Greenpeace: Plastik tullantıların yeni ünvanı Türkiyədir

Tullantı kütləsi Fotonun müəllifi Greenpeace

Ətraf mühitin qorunması üzrə "Greenpeace" qrupunun açıqladığı yeni hesabata görə, Çin 2018-ci ildə plastik tullantı idxalına qadağa qoyduğu üçün tullantıların yeni ünvanı İndoneziya və Türkiyə olub.

Çin bu qadağanı tətbiq etməyə başlamazdan əvvəl plastik tullantılar Malayziya, Vyetnam və Tailanda göndərilməyə başlamışdı.

Ancaq bu ölkələr də tullantı idxalını təcili şəkildə məhdudlaşdırdıqdan sonra axın İndoneziya, Hindistan və Türkiyəyə yönəldi.

Plastik tullantıları ixrac edən ölkələr siyahısında ilk yerləri ABŞ, Almaniya, İngiltərə və Yaponiya tutur.

"Greenpeace"-in Şərqi Asiya şöbəsinin "2016-2018-ci illərdə dünya plastik tullantılar ticarəti haqqında məlumat və Çinin xaricdən tullantı idxalı qadağasının təsirləri" adlı hesabatında tullantıların ixracı və idxalı ilə məşğul olan 21 ölkəyə aid göstəriciləri açıqlanıb.

Hesabatda qeyd edilir ki, 2016-cı ildə 12,5 milyon ton təşkil edən tullantıların həcmi 2018-ci ildə 5,8 milyon tona düşərək təxminən 50 faiz azalıb.

Ancaq plastik məhsullar istehsalının artacağı barədə təxminlər deməyə əsas verir ki, bu azalma ya tullantıların yığılıb saxlanması, ya da zərərli üsullarla ləğv edilməsi hesabına yaranır.

Fotonun müəllifi Justin Hofman / Greenpeace

Türkiyə plastik tullantı idxalını 5 dəfə artırıb

Hesabatın Türkiyəyə aid hissəsində aşağıdakı məqamlara diqqət çəkilir:

  • 2016-cı ilin əvvəlində aylıq 4.000 ton olan idxal həcmi 2018-ci ilin əvvəlində 33.000 tona yüksəlib. 2018-ci ilin ortalarında isə aylıq 20.000 tona düşüb və sabit qalıb.
  • Türkiyənin Britaniyadan idxal etdiyi tullantı həcmi 2018-ci ildən etibarən sürətlə artaraq aylıq 10.000 tona çatıb.
  • Hökumət plastik tullantı idxalıyla bağlı heç bir məhdudlaşdırıcı qərar qəbul etməyib.

Türkiyəyə ən çox plastik tullantı idxal edən 10 ölkə bunlardır: Britaniya, Belçika, Almaniya, Hollandiya, İspaniya, İtaliya, Sloveniya, Fransa və Yaponiya.

"Greenpeace"-in Ağdəniz layihələri üzrə məsul şəxsi Deniz Bayram Türkiyənin plastik tullantılarla bağlı qayğılarından danışıb:

"Tullantıların idarə olunması ciddi mövzudur, geniş hazırlıq və təcrübə mexanizmlərinin olmasını tələb edir. Çin tullantı idxalına qadağa qoyandan sonra birdən-birə Türkiyə inkişaf etmiş ölkələrin zibillərinin yeni ünvanı oldu.

Bəs, həmin zibillərin təkrar istehsalı zamanı 100 faizlik nəticə əldə edilirmi? Tullantı idxalının ətraf mühitə təsiri qiymətləndirilirmi? Ətraf Mühit və Şəhərsalma Nazirliyi yoxlamalar keçirirmi?

Hələ ki, bu sualların cavabı yoxdur".

"Türkiyə öz zibilinin öhdəsindən gələ bilməyən ölkədir. Ona görə də nəzarətsiz zibil idxalı ölkənin təkrar istehsal sistemindəki problemlərin daha da artmasına səbəb ola bilər.

Biz tələb edirik ki, Türkiyə başqa ölkələrin zibilində boğulmadan Gömrük və Ticarət Nazirliyilə Ətraf Mühit və Şəhərsalma Nazirliyi plastik tullantı idxalı siyasətini yenidən gözdən keçirsin".

Fotonun müəllifi Noel Guevara / Greenpeace

"Yeganə çıxış yolu plastik məhsul istehsalını azaltmaqdır"

"Greenpeace" Şərqi Asiya şöbəsinin kampaniyalar üzrə məsul şəxsi Kate Lin plastik tullantılar probleminin ancaq plastik məhsul istehsalını azaltmaqla həll edilə biləcəyini deyir:

"Bir ölkə plastik tullantı idxalına nizamlama tətbiq edəndə başqa bir ölkənin idxal göstəriciləri artır. Həmin ölkə də bu addımı atanda, problem növbəti ölkəyə keçir. Getdikcə zəifləyən bu sistem böyük problemlər vəd edir. Çünki tullantıların sonrakı aqibətindən xəbərimiz olmur.

Təkrar istehsal sistemləri plastik istehsalı problemini həll edə bilməz.

Bu günə qədər istehsal edilən plastik məhsulların sadəcə 9 faizi təkrar istehsaldan keçib.

Tullantı həcmini azaltmağın bircə yolu var, o da istehsalı azaltmaqdır".

Bu barədə daha geniş