Ermənistanın 2018-ci ili: "məxməri inqilab", 20 illik hakimiyyətin devrilməsi, korrupsiyaya qarşı mübarizə və başqa önəmli hadisələr

Yerevan Fotonun müəllifi AFP
Image caption Serj Sarkisyanın baş nazirliyinə etirazlar

"Məxməri inqilab: Kiçik "addım at" "iri addımlara" neçə çevrildi?

2018-ci il Ermənistan üçün sakit il olmadı, hadisələrin dinamik inkişafı dayanmadı: etirazlar səngimədi.

Hər şey ondan başlamışdı ki, ölkə bu il prezident idarəetmə üsulundan parlament idarəetmə üsuluna keçirdi və 2015-ci ildə konstitusiyaya dəyişiklik olanda heç kmin şübhəsi yox idi ki, Serj Sarkisyan bu yolla hakimiyyətini davam etdirmək niyyətindədir.

Amma Sarkisyanın bundan sonra da hakimiyyətdə qalmasını istəməyən ictimai-siyasi təşkilatlar və sıravi vətəndaşlar parlament binası önündə etiraz aksiyalarına başladılar.

Keçmiş jurnalist, millət vəkili Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının çağrışı ilə martın 31-də Ermənistanın ikinci şəhəri Gümrüdə keçirdikləri aksiya aprelin 13-də Yerevanda vətəndaş itaətsizlik aksiyaları ilə davam etdi.

Çoxları bu "Addım at" adı altında keçirilən təşəbbüsün əhali tərəfindən bu dərəcədə dəstək alacağını gözləmirdi.

Aprelin 17-də parlament bu etirazlara əhəmiyyət verməyərək Serj Sarkisyanı baş nazir seçdi.

Fotonun müəllifi GETTY/ EMMANUEL DUNAND
Image caption Serj Sarkisyan

1 həftə çəkən baş nazirlik

Ancaq Serj Sarkisyanın səlahiyyətləri daha da artırılmış baş nazir kimi hakimiyyətinə davam etmək planı baş tutmadı. Baş nazir vəzifəsində Sarkisyan cəmi bir həftə qaldı.

Bu bir həftə ərzində isə paytaxt Yerevanın mərkəzində fasiləsiz aksiyalar elan edilmişdi. On minlərlə insan hər gün axşam təyin olunmuş vaxtda Fransa meydanında qurulmuş tribunanın ətrafına mitinqə toplaşırdı. Minlərlə insan burada çadırlarda gecələyirdi.

Tələbə və yuxarı sinif şagirdləri dərslərə getmir, şəhərdə yollarda barrikadalar qurub nəqliyyatın hərəkətini dayandırır, idarə və müəssisələri dövrəyə alıb onların işini iflic edirdilər.

Etirazlar ölkəboyu yayılmışdı.

Serj Sarkisyan istefaya getməyə məcbur oldu.

"Nikol haqlıdır, mən səhv... Yaranmış vəziyyətin bir neçə həlli var, lakin mən onlardan heç birinə getmərəm. Bu, mənlik deyil... Mən ölkə rəhbəri postu, baş nazir vəzifəsini tərk edirəm", Serj Sarkisyanın istefa bəyanatında deyilir.

Əhali onun istefasını küçə və meydanlarda şənlik və rəqslərlə qarşıladı.

Özünü qalib hesab edən kütlə baş nazir vəzifəsinə etiraz hərəkatının lideri Nikol Paşinyanın seçilməsini tələb etdi.

Fotonun müəllifi AFP
Image caption Nikol Paşinyan

Meydandan baş nazirliyə

Mayın 8-də Ermənistan Milli Məclisinin xüsusi iclasında etiraz hərəkatının lideri, müxalif "Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan Ermənistan Respublikasının baş naziri vəzifəsinə seçildi.

Ancaq bu da etirazsız ötüşmədi, Sarkisyanın partiyası asanlıqla təslim olmurdu, ona görə yeni etiraz dalğası başlandı və parlament xalq hərəkatının liderini baş nazirliyə gətirməyə məcbur qaldı.

Paşinyan parlamentdəki "Yelk" fraksiyasının tərkibində olan kiçik müxalif "Vətəndaş Müqaviləsi" partiyasının lideri idi.

O, 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Oragir və Haykakan Zhamanak qəzetlərinin müxbiri və redaktoru olub.

Keçmiş prezident və Serj Sarkisyanın yaxın müttəfiqi olan Robert Koçaryanın tənqidçilərindən biri kimi tanınıb.

