Ukrayna seçkilərinin exit-poll nəticəsi: İkinci turda Zelenski və Poroşenko qarşılaşacaqlar

Zelenski və Poroşenko Fotonun müəllifi Getty Images/BBC

Ukraynada bazar günü keçirilmiş prezident seçkilərinin exit-poll nəticələrinə əsasən, Vladimir Zelenski və Petro Poroşenko prezident seçkilərinin ikinci turuna keçirlər.

Bu nəticələri səsvermənin başa çatmasına 2 saat qalmış toplanmış məlumatlar əsasında Ukraynanın "Milli exit-poll 2019" adlı rəy sorğusu konsorsiumu açıqlayıb.

Keçirilmiş exit-poll nəticələrinə əsasən, Vladimir Zelenski respondentlərin 30,4 faizinin dəstəyini qazana bilib, Petro Poroşenko 17,8 faiz toplayıb, Yuliya Timoşenko isə 14,2 faiz nəticə ilə üçüncü yerdədir.

Ukraynanın milli exit-poll konsorsimu bu göstəriciləri 400 seçki məntəqəsində ümumilikdə 17 956 respondentin rəyini öyrənərək əldə edib.

Donbas və Luhansk vilayətlərində rəy sorğusu telefon vasitəsiylə keçirilib.

Nəticələri açıqlanmış exit-poll ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi və Avropa İittifaqı, eləcə də Kanadanın Ukraynadakı diplomatik nümayəndəliklərinin iştirakı ilə keçirilib.

Fotonun müəllifi Getty Images/BBC

Beləliklə, exit-poll nəticələrinə əsasən, namizədlərdən heç biri seçkinin ilk turunda qələbəni təmin etmək üçün səslərin 50 faizini toplaya bilməyib.

Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçirilməlidir.

Yeni seçilmiş Ukrayna prezidentinin andiçmə mərasimi bu il iyulun 3-dən gec olmayaraq keçirilməlidir.

Bu barədə daha geniş