçi mövqedə dayanır".

"Biz özümüzü elə bir qüvvə hesab edirik ki, seçkilərdən sonra yaxşının - yaxşı olmasına çalışacağıq, lakin pis bir şey olsa, susmayacayıq. Parlamentdə müxalifət olmayacaq deyənlər, müxalifətlə hakimiyyəti şiddətli qarşıdurmada görməyə vərdiş edənlərdir. Heç kim opponentlik naminə opponentlik etməyə və sorğu-sualsız oturub, düymə basmağa hazırlaşmır".

"İşıqlı Ermənistan", öz növbəsində, parlament çoxluğuna "məfkurəli müxalifət" olmağı vəd edir və özünü seçkilərdən sonra parlamentdə "yeganə müxalif qüvvə" adlandırır.

Respublikaçı Partiyası seçkilər əsnasında pozuntulara yol verildiyini bəyan edib və Paşinyan hökumətini rəqiblərinə təzyiq etməkdə, həmçinin, seçki ərəfəsində ölkədə "qorxu ab-havası" yaratmaqda suçlayıb.

Paşinyan hakimiyyətə gəldikdən sonra keçmiş məmurlara və onların ailə üzvlərinə qarşı cinayət işləri başlanıb.

Paşinyan cinayət işləri ilə seçkilər arasında hər hansı bir əlaqə olduğunu inkar edir.

Fotonun müəllifi AFP

Gözləntilər və ümidlər

MSK-nın məlumatına görə, seçkilərdə seçicilərin yarısından da az adam (48,63 faiz) iştirak edib.

Bəzi təhlilçilər hesab edirlər ki, bu passivliyin səbəbini Ermənistanda siyasi partiyalara olan etimad azlığında görür və müqayisə üçün 2017-ci il seçkilərində 60,86 faiz seçicinin səs verdiyini xatırladırlar.

Martirosyanın sözlərinə görə, bu, çoxlarının xaricdə mövsümi işlərdə çalışması və inzibati resurslardan istifadə edilməməsi ilə bağlı ola bilər.

"Keçmişdə insanları səhər avtobuslarla seçki məntəqələrinə gətirirdilər", o deyir.

Bəzi Yerevan sakinləri etiraf edirlər ki, yazda dinc inqilabı və etiraz hərəkatını dəstəklədiklərinə baxmayaraq, ümidləri doğrulmayıb.

"Sadə adamlar üçün heç nə dəyişməyib. Biz keçmiş məmurlardan canımızı qurtarmaq istəyirdik, bunların isə heç təcrübəsi yoxdur", adının açıqlanmasını istəməyən Yerevanda kiçik biznes sahibi olan həmsöhbətim deyir.

İnqilabla bağlı ölkədə müəyyən məyusluq doğrudan da hiss olunur və bu, bir qədər də Paşinyanın inqilabdan əvvəlki vədlərindən daha çox insanların gözləntiləri ilə bağlıdır, politoloq Qrant Mikaelyan hesab edir.

"O, gəlirlərin ikiqat artacağını vəd etməyib, cəmiyyətdə isə belə ümidlər mövcud olub, Mikaelyan deyir.

"İnsanlar düşünürdülər ki, Ermənistan Fransa kimi yaşamalıdır və maaşlar 3000 dollar olmalıdır. Əgər maaş 3000 dollardırsa, o zaman onun 2700 dollarını Respublikaçı Partiyası yeyir. Odur ki, ERP hakimiyyətdən kənar edilsə, bu 2700 dollar insanlara qalar. ERP hakimiyyətdə deyil, insanlara isə hələ də həmin 2700 dolardan heç nə çatmayıb".

"Və bu yaşayış səviyyəsinin radikal və prinsipial dəyişməsi ləngidikcə, insanlarda məyusluq daha da artacaq", Mikaelyan əlavə edir.

Ninel Atabekyan isə, Ermənistanın paytaxt sakinlərinin çoxu kimi, hesab edir ki, əsaslı dəyişikliklər üçün yeni hakimiyyətin çox az vaxtı olub.

"Onlar (keçmiş hakimiyyət) 20 il elə qarışıqlıq yaradıblar ki, bunu 6 ayda düzəltmək mümkün deyil. Bunu anlamaq lazımdır. Kimdir narazılar? Keçmişdə hakimiyyətdə olan, hakimiyyət axurundan qidalananlar. Sadə insanlar razıdır", o deyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş