Türkiyədə bələdiyyə seçkiləri başa çatıb

seçki qutusu Fotonun müəllifi Getty Images

Bu gün Türkiyədə növbəti bələdiyyə seçkilərində səsvermə keçirilib.

Yerli vaxtla saat 17.00-da sesvermə prosesi başa çatıb. Saat 18.00-dan etibarən sayılmış səsvermə bülletenlərinin ilkin nəticələri elan olunmağa başlayıb.

Artıq 9 şəhərdə səsvermə prosesi başa çatıb və qalibin adı elan edilib.

Bu nəticələrə əsasən, Bitlis, Kilis, Sivas, Niğde, Tokat, Gaziantep və prezident Erdoğanın vətəni Rizədə hakim AK parti, Artvin və Biləcikdə isə Ana müxalifət partiyası olan CHP namizədi bələdiyyə başqanlığı seçimlərini qazana bilib.

İstanbulda müxalifətin namizədi Ekrem İmamoğlu keçirdiyi mətbuat konfransında bildirib ki, seçilərin ilkin nəticələri ilə "manipulyasiya edilir". Cənab İmamoğlu, ona daxil olan məlumatlara əsaslanaraq deyib ki, seçkinin ilkin nəticələri onun xeyrinə olduğunu göstərir.

Ölkə üzrə səsvermə qutularının 67.1 faizi artıq açılıb. Anadolu agentliyinin yayımladığı ilkin nəticələrə əsasən, seçicilərin 83.48 faizi səsverməyə qatılıb.

Hələlik dəqiqləşdirilməmiş sonuclara görə, ölkə üzrə hesablanmış səslərin 52.29 faizini hakim Cumhur İttifaqı, 37.20 faizini isə müxalif partiyaların birliyi olan Millət İttifaqı qazanıb.

Ölkənin iki ən böyük şəhərində paytaxt Ankara və İstanbulda isə bələdiyyə başqanlarının səs faizi çox az fərqlə hakim və müxalif birliklərin namizədləri arasında dəyişir.

Ankarada 1.85 faiz fərqlə müxalifətin namizədi Mansur Yavaş hakim birliyin namizədi Mehmet Özhasekini üstələyib - 49,7 faizə qarşı 47.85.

İstanbulda isə hakim AK partinin namizədi, keçmiş baş nazir Binali Yıldırım 1.91 faiz fərqlə müxalifərin namizədi Ekrem İmamoğlunu qabaqlaya bilib - 49.68 faizə qarşı 47.77.

Hakim AK parti fəalları isə artıq İstanbul bələdiyyə başqanlığı uğrunda qələbələrini küçələrə çıxmaqla qeyd etməyə başlayıb.

Ölkənin digər böyük şəhəri olan İzmirdə isə CHP-nin namizədi Mustafa Tunç Soyer böyük 20 faizə yaxın fərqlə AK partinin namizədi Nihat Zeybəkçini qabaqlaya bilib.

Bundan əvvəlki seçkidə Adana və Antalya üzərində nəzarəti həyata keçirən siyasi partiyalar da, belə görünür ki, yerini müxalifət partiyalarına verəcək. Belə ki, Adanada MHP-dən mövcud bələdiyyə başqanı və nazmiədi olan Hüseyn Sözlü 7.63 faiz fərqlə müxalif CHP namizədi Zeydan Karalara məğlub olub.

İndilik ölkənin daha bir əsas şəhərlərindən olan Antalyada da hakim AK parti təmsilçisi müxalif CHP namizədinə məğlub kimi görünür. Səslərin 70 faizinin hesablandığı Antalyada, 4 faizə yaxın fərqlə ana müxalifətin təmsilçisi öndədir.

Kürd mənşəli seçicilərin üstünlük təşkil etdiyi Diyarbakırda Halkların Demokratik Partiyası (HDP) hakimiyyətini qorumağa müvəffəq olub. Səslərin 60 faizinin sayıldığı nəticələrə əsasən, HDP 31 faiz fərqlə AK parti namizədini qabaqlayıb.

Daha 12 şəhərdə səslərin hesablanması başa çatıb. Bu sonuclara əsasən, toplamda 14 şəhərdə hakim AK parti, 4 şəhərdə CHP, 2 şəhərdə MHP, 1 şəhərdə isə HDP namizədləri seçkinin qalibi olublar.

Öncəki seçkidə HDP-nin qazandığı Şırnakda, bu seçkidə AKP namizədi bələdiyyə başqanlığını qazana bildi.

Bundan əvvəl Türkiyənin Yüksək Seçki Qurumu bildirmişdi ki, ölkə üzrə 57 milyon 93 min 985 seçici, 194 min 390 seçki qutusunda səs verəcək.

Seçicilər, bələdiyyə başqanları ilə birlikdə, bələdiyyə məclis üzvlərini də seçəcəklər.

Eyni zamanda vətəndaşlar yerli seçkilər günündə bələdiyyənin tərkibi ilə yanaşı, məhəlli idarəetmə qurumunun rəhbəri olan "muhtarı" və qurumun heyətini də növbəti 5 il müddətinə seçir.

Türkiyənin Azərbaycanla yeganə sərhədini təşkil edən İqdırda son dövrlərdə baş tutan bələdiyyə seçkilərində ilk dəfə olaraq, yerli azərbaycanlı əhali vahid namizədlə qatılıb.

Bu seçkidə əsas mübarizə Milliyyətçi Hərəkat Partiyasının (MHP) namizədi İsa Yaşar Tezel və Xalqların Demokratik Partiyasının təmsilçisi Yaşar Akkuş arasında gedir.

Seçki marafonunun ilk dövründə hakim Ədalət və İnkişaf Partiyası (AKP) Azərbaycan kökənli Adil Aşırımın namizədliyini irəli sürmüşdü. Lakin qısa müddət sonra AKP, İsa Yaşar Tezelin xeyrinə cənab Aşırımın namizədliyini geri çəkmişdi.

İqdırda 169 seçki məntəqəsində 56 min seçici səs verməlidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş