"Belarus burulğanlı bir dövrə girir”. Rusiya ilə mübahisə necə inkişaf edə bilər

Лукашенко и Путин Fotonun müəllifi TASS/Фадеичев Сергей

Ötən ilin sonunda Rusiya-Belarus arasında münasibətlər kəskin şəkildə pozulduqdan sonra Aleksandr Lukaşenko yenidən iki ölkə arasında parçalanmayan ittifaq barədə bəyanat verib.

Buna hər iki tərəfin ciddi bəyanatları səbəb olmuşdu.

Rusiya dövlət kanalları Belarus haqqında mənfi fikirlər səsləndirir, Minsk isə diplomatların geri qaytarılması barədə ABŞ-la danışıqları aktivləşdirirdi.

"Biz böyük qardaşlarlımızla əməkdaşlıq etməkdə qərarlıyıq. Mən amma həmişə xəbərdarlıq edirəm - insan kimi", - deyə cümə axşamı Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikovla görüşdə bildirən Aleksandr Lukaşenko "Belarus və Rusiya bir yerdə olmağa məhkumdurlar" deyə əlavə edib.

Lakin bu yalnız bir sükunət ola bilər. Fevralın 1-dən Belarus öz ərazisində Rusiya neftinin tranzitinə tarifləri qaldırır, bu ilin sonunda isə Belarusa Rusiya qazının təchizatı ilə bağlı növbəti müqavilə başa çatır.

Rusiya-Belarus münasibətləri ənənəvi olaraq eniş-yoxuş dövrləri yaşayır. Lakin ötən ilin sonlarında baş verən sonuncu böhranı müşahidəçilər xüsusilə kəskin adlandırıblar.

Lukaşenko ölkələri qardaş dövlətlər adlandırmaqdan imtina etmək lazımdır deyərək Rusiyanı müttəfiqini itirəcəyi ilə hədələyib.

Rəsmi Moskva Minski ittifaq müqaviləsini pozmaqda ittiham edir və onu Belarusda suverenliyə qarşı zərər kimi qəbul edilən tam inteqrasiyaya təkid edir.

Ötən həftə Belarus rəhbərliyi ABŞ-la dövlətlərarası münasibətləri tam bərpa etmək və 2008- ci ildə Belarusda insan haqqlarının pozulması səbəbiylə ABŞ tərəfindən tətbiq edilən sanksiyalar nəticəsində səfirlə birgə ölkədən çıxarılan diplomatları geri qaytarmaq niyyətində olduğunu bəyan edib.

Mübahisənin mahiyyəti

Hazırkı gərginliyin rəsmi səbəbi Rusiyanın neft sahəsində keçirdiyi vergi manevrləridir.

Bu ildən neft hasilatına qoyulan vergi artırılacaq, ixrac vergisi isə sıfıra endiriləcək.

Hazırda Belarus Rusiya neftini rüsum ödəmədən alır, islahatlar nəticəsində yaxın 5 il ərzində Belarus üçün qiymətlər demək olar ki, təxminən dörddə bir nisbətdə artan qlobal səviyyəyə qədər yüksələcək.

Nəticədə, neftin qiymətindən asılı olaraq Belarus büdcəsindən 8-12 milyard dolların itirilməsi təhlükəsi var.

Fotonun müəllifi TASS/Viktor Drachev
Image caption Fevralın 1-dən Belarus Rusiya neftinin tranzit tariflərini qaldırıb

Minsk ittifaq dövlətləri və Avrasiya İqtisadi Birliyi müqaviləsinə müraciət edərək öz itkilərinin kompensasiya edilməsinə ümid edirdi.

Hansı ki, Lukaşenkonun qeyd etdiyinə görə, tərəflər bir-birinin iqtisadi vəziyyətini pisləşdirməmək barədə öhdəlik götürüblər.

Buna cavab olaraq Moskva 1999-cu ildə imzalanan ittifaq dövlətinin yaradılması barədə müqaviləyə qayıtmağı təklif edib.

Burada tərəflər ittifaq dövlətinin ümumi parlamentinin, himnin və gerbinin yaradılması, vahid valyutaya və icra orqanlarının vahid şəbəkəsinə (maliyyə, gömrük, arbitraj, məhkəmə və s) keçmək niyyətlərini elan etmişdilər.

Minsk belə bir birlik planının Belrusun suverinliyinə təcavüz kimi qiymətləndirmişdi. KİV-lərdə tamhüquqlu birliyin yaradılmasının Vladimir Putinə Rusiya konstutisiyası tərəfindən qoyulan prezidentlik müddəti məhdudiyyətlərindən yan keçməyə və birləşmiş dövlətin başçısı seçilməsinə şərait yaradacağı barədə ehtimallar dərc olunub.

Ötən ilin dekabrında Lukaşenko Belarusun Rusiyanın tərkibinə daxil olmasına imkan verməyəcəyini bəyan edib. Baxmayaraq ki, rəsmi Moskva bu təklif barədə rəsmən müraciət etməyib. Kreml mütəmadi olaraq bir ölkəyə birləşəcəyindən söhbət getmədiyinə əmin edir.

