Ukrayna seçkiləri: Komediyaçı namizədin populyarlıq reytinqi daha yüksəkdir

Petro Poroşenko, Yuliya Timoşenko, Volodımır Zelenski Fotonun müəllifi AFP

Ukraynada bu gün prezident seçkilərinin birinci mərhələsi keçirilir.

Seçkiqabağı kampaniya dövründə keçirilmiş rəy sorğularının namizədlər arasında ən yüksək reytinqə komediyaçı Volodımır Zelenskinin sahib olmasını göstərməsi gözlənilməz olub.

Seçkidə qələbə çalmağa ən şanslı namizədlər sayılan komediyaçı Zelenski, hazrkı prezident Petro Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko seçkiqabağı kampaniya gedişində əsasən avropapərəst mövqe sərgiləyiblər.

Rusiyapərəst namizədlərdən heç biri ciddi rəqib sayılmır.

Bazar günü keçirilən seçkilərdə namizədlərdən heç biri səslərin 50 faizdən çoxunu toplaya bilməsə, ən çox səs toplamış iki namizəd arasında aprelin 21-də seçkinin ikinci turu keçirilməlidir.

Ümumilikdə, seçki bülleteninə 39 namizədin adı salınıb, lakin onlardan yalnız 3 namizədin qələbə qazanmağa real şansları olduğunu zənn edilir.

Ukrayna prezidentinin səlahiyyətləri və məsuliyyət dairəsi təhlükəsizlik, müdafiə və xarici siyasət sahələrini əhatə edir.

Poroşenko Ukraynanın ən varlı oliqarxlarından biri sayılır - o, 2014-cü ildə "Maydan İnqilabının" devirdiyi rusiyapərəst prezident Viktor Yanukoviçdən sonra növbədənkənar prezident seçkilərini qazanaraq bu vəzifəyə gəlib.

"Maydan İnqilabından" sonra Rusiya Krımı ilhaq edib, Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılıq hərəkatı baş qaldırıb.

Ukraynanın şərqində Ukrayna qoşunları ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında hərbi qarşıdurma dalan vəziyətindədir, bu arada isə Ulkrayna Aİ-nin tələblərini yerinə yetirərək Avropa İttifaqı ilə iqtisadi əlaqələrini möhkəmləndirməyə çalışır.

Aİ bildirirb ki, Ukraynanın 44 milyonluq əhalisinin Rusiyada və Krımda yaşayan təxminən 12 faizi seçici hüququndan istifadə etmək imkanından məhrumdur.

Ukraynanın şərqində separatçıların nəzarət etdiyi ərazilərdə bigünkü seçkilər boykot edilir.

Gözləniməz namizəd

41 yaşlı Zelenski satirik televiziya tamaşısında oynadığı rolu gerçəkləşdirməyi qarşısına məqsəd qoyub. Zelenskinin əsas rolda çıxış etdiyi həmin tamaşa korrupsiya ilə mübarizə aparan sıravi vətəndaşın necə prezident seçildiyindən bəhs edir.

Kiyevdən BBC müxbiri Jonah Fisher-in xəbər verdiyi kimi, Zelenski özünü seçicilərə yeni və ənəvi siyasətçilərdən fərqlənən bir namizəd kimi təqdim edir.

Sosial şəbəkələrin imkanlarından geniş istifadə edən Zelenski əsas ümidlərini gənc seçicilərə bəsləyir.

Onun həm Ukrayna, həm də rus dilində danışmağa hazır olması isə Zelenskiyə ölkənin şərqində rusdilli əhalinin dəstəyini qazanmağa imkan kömək edib.

Rəy sorğularına əsasən, Zelenskinin seçicilər arasında populyarlıq reytinqi Poroşenko və Timoşenkonun reytinqlərindən daha yüksəkdir.

Digər namizədlər

53 yaşlı Poroşenko öz ümidlərini mühafizəkar ukranalılara bağlayır, onun bu seçkidəki əsas şüarı isə belədir: "Ordu, Dil, İman",

Fotonun müəllifi AFP
Image caption Poroşenkonun seçki kampaniyasına korrupsiya ittihamları kölgə salıb

Poroşenko vurğulayıb ki, onun hərbi sahəyə verdiyi dəstək Ukraynanın şərqində separatçılara əl-qol açmağa imkan verib.

O, Ukraynanın Avropa İttifaqı ilə Assosiativ Müqavilənin şərtlərini, o cümlədən, vizasız gediş-gəliş qaydalarını müzakirə etdiyini qeyd edib.

Onun prezidentliyi dövründə Ukrayna Pravoslav Kilsəsi Rusiyanın nəzarətindən azad ola bilib.

Lakin Poroşenkonun seçki kampaniyasına korrupsiya ittihamları, ö cümlədən, müdafiə məqsədləri üçün görülən tədarüklə bağlı ittihamlar kölgə salıb.

Prezidentlik uğrunda bugünkü seçki yarışında iştirak edən daha bir əsas namizəd 58 yaşlı keçmiş Baş nazir Yuliya Tymoşenkodur - o, 2010-cu və 2014-cü illərdə də prezident seçkilərində namizəd qismindəiştirak edib.

Yuliya Tymoşenko 2004-cü ildə Ukraynada baş vermiş "Narıncı İnqliabda" aparıcı rollardan birini oynayıb .

Rusiyapərəst namizədlər arasında isə ən şanslı namizəd Yuri Boyko sayılır.

Seçkiqabağı kampaniyası gedişində Boyko bildirib ki, onun əsas məqsədi Rusiya ilə Ukrayna arasında münasibətləri "normallaşdırmaqdır".

Bu barədə daha geniş