Robert Koçaryana "rüşvət alma" ittihamı da verilib

Robert Koçaryan həbs, Ermənistan prezidenti, sabiq prezident, Paşinyanın siyasəti Fotonun müəllifi yerkirmedia.am
Image caption Sabiq prezident Robert Koçaryan daha əvvəl həbsi ilə bağlı ittihamları "siyasi təqib" adlandırıb

Ermənistan Xüsusi İstintaq Xidməti (XİX) sabiq prezident Robert Koçaryana qarşı yeni ittiham irəli sürüb, Koçaryanın vəkillər qrupunun bəyanatında deyilir.

Keçmiş Ermənistan prezidenti Robert Koçaryanın vəkillər qrupu bildirir ki, hazırda "konstitusiya quruluşunu devirmək" maddəsi ilə ittiham olunan Robert Koçaryana qarşı həm də "xüsusilə böyük məbləğdə rüşvət alma" maddəsi üzrə ittiham irəli sürülüb.

Koçaryanın vəkili Aram Orbelyan Yerli KİV nümayəndələrinə açıqlamasında bildirib ki, ittihamın daha əvvəl sahibkar Siva Hambarrtsumyanın böyük məbləğdə rüşvət barədə bəyanatı ilə bağlı olduğunu ehtimal edir.

"Məndə heç bir əlavə məlumat, heç bir sübut yoxdur... Mən bu ehtimalların nəyə əsaslandığını bilmirəm. Bu, yanlış iddialardır, biz bununla razı deyilik", - vəkil Orbelyan deyib.

Orbelyan ittihamın təqdim olunmasında Koçaryanın digər iki vəkilinin iştirak etdiyini bildirib. Onun sözlərinə görə, Koçaryan ittihamı rədd edib.

Ötən il oktyabrda Silva Ambartsumyan 10 mədənin istismarına lisenziya almaq üçün 2008-ci ildə o zamankı təbiəti mühafizə naziri Aram Harutyunyana 14 milyon dollar məbləğində rüşvət verdiyini bildirmişdi. Hazırda Harutyunyana ittiham təqdim edilib və axtarışa verilib.

Robert Koçaryan 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə başqa şəxslərlə əlbir olaraq, Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham edilir.

Bu maddə üzrə 10 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

2008-ci il martında polis qüvvələrinin Serj Sarkisyanın prezident seçkisində qələbəsini tanımayan minlərlə insanın qatıldığı fasiləsiz etiraz aksiyalarını dağıtması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak olmuş, 200-dən çox insan xəsarət almışdı.

Robert Koçaryan ötən il iyulun sonunda həbs edilib. Lakin avqustun 13-də Apelyasiya Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri dəyşib.

Baş Prokurorluq Kassasiya Məhkəməsinə şikayət edib və Kassasiya Məhkəməsi dekabrın 7-də yenidən araşdırmaq üçün işi Apelyasiya Məhkəməsinə qaytarıb. Və həmin gün Apelyasiya Məhkəməsinin qərarı ilə Robert Koçaryan yenidən həbs edilib.

Bu barədə daha geniş