Siyasətə 2000-ci illərin əvvəllərində gələn, cənab Sarkisyanın 2008-ci ildə ilk dəfə prezident seçilməsindən sonra ona qarşı keçirilən etirazlarda iştirak etməsinə görə 7 illik həbs cəzası alan və erkən azadlığıa çıxan Paşinyan iki dəfə millət vəkili seçilib.

Image caption Paytaxt Ağsaqqallar Şurası mandatları üçün mübarizədə iştirak etmək üçün Ermənistan Mərkəzi Seçki Komissiyasında 12 siyasi qüvvə qeydə alınmışdı

Yerevan merinin seçkiləri: yeni hakimiyyət üçün ilk sınaq

Yerevan meri Taron Marqaryan iyulun 9-da istefaya getdi və Yerevan Ağsaqqallar Şurası mer seçkisi keçirdi.

Bu, hakimiyyətə yeni simanın - Nikol Paşinyanın rəhbərliyindən sonra ilk seçkilər idi.

Seçkini Paşinyanın dəstəklədiyi "Mənim addımım" seçki blokunun lideri qazandı: komediya aktyoru, ssenarist, prodüser 41 yaşlı Hayk Marutyan Yerevan meri vəzifəsinə seçildi.

Image caption Paşinyan və onun siyasi tərəfdarları seçkini böyük səs üstünlüyü ilə qazandı

Növbədənkənar parlament seçkiləri. Paşinyanın qələbəsi

Yerevan bələdiyyə seçkilərində qələbədən sonra Nikol Paşinyan növbədənkənar parlament seçkiləri gününü yaxınlaşdırmaq tədbirlərinə başladı.

Bu müddət ərzində isə Paşinyan parlamentdə hələ də hakim mövqeyini qoruyub saxlayan Serj Sarkisyanın partiyası ilə fikir ixtilafları yarananda (növbədənkənar seçkinin keçirilməsi), yenə də xalqı meydana toplayırdı.

Dekabrın 9-da erkən parlament seçkisində isə Paşinyan və onun siyasi tərəfdarları seçkini böyük səs üstünlüyü ilə qazandı. Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçı Partiyası isə yetərli səs toplamadığı üçün parlamentdən kənarda qaldı.

Fotonun müəllifi Fotonun müəllifi
Image caption Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan saxlanıb

"Korrupsiyanın olmadığı ölkə"

"Korrupsiyanın olmadığı ölkə" Nikol Paşinyanın əsas devizlərindən biridir. Ona görə də, o, baş nazir seçilər-seçilməz ölkədə korrupsiya hallarının araşdırılması sürətləndi.

Ermənistan İstintaq Komitəsi sabiq baş nazir Hovik Abrahamyana, onun qardaşı Conik Abrahamyan və keçmiş respublika polis rəisi Alik Sarkisyana qarşı cinayət işləri açıb.

İstintaq Komitəsi keçmiş nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan və sabiq millət vəkili Mher Sedrakyanın fırıldaqçılıqda və qeyri-qanuni pul tələb etməkdə şübhəli bilindiklərini bildirib. General və millət vəkili Manvel Qriqoryan ordu üçün nəzərdə tutulan ərzaq və texnikanı mənimsədiyi üçün həbs olunub.

Serj Sarkisyanın qardaşları Levonun və Aleksandrın ailə üzvləri qeyri-qanuni varlanmaqda şübhəli qismində istintaqa cəlb ediliblər.

Lakin qeyri-qanuni varlanmaqda şübhəli bilinən şəxslər istintaq orqanlarını onların qazanc mənbələrini ciddi araşdırmamaqda günahlandırırlar.

Aleksandr Sarkisyan pullarını hələ sovet dövründən qazandığını bildirib və Paşinyan hakimiyyətini "qanunun tələblərinə zidd" hərəkətlərdə ittiham edib.

Fotonun müəllifi SUT.AM
Image caption Ermənistanın sabiq prezidenti Robert Koçaryan (solda) 26 iyulda ifadə verib

Robert Koçaryanın həbsi

Yeni hakimiyyət 2008-ci il 1 mart hadisələri və 2008-ci il prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı cinayət işlərinin başa çatdırılmasını vacib hesab edir.

Həmin vaxt Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak olmuş, 200-dən çox insan xəsarət almışdı.

Keçmiş prezident Robert Koçaryan "1 mart 2008-ci il" cinayət işi üzrə "konstitusiya quruluşunu dəyişmək, güclə hakimiyyəti ələ keçirməkdə" ittiham olunur. O, hazırda həbs edilib.

Ancaq Robert Koçaryan və tərəfdarları ittihamları əsassız sayır, bunu "siyasi qisasçılıq" adlandırırlar.

