Türkiyədə bələdiyyə seçkiləri: Erdoğan xalqın etimadı uğrunda mübarizə aparır

Ankara Fotonun müəllifi EPA
Image caption Bazar günü keçirilən seçkilərdə 57 milyondan çox seçici iştirak edir.

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkilərində milyonlarla insan iştirak edir.

Təhlilçilər bugünkü seçkilərin prezident Recep Tayyip Erdoğan üçün referendum əhəmiyyətli bir tədbir olduğu qənaətindədirlər.

Bələdiyyə seçkiləri iqtisadi tənəzzül dövrünə təsadüf etdiyindən hakim AK Parti Ankara və Istanbul kimi iri şəhərlərə nəzarəti itirəcəyindən ehtiyatlanır.

İqtisadiyyatda tənəzzül əlamətləri özünü göstərməkdədir, inflyasiya 20 faizə çatıb, türk lirəsi 30 faizədək dəyərdən düşüb.

Bugünkü bələdiyyə seçkilərində ölkə boyu şəhər merləri və bələdiyyə başçıları seçilir, səsvermədə 57 milyon seçici iştirak edir.

Prezident Erdogan bildirib ki, bu seçkilər ölkə və hakim AKP partiyası üçün mühüm əhəmiyyətə malikdir.

Hazırki bələdiyə seçkiləri ötən ilki prezident seçkilərində Recep Tayyip Erdoğan geniş səlahiyyətlər əldə etdikdən sonra ölkə miqyasında keçirilən ilk seçkidir.

İnsanlar necə səs verəcək?

Prezident Erdoğan Türkiyənin müasir tarixinin ən populyar və ziddiyyətli lideridir.

Lakin bu yaxınlarda milli valyutanın kəskin sürətdə dəyərdən düşməsindən və işsizliyin artmasından sonra ona bənzəyir ki, bəzi seçicilər Erdoğanı və AKP-ni səsvermə yolu ilə cəzalandırmağa hazırdılar.

"İnsanlar iqtisadi problemlərdən əziyyət çəkir, - bir seçici AFP agentliyinə deyib, - Mən tacirəm, təqaüdə çıxmışam, lakin heç zaman belə tənəzzül görməmişəm".

Fotonun müəllifi AFP/Getty Images
Image caption İstanbul meri vəzifəsinə müxalifətçi namizəd Ekrem Imamoglu və onun xanımı səs verirlər

BBC-dən Mark Lowen deyir ki, AKP mühüm şəhərlər üzərində nəzarəti birgə hərəkət edən müxalifət partiyalarına uduza bilər.

Rəy sorğularına görə, Ankarada şəhər meri vəzifəsinə CHP namizədi Mansur Yavaş ilə AKP namizədi Mehmet Özhaseki arasında gərgin mübarizənin gedəcəyi gözlənilir.

"Mən bu gün səs vermək həvəsində deyiləm, - bir paytaxt sakini Reuters-ə bildirib, - Lakin [AKP]-nin işləri nə vəziyyətə saldığını görəndə düşünürəm ki, bəlkə onları məğlub etmək vaxtı çatıb".

"Hamı narazıdır, hamı çapalayır", - 47 yaşlı sakin əlavə edib.

Kampaniya necə keçib?

2002-ci ildə hakimiyyətə gələndən bəri AKP bütün seçkilərdə qalib gəlib, lakin təhlilçilər qeyd edirlər ki, indiki seçkilərdə ilk dəfədir ki, partiyta qələbə çalacağıbna artıq əmin deyil.

Tənqidçilər qeyd edirlər ki, medianın əksər hissəsi hökümətyönlüdür və ya Erdoğan tərəfdarlarının nəzarəti altındadır və bu cür vəziyyət müxalifəti daha çətin vəziyyətə salır.

Fotonun müəllifi AFP
Image caption Prezident Erdoğan Yeni Zelandiyadakı məscidlərə bu yaxınlarda edilmiş hücumların görüntülərini təkrar göstərməklə tərəfdarlarının dəstəyini fəallaşdırmağa çalışır.

Müxalifətçi kürdpərəst HDP partiyası seçkilərin qeyri-ədalətli şəraitdə keçdiyini bəyan edərək bir neçə şəhərdə keçirilən seçkilərdə namizədlərini irəli sürməkdən imtina edib.

Partiyanın bəzi liderləri terrorçuluq ittihamları ilə həbs altında saxlanılır, həmin liderlər bu ittihamları rədd edirlər.

Prezident Erdoğanın keçirdiyi mitinqlər televiziya proqramlarında göstərilir.

Şənbə günü öz tərəfdarlarının mitinqində çıxış edən Erdoğan seçiciləri ölkədə hər şeyin onun nəzarəti altında olduğuna əmin etməyə çalışıb.

"Ölkənin prezidenti kimi iqtisadi durum mənim nəzarətimdədir", - deyən Erdoğan Türkiyənin iqtisadi çətinliklərinə görə Qərbi və xüsusilə, ABŞ-ı günahlandırıb.

Prezident Erdoğan Yeni Zelandiyadakı məscidlərə bu yaxınlarda həyata keçirilmiş terror hücumunun videokadrlarını təkrar-təkrar göstərilməsinə görə tənqid olunub. Christchurch şəhərində 50 nəfəri gülləbaran edərək öldürmüş irqçi şovinist həmin hücumu canlı yayımda göstərib.

Erdoğan vətəndaşlara Türkiyəyə anti-müsəlman hislərlə gələnlər barədə xəbərdarlıq edib. Bu zaman onun 1915-ci ildə Avstraliya və Yeni Zelandiya qoşunlarının Çanaqqala savaşında iştirak etdiyini xatırlatdırması diplomatik qalmaqala səbəb olub.

Bu barədə daha geniş