Azərbaycan XİN: "Ermənistan müdafiə nazirinin fikri 27 il əvvəlki Azərbaycana getməsin"

Ermənistan müdafiə naziri David Tonoyan Fotonun müəllifi mod.am
Image caption Ermənistan müdafiə naziri David Tonoyan

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın müdafiə nazirinin hücum strategiyası barədə dediklərini "təxribat xarakterli" adlandırıb.

Ermənistan müdafiə strategiyasını dəyişir və yeni silah növləri əldə edərək, hücum strategiyasını tətbiq etməyə başlayır, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan çərşənbə axşamı günü ölkənin İctimai Televiziyasına müsahibəsində bəyan edib.

Azərbaycan XİN bildirib ki, "Ermənistan müdafiə nazirinin fikri 27 il əvvəlki, başı daxili çəkişmələrə qatışan Azərbaycana getməsin. Bu gün Azərbaycanın kifayət qədər güclü, peşəkar və işğal olunmuş torpaqarı azad etmək əzmində olan ordusu var".

Nazirlik xatırladıb ki, "2016-cı ilin əvvəlində münaqişənin həlli üçün konkret planlar müzakirə edildiyi halda, Ermənistan tərəfinin hücum xarakterli yeni hərbi doktrina qəbul etməsi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx yaşadığı əraziləri atəşə tutması həmin ildə baş vermiş aprel hadisələrinə" gətirib çıxarıb.

"Erməni müdafiə nazirinin bu bəyanatı kimin sülh istədiyini, kimin isə işğalçılıq siyasəti yürüdərək hücum xarakterli silahlar əldə etdiyini beynəlxalq ictimaiyyətə aydın şəkildə nümayiş etdirir",- Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

İctimai Televiziyaya müsahibəsində Ermənistanın müdafiə naziri David Tonoyan deyib ki, döyüş təhlükəsi yaranarsa, onlar da "ləngiməyəcəyəklər".

"Psixologiya dəyişir, yanaşmalar dəyişir. Çünki müdafiə vəziyyətində olan ordular adətən məğlubiyyətə uğrayırlar. Odur ki, müdafiə mövqelərində qalmaq niyyətində deyilik", - Tonoyan deyib.

Aparıcının "Bu, Ermənistanın da hücuma keçəcəyi deməkdirmi" sualının cavabında David Tonoyan deyib: "Niyə də yox?".

Ermənistanda təhlilçilər hesab edir ki, nazir Tonoyan Azərbaycan "hücum edərsə, biz də preventiv hücum edəcəyik" demək istəyib.

Azərbaycan Müdafiə Nazirliyi isə hesab edir ki, Tonoyanın fikirləri "populist"dir və "yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir".

Çoxlu silah

Erməni nazir Ermənistan ordusunun silahlanma yarışına qoşulmaq niyyətində olmadığını və öz cəbbəxanasını "qarşı tərəfin istənilən qəsdlərini neytrallaşdırmağa imkan verən" silahla tamamladığını bildirib.

Nazir Ermənistanın Azərbaycanla "demoqrafiya və iqtisadi planda rəqabət imkanı" olmadığını qeyd edib və bu səbəbdən silahlı qüvvələrdə keyfiyyət dəyişikliyi edildiyini bildirib.

O, Rusiyadan 100 milyon dollar məbləğində yeni hərbi kredit alındığını xatırladıb.

Bu kredit hesabına Ermənistan Rusiyadan həmçinin Su-30 tipli təyyarələr əldə edir.

Rusiya krediti hesabına Ermənistanın daha hansı silah növlərini əldə etmək sualı cavabında cənab Tonoyan bunun "hələ sirr" olduğunu deyib.

"Hücum olmayacaq"

Ermənistan heç vaxt birinci hücum etməyib, etmir və etməyə hazırlaşmır, Ermənistan müdafiə nazirinin silahlı qüvvələrinin müdafiə strategiyasını hücum strategiyasına dəyişmək bəyanatını şərh edən Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyab BBC News Azərbaycancanın müxbirinə deyib.

Onun sözlərinə görə, nazirin bəyanatını yalnız Ermənistan üzərinə hərbi hücum zamanı məcburi preventiv tədbirə - hücum əməliyyatına - hazır olmaq kimi nəzərdən keçirmək lazımdır.

"Bu günədək erməni tərəfinin cəbbəxanasında olan silahların müharibə zamanı sırf müdafiə olunmaq üçün istifadəsi nəzərdə tutulurdu. Yeni hərbi strategiya əsasında əldə ediləcək silahlar, ehtiyac olarsa, həmçinin hücum əməliyyatların tətbiq edilməsinə imkan verər. Hərçənd, onu da qeyd etmək istərdim ki, bəzən Azərbaycandan Ermənistanın paytaxtı Yerevanı ələ keçirmək təhdidləri səslənir", - Mehrabyan deyir.

"Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan Ordusunu nəinki ötüb-keçmək, hətta Silahlı Qüvvələrimizlə heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur", - Azərbaycan Müdafiə Nazirliyi report.az saytına bildirib.

Bu barədə daha geniş