Rəsmi Moskvanın mövqeyi əvvəlki kimi qalır.

"Kənar ölkənin müəssisələrinə subsidiyalar vermək qəribə olardı. Onlar bizim vergi ödəyicilərimiz deyillər, bizim büdcəyə pul ödəmirılər. Əlbəttə ki, dərin inteqrasiya dərəcəsinə sahib olsaydıq bunu etmək olardı. Biz elə bu barədə danışırıq. Əgər bu cür rejim istəyirsinizsə, onda gəlin ittifaq razılaşmasına geri qayıdaq", - deyə Rusiyanın baş nazirinin birinci müavini, maliyyə naziri Anton Siluanov yanvarın 15-də RBK-ya verdiyi müsahibədə bildirib.

2018-ci ilin sonunda Moskvada keçirilən danışıqlardan sonra Aleksandr Lukaşenko Rusiya neftini başqasıyla əvəzləməklə hədələyib.

"Mən artıq çoxdandır ki, qarşıma vəzifə qoymuşam və biz bunu həll etməliyik: neftin Pribaltika limanları vasitəsilə alternativ təchizatını açmalıyıq. Əgər litvalılar razılaşmırsa, latviyalılarla razılaşmaq və bu nefti almaq lazımdır. Novopolotsk neft emalı zavodunda nefti emal etmək və Baltik respublikalarını təmin etmək lazımdır", - deyə hökumətə tapşırıq verən Lukaşenko hazırda qlobal qiymətlər ödəyən Baltik ölkələrinə neft məhsullarını Belarusdan almağın ucuz başa gələcəyini qeyd edib.

"Əgər Belarus respublikası hökuməti prezidentin tapşırığını yerinə yetirməyə nail olarsa, şübhəsiz ki biz buna şad olarıq. Əgər bizim partnyorlar Rusiya neftindən ucuz neft taparlarsa, onlar daha çox qazanarlar. Biz partnyorlarımızın uğuruna sevinməməyə bilmərik", - deyə Rusiyanın Belarusadakı səfiri Mixail Babiç "Rossiya 24" telekanalının efirindən bildirib.

Fotonun müəllifi TASS/Sergey Savostyanov
Image caption Mixail Babiç ötən ilin avqustunda Rusiyanın Minskdəki səfiri təyin edilib

Kreml üçün qiymətli böhran meneceri adlandırılan Mixail Babiç ötən ilin avqust ayında Rusiyanın Belarusdakı səfiri təyin edilib.

Son günlər Belarus regionlarına fəal şəkildə səfər edən Babiç o cümlədən hərbi-sənaye komleksləri ilə əlaqəsi olan mühüm Belarus müəssisələrini ziyarət edir.

Dekabrın sonunda inteqrasiya məsələlərinin həlli məqsədilə hər iki tərəfin nümayəndələrindən ibarət birgə işçi qrupu yaradılıb. Babiçin sözlərinə görə, qrupun Rusiya hissəsi artıq işə başlayıb və 1999-cu ildəki İttifaq Müqaviləsinin bütün müddəalarının inventarlaşdırılmasına başlayıb.

Bu qrupun işinə Moskva və Minskdəki ekspertlər şübhə ilə yanaşırlar.

"İstənilən problemi boğmaq üçün ən yaxşı vasitə onun həlli üçün hansısa qrup və ya komissiya yaratmaqdır", - deyə Minskdən olan təhlilçi Aleksandr Klaskovskiy xatırladıb.

"Dramatik dövr"

Yeri gəlmişkən, Rusiya neft məhsularının (benzin, dizel yanacağı və s.) Belarusda təchizatı 10 dəfədən çox azalıb.

Minskin iddialarına görə, təchizatın məhdudlaşdırılması təşəbbüsü Belarusun Qərbə yenidən mal ixrac etməsindən şübhələnən Moskvadan gəlib.

Fevralın 1-dən Belarus tərəfindən ölkə ərazisində Rusiya neftinin tranzit qiymətləri qaldırılıb. Belarusun Antiinhisar tənzimləmə və ticarət nazirliyi tariflərin regionda ən aşağı qiymətlər olaraq qaldığına əmin edib.

Hər iki tərəf hər şeydən əvvəl milli maraqları əsas tutduqlarını təkrarlamaqda davam edirlər.

"Mən baş verən qarşıdurmanın uzun müddətli olduğunu və yalnız hansısa müvəqqəti barışığın ola biləcəyini düşünürəm. Minsk tərəfi ittifaq dövlətini rəsmən ləğv etməyəcək. Amma Belarus tərəfi "biz qarşı deyilik, amma evi damından başlayıb tikmək lazım deyil" ritorikası ilə özü üçün sərfəli olmayan vahid valyuta kimi layihələri sabotaj etməyə çalışır", - deyə ekspert Aleksandr Klaskovskiy əlavə edib.

