Ermənistan Təhlükəsizlik Şurasının iclası niyə Qarabağda keçirilir?

Paşinyan Qarabağa gedib Fotonun müəllifi gov.am
Image caption Ermənistan Təhlükəsizlik Şurası öz iclasını Dağlıq Qarabağda keçirir

Ermənistan Təhlükəsizlik Şurası (ETŞ) Baş nazir Nikol Paşinyan və TŞ üzvləri ilə birgə öz iclasını Dağlıq Qarabağda keçirib.

Bu, Ermənistan Təhlükəsizlik Şurasının Qarabağda keçirilən ilk iclasıdır.

Ermənistan rəhbərliyi iclasın məhz Dağlıq Qarabağda keçirilməsi səbəbini açıqlamayıb.

Baş verənlərin Ermənistan daxili siyasətindəki proseslərdən qaynaqlandığını düşünən təhlilçilərə görə, Dağlıq Qarabağın iclasın məkanı kimi seçilməsi ilə Nikol Paşinyan "vasitəçilərə öz rəyinin yetərli olmamasını göstərmək istəyir".

Azərbaycan XİN nə deyib?

Azərbaycan Xarici İşlər Nazirliyi iclasın Dağlıq Qarabağda keçirilməsi ilə bağlı bildirib ki, bu iclasla ölkəmizin Dağlıq Qarabağ regionunun ermənilərini danışıqlara cəlb etməyə səy göstərməyə ehtiyac qalmır:

""Qarabağ erməniliyi" ideyasını səsləndirən Baş nazir, Dağlıq Qarabağda yaşayan ermənilərin "xalq" deyil, erməni icması olduğunu bəyan edərək söz oyununa son qoydu".

Açıqlamada bildirilib ki, münaqişənin həlli üzrə uzun illərdir aparılan danışıqlar prosesinin formatı aydındır, bu məsələ ATƏT-in konsensus qərarı ilə müəyyən olunub: 1992-ci il tarixli ATƏT-in Helsinki qərarında ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icması maraqlı tərəflər qismində müəyyən edilib.

Münaqişənin həlli prinsiplərinə gəldikdə isə XİN Minsk qrupu həmsədrlərinin sonuncu bəyanatlarında istinad etdiyi ATƏT-in Helsinki Yekun Aktında dəqiq şəkildə ifadə olunmuş prinsipləri hər hansı bir təhrif olunmuş formada yozmağın mümkün olmadığını qeyd edib.

"Beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü heç bir şəkildə müzakirə predmeti ola bilməz", məlumatda deyilir.

"Bu, adi planlaşdırılmış, necə deyərlər, işçi səfərdir"

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Dağlıq Qarabağa gedib. Baş nazirin mətbuat xidmətindən BBC News Azərbaycancaya verilən məlumata görə, bu gün Xankəndində (Stepanakertdə) Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilir.

İclasda tanınmamış "Dağlıq Qarabağ Respublikasının prezidenti" Bako Sahakyanın da iştirak etdiyi bildirilir.

Ermənistan Baş naziri administrasiyasından iclasın gündəliyi və məhz Dağlıq Qarabağda keçirilməsi səbəbi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Lakin tanınmamış "DQR prezidentinin mətbuat katibi" David Babayan bunda "heç bir qeyri-adilik" olmadığını bildirib.

"Bu, adi planlaşdırılmış, necə deyərlər, işçi səfərdir. Və bunun səbəbi heç bir böhranlı problemlə bağlı deyil", - David Babayan jurnalistlərə deyib.

İclasda nə danışılıb?

Ermənistan Hökumətinin saytında Nikol Paşinyanın Qarabağda Ermənistan TŞ iclasında çıxışının mətnini dərc edib.

Paşinyan deyib ki, dekabrda parlament seçkilərində onun rəhbərlik etdiyi qüvvə "Artsax Respublikasının (tanınmamış DQR - red.) subyektlik səviyyəsini qaldırmaq və Artsax (Dağlıq Qarabağ - red.) probleminin danışıqlar prosesində Artsaxı (tanınmamış DQR - red.) münaqişənin əsas tərəfi kimi cəlb edilməsinə yönəlmiş addımlar atmaq üçün güclü mandat əldə edib".

"Ermənistan hökuməti və mən, Ermənistan xalqının etimadını qazanmış Baş nazir olaraq, bu istiqamətdə ardıcıl hərəkət edəcəyik. Və bu məsələ Azərbaycan prezidenti və ATƏT-in Minsk Qrupu həmsədrləri ilə bizim aramızda müzakirə olunan müdəalardan biri olaraq qalacaq", - Paşinyan bəyan edib.

Ermənistanın Baş naziri, o cümlədən danışıqlar prosesində irəli sürülən tənzimləmə variantları və qarşılıqlı güzəştlər barədə fikir söyləyib, məlumatda deyilir.

"Ermənistan Respublikası və ya Baş naziri bu mövqeyi ilə məsuliyyətdən qaçır və onu Artsax (tanınmamış DQR - red.) hökuməti və xalqı üzərinə qoyması haqqında mülahizələr cəfəngiyatdır", - deyə, Nikol Paşinyan "heç bir əlavə spekulyasiya üçün yer qoymamaq" məqsədilə Ermənistanı Qarabağın təhlükəsizliyinin "bir nömrəli zəmini olub, var və olacağını" qeyd etməyi özünə borc bildiyini" bəyan edib.

"Ermənistan Qarabağ sülh prosesində öz iştirakını bundan sonra da davam edəcək", - Nikol Paşinyan deyib.

