Ermənistan-Avropa İttifaqı yaxınlaşması: ikinci cəhd

Brüssel. Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı proqramının 10 illik yubiley tədbirləri Fotonun müəllifi Anadolu Agency
Image caption Brüssel. Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı proqramının 10 illik yubiley tədbirləri

Bazar ertəsi günü Brüsseldə Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı proqramının 10 illik yubiley tədbirlərində Ermənistanın baş naziri Nikol Paşinyan Aİ ilə əməkdaşlıq haqqında sazişi imzalamış ölkə başçısı qismində iştirak edib.

Aİ ilə Ermənistan arasında münasibətlər Hərtərəfli və Geniş Tərəfdaşlıq haqqında saziş əsasında qurulur.

Saziş Brüsseldə 24 noyabr 2017-ci ildə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federica Mogherini tərəfindən imzalanıb və 2018-ci il iyunun 1-dən müvəqqəti olaraq tətbiq edilir.

Hələlik iqtisadi əlaqələrə aid və Avropa ölkələri tərəfindən ayrıca müzakirə olunmalı müddəaların qüvvəyə minmədiyi qeyd olunur.

Sazışın tam qüvvəyə minməsi üçün sənəd Aİ üzvü olan 28 ölkənin hər biri tərəfindən ratifikasiya edilməlidir.

Bu günədək Saziş 14 Aİ ölkəsi tərəfindən - Almaniya, Bolqarıstan, Böyük Britaniya, Danimarka, Finlandiya, Estoniya, İsveçrə, Litva, Latviya, Lüksemburq, Malta, Polşa, Rumıniya, Slovakiya və Çexiya Deputatlar Palatası - ratifikasiya edilib.

İkinci cəhd

Ermənistan Avropa Qonşuluq Siyasətində 2004-cü ildən və Şərq Tərəfdaşlığında proqram təsis olunduğu 2009-cu ildən iştirak edir.

Lakin 2013-cü ildə Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın təşəbbüsü ilə yaradılmış Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmağa üstünlük verərək, Aİ ilə Assosiasiya Sazişini imzalamaqdan imtina etdi.

O zaman bəzi siyasi təhlilçilər Sarkisyanın kəskin şəkildə qərarını dəyişməsinə Moskvanın təzyiqinin səbəb olduğunu ehtimal edirdilər.

Lakin Ermənistan Aİ ilə yeni saziş imzalamaq haqqında danışıqları davam etdirmək niyyətində olduğunu bildirdi və 2015-ci ildə Aİ xarici işlər nazirləri səviyyəsində Avropa Komissiyasına Ermənistanla tərəfdaşlıq və əməkdaşlıq haqqında yeni saziş haqqında danışıqlara başlamaq səlahiyyətini verdi.

Avrasiya İqtisadi İttifaqı

Avropa İttifaqının Ermənistanla münasibətlərinin inkişafına Ermənistanın Rusiya ilə strateji tərəfdaşlığı və Avrasiya İqtisadi İttifaqa (Aİİ) üzvlüyü mane olmur, Avropa İttifaqının xüsusi məruzəsində deyilir.

Bu mövqe həmçinin Yerevanla Brüssel arasında 2017-ci ilin noyabrında imzalanmış Geniş və Hərtərəfli Tərəfdaşlıq haqqında sazişdə həkk olunub.

Aİ məruzəsinin dərc olunmuş tam mətni bu dəfə Ermənistanın öz qərarından dönməyəcəyini və Rusiya tərəfindən heç bir təzyiq olmayacağını ehtimal etməyə əsas verir, çünki Ermənistanın Aİİ üzvlüyünə heç bir maneə yaratmır, Şərq Tərəfdaşlığı Vətəndaş Forumu Cəmiyyəti Ermənistan Milli Platformasının əlaqələndiricisi Boris Navasardyan bəyan edib.

"Geniş və Hərtərəfli Tərəfdaşlıq haqqında Saziş Ermənistanın Aİİ üzvlüyü ilə paralel olaraq irəliyə hərəkət etməyin mümkün olduğunu göstərir", - məruzədə deyilir.

Saziş Ermənistana Aİ ilə praktik olaraq bütün, o cümlədən siyasi və təhlükəsizlik sahələrdə münasibətlərin inkişaf etməsinə imkan verir, BBC müxbirinə Beynəlxalq Problemlər və Təhlükəsizlik İnstitutundan politoloq Ruben Mehrabyan deyib.

Onun sözlərinə görə, tərəfdaşlıq haqqında saziş Ermənistana Aİ ilə münasibətlərin inkişafı üçün geniş imkanlar yaradır.

Bu sənədin 2013-cü ildə imzalanmış Assosiasiya Sazişindən yeganə fərqi Aİ və Ermənistan arasında azad ticarət zonasının nəzərdə tutulmamasıdır. Bunun mümkün olmamasının səbəbi Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyüdür.

Lakin "bu çatışmazlıq" Ermənistanda istehsal olunan malların Aİ bazarlarında qismən müəyyən üstünlüklər təmin edən xüsusi GSP+ statusu ilə Yerevana kompensasiya edilir.

Fotonun müəllifi Kremlin.ru
Image caption Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin

Rusiya dövlət mediasında əks-təbliğat

Rusiya mediasında isə Paşinyanın başçılıq etdiyi məxməri inqilab günlərindən başlamış tənqidi xarakterli verilişlər davam etməkdədir.

Rəsmi Moskvanın istər "məxməri inqilab" günləri, istər Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvəsinin qələbəsindən sonra təmkinli bəyanatlarına baxmayaraq, Rusiya hakimiyyətinin nəzarəti altında olan TV kanallarında yeni Ermənistan hakimiyyətini "aşağılayan, anti-erməni, ermənilərə qarşı kin-ədavətli" kimi görülən verilişlər yayımlanmaqdadır.

Bu barədə Ermənistan Milli Məclisində Milli TV və Radio Komissiyasının 2018-ci il fəaliyyəti müzakirə olunarkən millət vəkili Narine Tuxikyan danışıb.

O, "Ermənistanla müqavilələri olan və Ermənistan ərazisində yayımlanan "Mir, ORT, Rossiya-1" kimi bir sıra beynəlxalq telekanallarda siyasi çağırışlar mövcuddur", - deyə, "anti-erməni, ermənilərə qarşı düşmənçilik doğuran proqramlar" nümayiş etdirilərkən həmin kanalların bağlanması və ya məhdudlaşdırılmasını təklif edib.

"Bu, çox mühüm siyasi məsələdir", - o deyib.

Komissiyanın sədri Tiqran Hakobyan özü də bu məsələ ilə bağlı "siqnallar" aldığını deyib, lakin məsələnin həqiqətən "çox ciddi siyasi" olduğundan ehtiyatlandığını bildirib.

O, Gürcüstanda və Ukraynada Rusiya TV kanallarının verilişlərinin ləğv edilməsinin "nəyin bahasına" başa gəldiyini xatırladıb.

"Biz bunun qiymətini anlamalıyıq. Ukrayna nə isə itirdi - öz ərazilərini, Moldova və Gürcüstan da onun kimi. Bizə bunları misal gətirməyin. Bizim son dərəcə ciddi problemimiz var və bəlkə bu proqramların saxlanması və status-kvo bəlaların ən azıdır", Tiqran Hakobyan deyib.

Fotonun müəllifi Getty Images
Image caption Foto.Arxiv. Yerevanda Sarkisyanın istefasını istəyən etirazçılar

Aİ Ermənistanda dəyişiklərdən "razıdır"

Bunu mart ayında Nikol Paşinyanın Brüsselə səfəri zamanı görüşdüyü Aİ rəsmiləri bəyan ediblər.

Bu baxımdan Nikol Paşinyanın Brüssel səfərini uğurlu hesab etmək olar.

O, Avropa Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının sədri Jean-Claude Juncker, Avropa diplomatiyasının rəhbəri Federica Mogherini və Avropa qonşuluq və siyasəti komissarı Johannes Hahn-la danışıqlar aparıb.

Avropa rəsmiləri Ermənistanda "məxməri inqilabdan" sonra baş verən siyasi dəyişiklərin Ermənistan-Aİ əlaqələrinin daha da fəallaşmasına xidmət edə biləcəyini qeyd ediblər.

Brüssel nümayəndələri həmçinin Ermənistana islahatlarda maliyyə və texniki yardım və hətta viza rejiminin liberallaşdırılması məsələləri üzrə danışıqların tezləşdirilməsinin mümkünlüyünə işarə ediblər.

Avropa Şurasının sədri Donald Tusk Ermənistanın Baş naziri ilə birgə brifinq zamanı Aİ-nin Ermənistanda "daxili islahatlar üçün" maliyyə yardımını artırmağa hazır olduğunu bildirib.

Tusk Paşinyanın iqtisadi inkişaf və demokratiyanın möhkəmlənməsini təmin etmək əzmini alqışlayıb və geniş və hərtərəfli tərəfdaşlıq sazişi çərçivəsində "erməni xalqına yardım göstərməyə" hazır olduqlarını deyib.

Paşinyan isə öz təmasları zamanı Avropa diplomatları tərəfindən tez-tez səsləndirilən "çoxlu islahat - çoxlu yardım" prinsipini əsas tutmağa cəhd edirdi.

Paşinyan bir ilə yaxın hakimiyyəti dövründə demokratik islahatlar zəminində uğurlar əldə edildiyini bildirib.

Bunu Aİ rəsmiləri də qeyd ediblər. Məsələn, ilk dəfə müstəqil Ermənistan tarixində Avropa müşahidəçi təşkilatları tərəfindən "məxməri inqilab"dan sonra 2018-ci ilin dekabrında keçirilən parlament seçkiləri tam şəffaf, ədalətli və azad qiymətləndirilib. İlk dəfə seçkilərdən sonra məğlub olanlar öz məğlubiyyətini qəbul edib, qalibləri təbrik ediblər.

"Sərhədsiz reportyorlar" təşkilatının son hesabatına əsasən, Ermənistanda mətbuat azadlığı indeksi göstəricisi son ildə 19 pillə yuxarı qalxaraq 180 ölkə arasında 61-ci yeri tutub.

Təşkilatın saytında dərc olunmuş məruzəyə əsasən, Ermənistanda məxməri inqilabdan sonra mətbuat azadlığı üzrə vəziyyət yaxşılaşıb, dövlət KİV-lərinə təzyiq azalıb.

Bu göstərici üzrə bölgədə yalnız Gürcüstanın reytinqi daha yüksəkdir (60-cı yer).

Aİ xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissar Federica Mogherini də Avropa İttifaqının bundan sonra da Ermənistanda hüququn aliliyinin təsbit edilməsi, insan haqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi istiqamətində və bir sıra başqa sahələrdə demokratik islahatları dəstəkləməyə hazır olduğunu bildirib. O, xüsusilə korrupsiya ilə mübarizədə yeni Ermənistan hakimiyyətinin səylərini qeyd edib.

Daha konkret misallarla Paşinyan bu barədə baş nazirliyinin 1 illiyi münasibətilə keçirilən mətbuat konfransında danışıb.

Ermənistanın Baş naziri "kölgədən 50 min iş yerlərinin" çıxarıldığını, il ərzində büdcə gəlirinin elan edilmiş 40 milyard dram əvəzinə artıqlaması ilə 62 milyard dram (təxminən 129 milyon dollar) təşkil edəcəyini bildirib.

