Nikol Paşinyan: "Qarabağın Azərbaycan icmasını Azərbaycan prezidenti təmsil edir"

Nikol Paşinyan Fotonun müəllifi Reuters
Image caption Nikol Paşinyan

Erməni tərəfi "Dağlıq Qarabağ Respublikasının tamdəyərli iştirakını [danışıqlar prosesində] israr edəndə, Azərbaycan da öz növbəsində Qarabağın Azərbaycan icmasının iştirakını tələb edəcək", Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

O, bildirir ki, Qarabağın Azərbaycanlı icmasını Azərbaycanın prezidenti və digər rəsmi şəxsləri onsuz da danışıqlarda təmsil edir, amma Ermənistanın Qarabağın erməni icmasını təmsil etməyə mandatı yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyi isə buna cavab olaraq bəyanat yayıb ki, beynəlxalq ictimaiyyət "işğal edilmiş ərazilərdə" məskunlaşan "erməni icması üzvlərini Azərbaycan vətəndaşları" kimi tanıyır.

Azərbaycan XİN hesab edir ki, "belə şərhlər Ermənistan tərəfinin münaqişənin yalnız sülh yolu ilə həlli çağırışına heç də kömək etmir".

"Bizim vacib məsələlərdən biri..."

Nikol Paşinyan Milli Məclisdə hökumət proqramını təqdim edərkən Dağlıq Qarabağ məsələsinə dair sualları cavablandırararaq deyib ki, onlar üçün Dağlıq Qarabağın öz taleyinin müəyyənləşdirilməsində həlledici rol oynaması son dərəcə mühümdür.

O, Ermənistanın baş naziri olaraq, danışıqlarda yalnız Ermənistan Respublikası adından çıxış edə biləcəyini və Ermənistanın "həmişəki kimi Artsaxın (Dağlıq Qarabağın - red.) təhlükəsizlik qarantı olduğunu" qeyd edib.

"Əslində, bizim üçün vacib məsələlərdən biri də Artsaxın danışıqlar prosesində tammiqyaslı iştirakıdır",- deyə Paşinyan bildirib.

"Keçmişdən məlumdur ki, Azərbaycan tərəfi hər dəfə bu təkliflərə və Artsaxın danışıqlar tərəfi kimi iştirakı ilə bağlı mövzuya bu şəkildə reaksiya verir: əgər erməni tərəfi danışıqlar prosesinə Artsaxı da cəlb etsə, Azərbaycan tərəfi öz növbəsində, necə deyərlər, Qarabağın azərbaycanlı icmasının nümayəndələrini qoşacaq", - Ermənistanın baş naziri deyib.

Fotonun müəllifi ANADOLU AGENCYY/GETTY IMAGE
Image caption Nikol Paşinyon və İlham Əliyev

"Azərbaycanlı icması Azərbaycan seçkilərində iştirak edirsə..."

Paşinyan belə mövqeyin ciddi izahat tələb etdiyini bildirib və Qarabağ azərbaycanlılar icmasının "onsuz da həmişə və bu gün də danışıqlar prosesində" iştirak etdiyini qeyd edib.

"Əslində Qarabağın azərbaycanlı icmasının iştirak etmədiyi bircə müzakirə də olmayıb. Necə? Sadəcə ona görə ki, Qarabağın azərbaycanlı icması sayılanlar Azərbaycanın prezident və parlament seçkilərində iştirak edir, Azərbaycan Respublikasının vətəndaşıdırlar və deməli, Azərbaycan prezidenti həm də Qarabağ icması tərəfindən seçilib.

Buna görə də Azərbaycan prezidenti və Azərbaycan hökuməti və Azərbaycan parlamenti həm də bu adamları təmsil etmək üçün mandata malikdir", - Paşinyan deyib.

Onun sözlərinə görə, Qarabağın danışıqlarda tammiqyaslı iştirakı təklifinə cavab olaraq Azərbaycanın, öz növbəsində, Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirakını tələb etməsi bir sıra suallar doğurur".