Fotonun müəllifi TOFİQ ZÜLFÜQAROV
Image caption Tofiq Zülfüqarov: "Paşinyan göstərmək istəyir ki, onun rəyi yetərli deyil"

Təhlilçilər nə deyir?

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov BBC News Azərbaycancaya bildirib ki, bu cür tədbirlər birinci dəfədir keçirilmir.

"Bu, bir növ siyasi səhnəcik kimi görünür, çünki hamı başa düşür ki, orada işğalçı adminstrasiyanı müstəqil siyasi qüvvə kimi göstərmək istəyirlər. Lakin biz bilirik ki, hərbi, maliyyə və digər cəhətdən oranı bir növ Ermənistan idarə edir",- Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın məqsədi odur ki, öz siyasi mövqeyini daha da gücləndirsin və vasitəçilərə göstərsin ki, artıq onun rəyi yetərincə deyil və "separatçı rejim danışıqlarda iştirak etməlidir".

Keçmiş nazirin fikrincə, uzun müddətdir Nikol Paşinyanın verdiyi bəyanatlar Ermənistanı siyasi baxımdan böhranlı vəziyyətə gətirib çıxarıb.

"Onlar artıq gələcək görüşlərə və danışıqlara razılıq verərkən həmsədrlərin göstərdiyi prinsiplər və mövzular ətrafında danışıqlar aparmalıdırlar. Orada da birmənalı olaraq göstərilir ki, danışıqların formatı dəyişməyəcək və ikinci vacib məqam da Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin azad olunması ilə bağlı həmsədrlərin son bəyanatındakı vurğudur.

Yəni, Nikol Paşinyan bu danışıqlara getsə, bundan qabaq verdiyi bəyanatlardan imtina etməlidir",- Tofiq Zülfüqarov sözlərinə əlavə edib.

Politoloq proqnozlaşdırır ki, Nikol Paşinyan bu vəziyyətdə bu və ya digər şəkildə danışıqlardan yenə də "yayınacaq".

"Mövcud formatın dəyişdirilməsi mümkünsüzdür"

"Dağlıq Qarabağın tam tərəf kimi danışıqlar prosesində iştirakına Azərbaycan razı olmaz", siyasi təhlilçi Şahin Cəfərli belə düşünür.

"Azərbaycanın bu məsələyə razılıq verməyəcəyi təqdirdə Dağlıq Qarabağın prosesə tərəf kimi qoşulması mümkün deyil. Bu məsələdə Ermənistan tərəfinin iddiaları bir qədər əsassızdır. Həmsədrlərin son bəyanatında da bir daha vurğulandı ki, mövcud formatın dəyişdirilməsi mümkünsüzdür".

Siyasi təhlilçi Ermənistan tərəfinin bu təklifinin və israrının reallaşacağına inanmır.

O hesab edir ki, Azərbaycan "yalnız Dağlıq Qarabağın həm erməni, həm azərbaycanlı icmasının danışıqlar prosesinə qoşulması şərti ilə" bu məsələyə razılıq verə bilər.

"Əslində yaxın tarixə nəzər salsaq, danışıqlar prosesinin ilkin mərhələlərində belə format olub. 90-cı illərin əvvəllərində hər iki icma Azərbaycan və Ermənistanla birgə prosesdə iştirak ediblər. Ancaq daha sonra danışıqlar iki dövlət rəhbərliyi səviyyəsində aparıb", təhlilçi xatırladır.

Şahin Cəfərli hesab edir ki, Paşinyanın danışıqlar prosesinin formatının dəyişdirilməsinin mümkünsüzlüyünü bilərək, belə bir bəyanat verməsi əslində daha çox Ermənistanın daxili siyasətinə yönəlmiş mesajdır.

"Paşinyan hakimiyyətə gəldikdən indiyə kimi bir ifadəni təkrar edir ki, məni Ermənistan xalqı seçib, DQ erməniləri yox. Ona görə də onların adından danışa bilmərəm. Bunun üçün də prosesdə mütləq DQ nümayəndələri də iştirak etməlidir ki, onları öz qərarlarını versinlər".

Təhlilçi Paşinyanın bu mövqeyini Ermənistan daxili siyasətindəki proseslərdən qaynaqlandığını düşünür.

Onun fikrincə, Paşinyan bu bəyanatla hazırkı müxalifətə - keçmiş Qarabağ klanına qarşı bir "kozır" kimi istifadə edir.

"Paşinyan bu məsələdə Qarabağ klanından daha radikal mövqe nümayiş etdirməklə Qarabağ kartını onlardan almaq istəyir. Qarabağ klanının mümkün revanşının əngəlləmək istəyir", siyasi təhlilçi deyir.

Minsk qrupu həmsədrlərinin son bəyanatında nə deyilirdi?

Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin gözlənilən ilk görüşü ərəfəsində yayılan bəyanatda həmsədrlər "danışıqların səmərəliliyini təmin edəcək mühitin qorunmasının vacibliyini" vurğulayıb və bölgədə əhalinin sülhə hazırlanması istiqamətində atılan ilk addımları" təqdir etdiklərini bildiriblər.

Həmsədrlər həmçinin tərəfləri "təhrikedici bəyanatlardan qacınmağa... və danışıqlar üçün qeyd-şərtlər yaradan, digər tərəfin razılığı olmadan formatın birtərəfli surətdə dəyişməsini tələb edən və ya döyüş əməliyyatlarını yenidən başlamağa hazırlıq ifadə edən hərəkətlərdən" çəkinməyə çağırırlar.

Bu barədə daha geniş