"Cinayət işləri üzrə şübhəli şəxs qismində ölkənin sabiq prezidenti [Robert Koçaryan (hazırda məhkəmə prosesi gedir) - red.], baş nazir müavini [Armen Gevorqyan] təbiətin müdafiəsi naziri, məhkəmə aktlarının məcburi icrası xidmətinin rəisi və başqa yüksək vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər", Paşinyan həmçinin korrupsiya maddələri ilə yüksək vəzifəli şəxslərin məsuliyyətə cəlb edildiyini bildirib.

Azad viza rejimi

Aİ Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqların mümkün qədər tez başlanılmasında maraqlıdır, martın 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların yekunları üzrə brifinq zamanı Avropa Komissiyasının sədri Jean-Claude Juncker deyib.

O bəyan edib ki, artıq zəruri texniki tələblər icra edilib və tez irəliləmək məqsədilə bütün Aİ üzvü ölkələri ilə işləməyin vaxtı gəlib.

"Biz Avropa Komissiyasında Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqların başlanması lehinə çıxış edirik. Bu, həm Ermənistan, həm Aİ üçün vacibdir. Və biz istəyirik ki, Ermənistanda mümkün qədər çox insan Avropaya və əks istiqamətdə səyahət etsin", - Juncker deyib.

Brüssel qonşularla əlaqələrin stimullaşdırılması üzrə 6 proqram hazırlayıb. Junker Ermənistanla Aİ-ni müttəfiqlər hesab edir və Aİ Ermənistana onun istədiyi qədər kömək etməyə hazırdır.

Ermənistanda əsaslı islahatlar və insan haqlarının müdafiəsi məqsədilə Aİ Ermənistana 176 milyon avro ayırar, cənab Juncker deyib.

Cənab Juncker Paşinyanın başçılıq etdiyi siyasi qüvvənin parlament seçkilərində qələbəsini Ermənistan və Aİ üçün "yaxşı məlumat" adlandırıb, baş nazirin islahatları və Aİ ilə əməkdaşlığı mühüm hesab etdiyini bildirib.

"Nə qədər çox islahat [Ermənistanda], o qədər də çox yardım [Brüsseldən]" Avropa Komissiyasının rəhbəri bəyan edib.

Lakin siyasi icmalçılar Ermənistanla Aİ ölkələri arasında viza rejiminin liberallaşdırılmasından danışmağın hələ tez olduğunu hesab edirlər.

"168 jam" qəzetin siyasi icmalçısı Armen Bağdasaryanın sözlərinə görə, Ermənistanın ağır iqtisadi-sosial vəziyyəti Ermənistan vətəndaşlarının Avropa istiqamətində kütləvi miqrasiyasına gətirə bilər.

Yol xəritəsi

Ermənistan Aİ ilə əməkdaşlıq üzrə 13 proqramdan ibarət "yol xəritəsini" təqdim edib.

Bu barədə Avropa qonşuluq və siyasəti komissarı Johannes Hahn Ermənistan baş naziri ilə birgə brifinq zamanı danışıb, Ermənistan Hökumətinin mətbuat xidməti xəbər verir.

Cənab Hanh-ın sözlərinə görə, tərəflər Ermənistanda iqtisadiyyatın və biznesin inkişafının təşviq edilməsi üçün razılığa gəliblər.

Komissar Hahn ilk nəticələrin də qeyd olunduğunu bildirib: indən belə Ermənistan bankları Avropadan alınan vəsaitləri orta və kiçik müəssisələrə yerli valyutada borc verə bilərlər.

O, iqtisadiyyatın inkişafı üçün bunun kifayət olmadığını, müvafiq infrastruktur yaratmaq üçün avtomobil və dəmir yollarının modernləşdirilməsi üçün investisiya tələb olunduğunu bildirib.

