Ermənistanın yeni rəhbərliyindən nə gözləməli?

Nikol Paşinyan Fotonun müəllifi KAREN MINASYAN
Image caption Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" bloku 70,44 faiz səs topladı

Dekabr ayının 9-da Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələrinə əsasən 20 ildir hakimiyyətdə olan Respublikaçı Partiyası Parlamentdə mandat əldə edə blmədi. Nəticədə aprel inqilabının rəhbəri olan Nikol Paşinyanın bloku üstünlük əldə etməyə müvəffəq oldu.

Bununla belə, Ermənistandakı müstəqil ekspertlər ölkənin xarici siyasət kursunda hər hansı ciddi bir dəyişiklik olacağına şübhə ilə yanaşırlar.

Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" bloku 70,43 faiz səs topladı. İkinci çoxluğu 8,27 faiz səs ilə "Firavan Ermənistan" partiyası aldı. Üçüncü yer isə 6,37 faiz səs ilə Edmon Marukyanın "İşıqlı Ermənistan" partiyası əldə etdi. Ermənistanın qanunvericiliyinə əsasən, parlamentdə mandat əldə etmək istəyən siyasi partiyalar minimal sayılan 5 faizdən, bloklar 7 faizdən daha çox səs toplamalıdırlar.

Bu minvalla 1995-ci ildən bəri hakimiyyətdə olan Respublikaçı Partiyası lazım olan səs çoxluğunu toplaya bilmədiyi üçün mandatdan kənarda qaldı. Mandatdan kənarda qalan bir digər partiya da 1999-cu ildən bəri mandata sahib olan Daşnaksutyun partiyası oldu. Aparılan sorğu nəticələrinə görə, seçkidə Ermənistan əhalisinin 48,67% iştirak edib (1,262 milyon), lakin 2017-ci ildə keçirilən növbədənkənar seçkilərdə əhalinin 60% iştirak etmişdi.

İştirak etmə göstəricilərinin bu qədər aşağı olmasının bir neçə səbəbi ola bilər. Ölkə baş nazirinin birinci müavini Ararat Mirzoyanın sözlərinə görə, az sayda vətəndaşın seçkiyə qatılmasının əsas səbəblərindən biri də ölkə əhalisinin sayında azalmanın baş verməsidir. Erməni ekspert Conni Melikyanın fikrincə isə, seçkidə əhalinin fəal iştirak etməməsinin səbəbi cəmiyyətdə Paşinyan blokunun qələbəsinə dair şübhənin olmaması ilə bağlıdır.

Seçkilərdən qələbə ilə çıxan Nikol Paşinyan ertəsi gün yeni xarici siyasət kursunun prioritetləri barədə ölkə mediasına açıqlama verdi. Onun sözlərinə görə, əsas diqqət yenə də ölkə daxilində korrupsiya və monopoliya ilə mübarizəyə ayrılacaq. Nikol Paşinyanın hakimiyyyətə gəldiyi ilk dövrlər keçmiş prezident Serj Sarqsyanın yaxın çevrəsinə qarşı bir sıra cinayət işlərinin açılması ilə yadda qaldı. Bu qəbildən olan ən gözlənilməz qərar "1 Mart işi" ilə bağlı oldu. Cinayət işinin əsas təşkilatçıları kimi keçmiş prezident Robert Koçaryan və general Yuriy Xaçaturov ittiham edilirlər. Həmçinin yeni baş nazir ölkədə həyat səviyyəsini daha yaxşılaşdırmaq üçün islahatlar aparacağına, ölkəyə yeni xarici investisiyalar cəlb edəcəyinə dair vədlər verdi.

Xarici siyasətdə isə Nikol Paşinyan əvvəlki kimi Rusiya ilə sıx əməkdaşlığın qorunub saxlanacağına aydınlıq gətirdi. Onun sözlərinə görə Ermənistan NATO ilə sıx əməkdaşlığın tərəfdarıdır və bundan sonra da bu əməkdaşlığı davam etdirəcək, lakin "biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüyük və NATO üzvü olmaq istəmirik", deyib.

