İslam İnqilabından sonra İranda 6 dəyişiklik

Tehran küçələri 1978-2018 Fotonun müəllifi Getty Images
Image caption Tehran küçələri 1978-də və 2018-də

20-ci əsrin dönüş nöqtələrindən biri sayılan 1979-cu il fevralın 11-də İranda İslam İnqilabı nəticəsində hökmranlıq edən şah devrildi. O vaxtdan bəri ölkə necə dəyişib?

1. Əhalinin say artımı

Parisdə mühacirətdə yaşayan Ayətullah Ruhullah Xomeyni 1979-cu ilin inqilabına başçılıq etmək üçün Tehrana gəldiyi zaman İran əhalisinin sayı 36 milyon idi.

O vaxtdan bəri əhalinin sayı 2 dəfədən də çox artaraq 81 milyona çatıb.

İslam İnqilabından sonra Ayətullah Xomeyninin dünyaya yeni şiə nəsli gətirmək çağırışının ardınca ölkədə "uşaq bumu" başladı.

1980-ci illərin sonunda, İraqla müharibə (1980-1988) hökumət resurslarını tükəndirdiyindən, demoqrafik siyasəti dəyişdi, əhalinin artımının qarşısını almaq ailə planlaşdırılması proqramı tətbiq olunmağa başlandı.

Lakin əhalinin getdikcə yaşlanmasını nəzərə alan hökumət 2010-ci ildə çoxuşaqlı ailə siyasətinə qayıtdı, ailə planlaşdırılması proqramına son qoyuldu.

Əhalinin artımı ölkənin əsas şəhərlərində müşahidə edilir.

1980-ci illərdə əhalisi 1 milyondan çox olan cəmi 2 şəhər var idi. İndi isə belə şəhərlərin sayı 7-dir.

1970-ci illərdə əhalisi 5 milyon olmuş Tehranda 1980-ci illərdə, İran-İraq müharibəsindən sonra əhalinin sayı 7,5 milyona çatıb.

Hazırda isə Tehranın 12 milyon sakini var.

2. İqtisadiyyatın həcmi azalıb

İranda əhalinin say artımı, müharibənin fəsadları və beynəlxalq sanksiyalar ölkənin iqtisadi potensialına təsir göstərib.

Quraq iqlimi olan İran əsasən, neft sənayesinə bel bağlayır və ölkənin iqtisadi durumu neft ixracından asılıdır.

Son 40 il ərzində ölkədə yaşayış səviyyəsi pisləşib.

1976-cı ildə ÜDM adambaşına $10,200 olubsa, 2017-də həmin göstərici $6,900 təşkil edib.

Təxminən eyni əhalisi olan Türkiyədə isə həmin dövr ərzində adambaşına ÜDM göstəricisi az qala, üçqat artıb.

İran-İraq müharibəsi zamanı İranın neft sənayesinə dəymiş zərərin ölkə iqtisadiyyatına təsiri ağır olub.

Bu gün ölkə, əsasən, neft və neft məhsulları, əsasən də ərzaq ixrac edir.

Maaşlarla müqayisədə əsas malların bahalaşması müşahidə edilib.

1978-ci ildə minimum əməkhaqqına 74 kiloqram qırmızı ət almaq olardısa, hazırda minimum əməkhaqqına yalnız 10 kiloqram qırmızı ət almaq mümkündür.

Ölkənin ən böyük problemi bu gün işsizlikdir.

Dünya Bankının məlumatına əsasən, 2018-ci ildə gənclər arasında işsizlik 30 faiz təşkil edib.

3. Su ehtiyatı azalır

Son 40 ildə İran üçün quraqlıq daha da ciddi problemə çevrilib və ölkənin su ehtiyatları qıtdır.

Ölkədə orta illik yağış norması 228 millimetrdir, bu isə dünyada illik orta normanın beşdə birini təşkil edir.

İran su ehtiyatlarının 90 faizini suvarmaya yönəldir, dünya üzrə isə kənd təsərrüfatına orta hesabla 69 faiz su ehtiyatı sərf olunur.

Qərbi Azərbaycan bölgəsində yağan yağış norması getdikcə azalır.

Orada yerləşən və dünyanın ən iri duzlu göllərindən biri sayılan Urmiyə gölü qurumaqdadır.

Su təchizatına problemlər yaradan əsas səbəblərdən biri böyüyən iri şəhərlərdə suya tələbatın artmasıdır.

Əhalinin sayına görə İranın 3-cü şəhəri hesab edilən İsfahanın mərkəzi hissəsindən əvvəllər Zayəndə çayı axardı, indi isə bu çayın suları şəhərin hüdudlarına çatmamış quruyur.

Fotonun müəllifi Getty Images
Fotonun müəllifi Getty Images

4. Boşanma halları artıb

Ölkədə evlənənlərin sayı 1979-cu ildən sonra xeyli artıb, lakin 2009-cu ildən sonra azalmağa başlayıb.

Boşanma hallarının sayı isə 1978-ci ildən bəri 4 dəfə artıb.

5. Ali təhsilli qadınların sayı artıb

1970-ci illərdən bəri qadınların ali təhsil almaq imkanları genişlənib, lakin işçi qüvvəsi arasında onların çəkisi aşağı olmaqda davam edir.

1978-ci ildə qadın tələbələrin yalnız 2,9 faizi universitetə qəbul olunub, 2016-cı ildə onlar 65,5 faizi təşkil edib.

Son 40 ildə universitetlərə qəbul olunmaq imkanı həm kişilər, həm də qadınlar üçün xeyli genişlənsə də, kişilərlə müqayisədə qadınlar arasında işsizlik ikiqat artıb.

6. Kitab və kinoteatrların sayı azalıb

Fotonun müəllifi Getty Images

Son 40 ildə kinoteatrlarda da vəziyyət dəyişib.

İnqilabdan əvvəl ölkədə təxminən 450 kinoteatr olub.

2015-ci ildə UNESCO-nun məlumatına görə, bütün ölkədə cəmi 380 kinoteatr olub.

Əhali artımını nəzərə almaqla, əvvəllər, hər 80 min nəfərin payına 1 kinoteatr düşürdüsə, indi hər 208 min nəfərə 1 kinoteatr var.

Kitablarla da bağlı buna bənzər tendensiya müşahidə olunmaqdadır - 1980-ci illərdə hər bir kitab orta hesabla 7 min tirajla çapdan çıxırdısa, indi bu göstərici orta hesabla 200-dək azalıb.

Bu barədə daha geniş