Fotonun müəllifi ODKB-CSTO.ORG
Image caption Ermənistan Yuri Xaçaturovu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibliyindən geri çağırıb

General Xaçaturovun geri çağırılması və KTMT-də münasibətlər

2008-ci il 1 mart cinayət işi ilə bağlı o zaman Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi olan Yuri Xaçaturovun vəzifədən geri çağrılması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri arasında hərc-mərcliyə səbəb olub.

Xaçaturov təşkilatın baş katibidir və rotasiya ilə əvəz edilən bu vəzifədə 2020-ci ilədək Ermənistan nümayəndəsi olmalıdır.

Lakin Ermənistanda Xaçaturovun 1 mart işi ilə bağlı məsuliyyətə cəlb olunması Ermənistanla KTMT-nin digər üzv ölkələri arasında gərginlik yaradıb.

Hələlik isə Xaçaturovu onun müavini, Rusiya nümayəndəsi Valeri Semerikov əvəz edir. Təşkilatın noyabrın əvvəlində Astanada keçirilən iclasında üzv ölkə liderləri baş katib məsələsi ilə bağlı konsensusa gələ bilməyiblər.

General Xaçaturov hakimiyyətin ona qarşı irəli sürdüyü ittihamları qəbul etmir.

Fotonun müəllifi KAREN MİNASYAN/ GETTY IMAGES
Image caption Almaniya kansleri Angela Merkel ilk dəfə Ermənistanda olub

Önəmli səfər və mesaj

Avqustun 24-də regional səfər çərçivəsində Almaniya kansleri Angela Merkel ilk dəfə Ermənistanda olub.

Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı Merkel Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi çərçivəsində ölkəsinin öhdəlik götürməyə hazır olduğunu bildirmiş və Ermənistanla Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması məsələsində kömək vəd etmişdi.

Fotonun müəllifi US EMBASSY İN ARMENİA
Image caption ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton (solda) Nikol Paşinyanla

Regiona səfər etmiş ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton-un Ermənistanda dediyi "Amerika silahı Rusiya silahından "yaxşıdır" sözləri hər iki respublikada diqqət cəlb etdi.

Bəziləri bunu ABŞ-ın Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq cəhdi kimi qiymətləndirdi, bəzi tənqidçilər isə münaqişənin həllində iştirak edən dövlətin (ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri ABŞ-dır) tərəfləri silahlandırmaq niyyətini xoş qarşılamadı.

Fotonun müəllifi Getty Images
Image caption "Məxməri inqilab" Ermənistana "İlin ölkəsi" adını qazandırıb

Ermənistana "2018-ci ilin ölkəsi" nominasiyası

"Məxməri inqilab" Ermənistana "İlin ölkəsi" adını qazandırdı.

Britaniyada çıxan nüfuzlu "The Economist" dərgisi bu mükafatla demokratik fəaliyyətində daha çox tərəqqiyə nail olan ölkələri təltif edir.

Ermənistanı seçməsini dərgi onunla izah edir ki, "qeyri-sakit bir regionda yerləşən qədim və əsasən pis idarə olunan bu dövlət, bu il demokratiya və yenilənməyə imkanı tapdığını nümayiş etdirib".

Məqalədə deyilir ki, seçim etmək çox çətindir, ölkənin əldə etdiyi demokratik nailiyyətlər onun gələcəkdə tərəqqi yolundan dönməyəcəyinə zamin ola bilməz. Məsələn, bu nominasiyada ötən ilin qalibi Fransa bu gün etiraz və iğtişaşlara qərq olub, 2015-ci ilin qalibi Myanma isə "qanlı hadisələr yaşamaqdadır", müəlliflər qeyd edir.

Image caption Frankofoniya sammiti

Yerevanda Frankofoniya sammiti

Oktyabrın 11-12-də Yerevanda Beynəlxalq Frankofoniya Təşkilatının sammiti keçirilib.

Sammit Yerevanda Frankofoniya həftəsinin son günlərinə təsadüf edib. Şəhərin mərkəzi meydanında 26 iştirakçı ölkənin tarixi, məişəti və yeməklərindən bəhs edən pavilyonlar açılıb.

Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) 17-ci Yerevan sammitinə 84 ölkə nümayəndə heyəti, 38 ölkə baş nazir və ya prezident səviyyəsində təmsil olunurdu. Həmçinin, Fransa prezidenti Emmanuel Macron və Kanadanın baş naziri Justin Trudeau da sammit iştirakçıları arasında olub.

Bu barədə daha geniş