"Bu Belarus-Rusiya münasibətləri janrıdır. Bu cür mübahisələr kifayət qədər mütəmadi baş verir. Bu elə Belarus-Rusiya ittifaqı , Avrasiya ittifaqı layihəsinin canlı, aktual və gündəmdə olmasının əlamətidir. Hər iki tərəf onu maksimum şəkildə, o cümlədən öz maraqlarını nəzərə almaqla həyata keçirmək istəyir. Və maraqların olması hazırda bizim müşahidə etdiyimiz sövdələşmənin kəskinliyini və müntəzəmliyini ehtimal edir", - deyə moskvalı politoloq, Moskva Dövlət Beynəlxal Əlaqələr İnstitutunun dossenti Kirill Koktış bildirib.

Təhlilçilər inteqrasiya emosiyalarının növbəti "partlayışını" gələn Yeni İl bayramına proqnozlaşdırırlar.

2019-cu ilin sonunda Rusiya qazının Belarusa təchizatının növbəti müqaviləsi başa çatır.

"Yaxın illər Belarusun taleyi, onun gələcəyi üçün çox kritik olacaq. Hazırda problem inteqrasya məsələsi deyil, Belarus rəhbərliyi hansısa islahatlar barədə qərar qəbul etməlidir. Onlar iqtisadi, ictimai-siyasi islahatlardan, vətəndaş cəmiyyəti ilə risk etməkdən, titullu millətin dilə münasibətindən qorxurlar", - deyə Aleksandr Klaskovskiy proqnoz verib.

"Bunlar çətin problemlərdir. Əgər islahatlar edilməsə və növbəti dəfə Kremllə "anlayışlı" razılıq əldə etməyə və ya bu məsələlərin öz-özünə həll olunmasına ümid edilsə yaxşı olmayacaq. Belarus çox burulğanlı və dramatik bir dövrə daxil olur", - deyə Klaskovskiy bildirib.

Qərbə dönüş?

Rusiya subsidiyalarının azaldılması qarşısında Minsk digər mənbələrdən maliyyə dəstəyinin cəlb edilməsində maraqlıdır.

Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, Rusiyanın vergi manevrlərinin nəticələri kompensasiya edilmədən Belarusun dövlət borcu ÜDM-in 70 faizinə qədər artacaq (BVF-nin metodologiyasına görə hazırda Belarusun dövlət borcu ÜDM-in 55 faizinə yaxındır; Belarus Maliyyə Nazirliyinin hesablamasına görə, 2018-ci ilin dekabrın 1-nə bu rəqəm ÜDM-in 36 faizini təşkil edib).

Dövlətin xarici borcunun böyük hissəsini, təxminən üçdə ikisi bu il Rusiyaya ödəmələrlə bağlıdır.

"Həssas məqam ondan ibarətdir ki, Belarus rəhbərliyi köhnə borclarını əsasən yeni maliyyələşdirmələrin hesabına ödəyir, o cümlədən Rusiyadan aldığı vəsaitlərlə. 2018-ci ilin dekabrında Belarus Maliyyə Nazirliyi bəyan edib ki, Belarus köhnə borclarını yenidən maliyyələşdirmək üçün Rusiyadan 1 milyard dollar dəyərində yeni kredit istəyir ", - deyə "Belarus xəbərləri"nin təhlilçisi Dmitriy Zayts qeyd edib.

Təhlilçilərin fikrincə, əgər Rusiya və onun nəzarətində olan stabilləşdirmə və inkişaf üzrə Avrasiya Fondu kreditləri gecikdirsə Minsk üçün çətin dövrlər başlayacaq.

Ekspertlər Belarusun BVF ilə danışıqları bərpa edəcəyini proqnozlaşdırır və bununla yanaşı Qərb kreditlərinin şərtsiz olmayacağını qeyd edirlər.

Əgər Rusiya inteqrasiyanın dərinləşməsini tələb edirsə, BVF Minski qorxudan ciddi iqtisadi islahatlar tələb edir.

"Böyük ehtimalla Qərb Belarusa kömək etməyəcək. Birincisi Belarus rəhbərliyi ittifaq dövlətinin yaradılması ideyasından və Rusiyanın nəzarət etdiyi digər inteqrasiya strukturlarında iştirak etməkdən imtina etmir. İkincisi isə münasibətlərin normallaşdırılması üçün bütün səylərə baxmayaraq, Belarus rəhbərliyi demokratiya, insan haqqlarına böyük hörmət planında Qərbə qarşı addım atmayıb", - deyə Aleksandr Klaskovskiy bildirib.

"Lukaşenkonun mövqeyi Qərbə kifayət qədər aydın şəkildə təsvir edilib və çatdırılıb. Əgər dəyərlər varsa demək onlara maliyyə vəsaiti də var. Və Mənim fikrimcə, Qərb öz dəyər siyasətini maddi cəhətdən möhkəmlədirməyə hazır olmadığından, Belarusun buna ümid etməyi faydasızdır. Aleksandr Qriqoryeviç üçün Qərbdən istifadə yalnız bir funksiya üçün, Rusiyanı qorxutmaq üçün müqəvva kimi lazım ola bilər. Rusiya isə bunu çox gözəl başa düşür ", - deyə Kirill Koktış bildirib.

Bu barədə daha geniş