Fotonun müəllifi Anadolu Agency/Getty Images
Image caption Ermənistanda parlament seçkiləri 9 dekabrda keçirildi

Xarici siyasət kursunun formalaşmasında Paşinyan blokunun yeni tərəfdaşı "Firavan Ermənistan" partiyası olacaq. Partiyanın qurucusu olan erməni iş adamı Tsarukyan Aprel inqilabı zamanı Nikol Paşinyanı dəstəklədiyini bildirmişdi. Seçki prosesi zamanı da partiya özünü "anti-monopolist" və "anti-korrupsioner" mövqedə dayandığını dəfələrlə bildirirdi.

Partiyanın əsas tələblərindən biri ölkədə yeni vergi sisteminin qurulmasıdır. Bununla belə partiyanın rəhbəri Tsarukyan 1 ay öncə Moskvaya səfər etmiş və Vyaçeslav Volodin və Sergey Neverov kimi rəsmilərlə görüş keçirərək "iki millət arasındakı dostluğu daha da möhkəmləndirmək üçün çalışmağa hazır olduğunu" vurğulamışdı.

Digər tərəfdən isə "İşıqlı Ermənistan" partiyasının əsas prioriteti Ermənistanın Avropa İttifaqı ilə daha da yaxınlaşmasını təmin etməkdir. Partiya Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünün "gərəksiz və iqtisadi maraqlara zidd olduğunu" vurğulayır. Partiyanın əsas şüarı isə Ermənistanda yeni Avropa tipli iqtisadi sistemin qurulmasından ibarətdir. Buna görə də partiyanın rəhbəri Marukyan öz partiyasının parlamentdə müxalif mövqedə dayanacağını bildirir.

Göründüyü kimi, Nikol Paşinyan bloku, Avrasiya zonasında inteqrasiya və Rusiya ilə əməkdaşlığı daha möhkəmləndirmə siyasətini davam etdirmək niyyətindədir. Bununla belə ölkə Avropa İttifaqı ilə dialoqa davam edəcək. Seçki nəticələrinə görə, Nikol Paşinyan ölkə daxilində demək olar ki, əsas institutlara nəzarəti təmin etdi - parlamentdə aldığı mandatların sayı və Yerevan şəhər icra hakimiyyəti postu. Hərçənd yeni partiyanın hakimiyyətinin ilk dövlərində ölkənin xarici siyasət kursunda böyük dəyişiklərin olacağına inam elə də çox deyil.

Bundan əlavə, daxili idarəçilik prosesində də Paşinyan höküməti bir sıra problemlərlə üzləşməli olacaq və bu da hökuməti çətin dilemmalar qarşısında qoyacaq. Son bir neçə ayda Ermənistan siyasi rəhbərliyinin Dağlıq Qarabağdakı separatçı rejimlə münasibətlərinin, xüsusən də Paşinyan - Sahakyan qarşıdurması yeni hökumətə problemlər yarada biləcək faktor kimi görülməlidir. Ermənistanın "Hraparak" ("Meydan") qəzeti yazır ki, seçkilərdən dərhal sonra baş nazir Nikol Paşinyanın müvafiq əmri ilə separatçı Dağlıq Qarabağ rejiminin müdafiə naziri Levon Mnatsankanyan tutduğu vəzifədən azad edilib. Onun yerinə qərargah rəisi Karen Abrahamyan təyin edilib.

Daha sonra separatçı rejimin rəhbəri Bako Sahakyanın müşaviri Arşavir Ğaramyan da tutduğu vəzifədən azad edilib. Separatçı rejimin rəsmiləri bu məlumatları hələ təsdiqləməsə də sosial şəbəkələrin erməni seqmentində məlumat sürətlə yayılmağa davam edir.

Seçkilərdə qalib gələn Nikol Paşinyan və onun hökumət kabineti hələ ki, Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi bəyanat və ya açıqlama yaymayıblar. Yeni hökumətin münaqişənin həllinə baxış bucağının necə olduğunu və ya formalaşacağına dair məlumatlar hələ ki, ictimaiyyətə məlum deyil.

Bu barədə daha geniş