"Məsələn, əgər Azərbaycan rəhbərliyi bütöv Azərbaycanı və Azərbaycan xalqını təmsil etmək səlahiyyətində deyilsə, bu rəhbərlik danışıqlarda hansı mandatla iştirak edir?" - Paşinyan sual edir.

"Bizim Qarabağ xalqını təmsil etmək üçün mandatımız yoxdur"

"Bizim hökumətimiz açıq danışır: bizim Qarabağı və Qarabağ xalqını təmsil etmək üçün mandatımız yoxdur, belə bir sadə səbəbə görə ki, Qarabağ və Qarabağ xalqı bizim seçkilərimizdə iştirak etmir. Onların öz hökuməti, öz parlamenti və danışıqlar aparan öz nümayəndələri var.

Mən Qarabağ nümayəndələrinin Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb edilməsinə dair aparılan müzakirələri çox ciddi irəliləyiş hesab edirəm. Çünki mən Dağlıq Qarabağ Respublikasının danışıqlar prosesinə cəlb edilməsi üçün çox konkret üsullar və metodlar görürəm.

Və biz hazırda bu üsul və metodların müzakirəsi prosesindəyik, o cümlədən, biz bunları beynəlxalq partnyorlarımızla da müzakirə edəcəyik", - Ermənistan baş naziri əlavə edib.

"Əgər Azərbaycan xalqını sülhə hazırlayacaqca..."

Firavan Ermənistan fraksiyasının nümayəndəsi Arman Abovyanın xalqları sülhə hazırlamaq çağırışı barədə sualına cavab olaraq Pashinian xatırladıb ki, söhbət hər iki xalqın sülhə hazırlanmasından gedir:

"Əgər Azərbaycan öz xalqını sülhə yox, müharibəyə hazırlayırsa, Ermənistanın reaksiyası da buna müvafiq olmalıdır", - Paşinyan deyib.

Azərbaycan XİN-i: "Paşinyan belə bəyanatlarla vəziyyəti daha da gərginləşdirməkdənsə..."

Azərbaycan XİN-i hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi bəyanatlarla mövcud vəziyyəti daha da gərginləşdirməyə deyil, münaqişənin həlli istiqamətində nəticəyə yönəlik danışıqlara zəmin yaratmalıdır.

"Ermənistan baş nazirinin bəyanatlarından onun mövqeyini anlamaq mümkün deyil; bir tərəfdən münaqişənin həlli üçün sülh şəraitinin yaradılmasının önəmindən danışan Ermənistan rəsmisi, digər tərəfdən danışıqlar prosesinin formatının dəyişdirilməsinə cəhdlər edir, Azərbaycanı guya ki, əhalisini sülhə deyil, müharibəyə hazırlamaqda, "aqressiv ritorikada" ittiham etməyə çalışır", - XİN sözçüsü Leyla Abdullayeva deyib.

O, xatırladıb ki, söhbət Azərbaycanın "aqressiv ritorikası"ndan deyil, Ermənistanın aqressiv hərəkətlərindən gedir: "Azərbaycan, torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına və bir milyonadək əhalisinin məcburi köçkün vəziyyətinə düşməsinə rəğmən bu gün Ermənistanla münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparır. Münaqişənin həllinin bölgəmizə gətirəcəyi faydanı və inkişafı təşviq edir".

"Ermənistan baş naziri bu həqiqətləri və münaqişənin həllinin bölgəyə və konkret olaraq onun ölkəsinə gətirəcəyi faydanı nə qədər tez anlayarsa, bir o qədər tez Ermənistan əhalisinə vəd etdiyi "iqtisadi inqilabı" reallaşdıra bilər.

Ermənistan rəhbərliyindən bu günədək eşitdiklərimiz bölgənin inkişafı üçün müvafiq şəraiti yaratmaq və rifah naminə sülhü təmin etmək əvəzinə daha çox suallar doğurur. Bu da Ermənistan rəhbərliyinin mövqeyi. Əlbəttə, bütün bu yararsız şərhlər Ermənistan tərəfinin münaqişənin yalnız sülh yolu ilə həlli çağırışına heç də kömək etmir", Leyla Abdullayeva bildirib.

Bu barədə daha geniş