SSRİ üçün nostalgiya keçirən rusiyalıların sayı son 10 ildə maksimum həddə çatıb

Son 13 il ərzində SSRİ-nın dağılmasından yayınmağın mümkün olduğunu düşünən rusiyalıların sayı maksimum həddə çatıb Fotonun müəllifi Sharifulin Valery/TASS
Image caption Son 13 il ərzində SSRİ-nın dağılmasından yayınmağın mümkün olduğunu düşünən rusiyalıların sayı maksimum həddə çatıb

Sovet İttifaqının dağılmasından təəssüflənənlərin sayı son 10 ildə maksimum həddə çatıb.

"Levada-mərkəzi" tərəfindən keçirilən sorğu göstərir.

Araşdırmanın nəticələri mərkəzin saytında dərc olunub.

Sorğuya əsasən, SSRİ-nın dağılmasından yayınmaq istəyənlər 66 faiz təşkil edib.

Amma bir il əvvəl bu cür düşünən insanların sayı 58 faiz idi.

Hazırkı nəticələr son 10 il ərzində sorguda əldə olunan maksimum nəticədir.

65 faiz göstərici sonuncu dəfə 2005-ci ildə, tam rekord isə 2000-ci ildə, respondentlərin 75 faizi SSRİ-nın dağılmasına təəssüfləndiklərini bildirən zaman qeydə alınıb.

"Levada-mərkəzi" tərəfindən rəyi soruşulanların 60 faizinin fikrincə, Sovet İttifaqının dağılmasından yayınmaq olardı. Bu da son 13 il ərzində qeydə alınan maksimum nəticədir.

Sovetlərin ideallaşdırılması

SSRİ-nin dağılmasından təəssüf edənlərin çoxu 55 yaşlı insanlardır.

Lakin son iki il ərzində 18-24 yaşlı rusiyalılar arasında bu fikirdə olanların sayı artıb.

SSRİ-nı geri qaytarmaq istəyənlərin əsas səbəbləri aşağıdakılardır:

  • Vahid iqtisadi sistemin dağılması (54 faiz);
  • İnsanların böyük dövlətə aid olmaq hissini itirmək(36 faiz),
  • Qarşılıqlı etimadsızlıq və qəddarlığın artması (34 faiz).

26 faiz isə SSRİ-nin dağılmasıyla qohumları və dostlarıyla əlaqələrin pozulduğunu qeyd ediblər.

SSRİ-nın dağılmasından təəssüflənənlərin minimal sayı 2012-ci ildə qeydə alınıb.

O zaman respondentlərin 49 faizi bundan təəssüfləndiyini bildirib.

"Levada-mərkəzi"nin sosioloqu Karina Pipiyanın sözlərinə görə, SSRİ-nin dağılmasından təəssüflənənlərin sayının artmasının əsas səbəblərindən biri də təqaüd yaş həddinin artırılmasıdır, "Vedomosti" qəzeti yazır.

"Əhali SSRİ üçün nostalgiya hisslərini əsasən o dövrün güclü iqtisadiyyatı və rifahıyla bağlı qeyri-rasional düşüncələrlə izah edir. Bu arada rifah problemlərinin artması fonunda defisiti və kartları unudurlar".

"SSRİ-nin dağılması barədə təəssüf hisslərinin artması, xüsusilə tarixi pis bilən gənclər arasında sovetlərin ideallaşdırılması daha əvvəllər sovet Rusiyasında qəbul edilməyən - Stalin repressiyalarına bəraət, tarixin yenidən yazılması, 1990-cı illərdəki demokratik dəyişiklərin tam devalvasiyası kimi mövzuların yenidən qiymətləndirilməsinə və bərpasına gətirib çıxara bilər", Pipiya bildirib.

Putin və SSRİ

Kremldə Sovet İttifaqı üçün nostalgiyanı yersiz adlandırıblar.

"Böyük dövlət barədə danışsaq, bu barədə danışmağın çətin olmasına şübhə edən olmaz. Həm də bu yersizdir", - deyə Rusiya prezidentinin mətbuat katib Dmitri Peskov bildirib.

"Digər sosioloqlar tamamilə standart ifadələri deyəcəklər.Yəni insanlar onların gənclik dövrlərində hər şeyin dadlı, etibarlı və daha möhtəşəm olmasını danışmağa meyllidirlər", - deyə mətbuat katibi əlavə edib.

Putinin özü əvvəllər SSRİ-nın dağılmasını "şərtsiz" və "açıq-aşkar" fəlakət adlandırmışdı.

"Rusiya xalqı dünyada ən böyük bölünmüş xalq oldu", - Putin 2015-ci ilin oktyabrında bildirmişdi.

Putin 2005-ci ildə Federal Məclisə göndərdiyi müraciətdə Sovet İttifaqının dağılmasını "əsrin ən böyük geosiyasi fəlakəti" kimi qiymətləndirmişdi.

Bu ilin mart ayında, prezident seçkilərinə 2 həftə qalmış "Rusiyada baş verənlərdən nəyi dəyişmək istəyərdiniz?" sualına Putin belə cavab verdi: "Sovet İttifaqının dağılmasını".

Bu barədə daha geniş