"Daha bir məsələ - sənayedən daha çox, orta və kiçik biznes sahəsində çoxlu iş yerlərini yaratmağa imkan verən energetik səmərəlilikdir. Biz komandamızla birlikdə daha təcili proqramları seçirik, lakin layihələr müxtəlif olmalıdır", komissar deyib.

Aİ Ermənistana bütün bu məsələlərdə kömək etməyə hazırdır, Avropa rəsmisi deyib.

Aİ Ermənistan üçün

Aİ Şərq Tərəfdaşlığı proqramının saytına əsasən, Hərtərəfli və Geniş Tərəfdaşlıq haqqında Saziş energetika, nəqliyyat, ətraf mühitin qorunması və ticarət kimi sahələrdə daha sıx əməkdaşlığa imkan verir.

Aİ Ermənistanın ən iri (ikinci) ixracat bazarıdır. Ermənistan əsasən metal və almaz ixrac edir.

Ermənistan ticarətinin təxminən 22 faizi Aİ-nin payına düşür.

Aİ Ermənistan şirkətlərini tədris üçün maliyyələşdirir və EU4 Business təşəbbüsü vasitəsilə yeni bazarlara çıxmağa kömək edir. Bu məqsədlə 2009-cu ildən bəri şirkətlərə təxminən 473 milyon avro ayrılıb, 25 min müəssisəyə yardım göstərilib, 900 yeni iş yeri yaradılıb.

Aİ Ermənistan hökumətinə seçki qanunvericiliyinin təkmilləşdirilməsi üçün 4,2 milyard dram (7,5 milyon avro), Ermənistan hökumətinin korrupsiya ilə mübarizə üzrə səylərini dəstəkləyərək, hökumətin anti-korrupsiya strategiyası və gömrük və sərhəd xidmətlərinin idarəetməsi islahatlarının həyata keçirilməsinə 14, 8 milyon avro ayırıb.

Ermənistanda 12 məhkəmə binası tikilib və ya təmir olunub.

Aİ-nin köməkliyi ilə Ermənistanda 1,1 milyon sakini olan Yerevanda içməli suyun keyfiyyəti yaxşılaşdırılıb.

Bu, 2009-cu ildən bəri Aİ tərəfindən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Ermənistana göstərilən təşviqin kiçik bir hissəsidir.

Şərq tərəfdaşlarından ən az məbləğdə Ermənistan maliyyələşdirilir?

"Məlumatlı vətəndaşlar ittifaqı"(MVİ) təşkilatı bildirir ki, 2019-cu ilin yanvar ayında dərc olunmuş Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının "İnvestisiyalar üzrə təxmini iş planının təsviri" adlı sənədində Aİ və Dünya Bankının Şərq Tərəfdaşlığına qatılan 6 ölkələrə infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün 2030-cu ilədək 13 milyard avro ayırmaq niyyətindədir.

MVİ-nin saytında dərc olunan məlumata əsasən, Şərq Tərəfdaşlığı ölkələri üçün ayrılacaq ümumi məbləğdən Ermənistanın payına 732 milyon avro düşür.

Digər ölkələrdən: Azərbaycan - 2,078 milyard, Belorus - 1,248 milyard, Gürcüstan - 3,417 milyard, Moldova - 917 milyon, Ukrayna üçün 4,453 milyard avro nəzərdə tutulur.

Jurnalistlərin Ermənistan üçün ən az məbləğ nəzərdə tutulduğu ilə bağlı təəccüblərinə cavab olaraq Ermənistanda Avropa İttifaqının səfiri Piotr Switalski onları "reallıqları təhrif etməkdə" günahlandırıb.

"Ümumən, adambaşına düşdüyü yardım nəzərə alınsa, Ermənistan Respublikası birinci yerdədir (maliyyələşdirmə məbləğinə görə - red.). Və bu il nəzərdə tutulan yardım bir dəfə də artırılacaqdır", - səfir deyib.

Bu həftəsonu Azadlıq Radiosu erməni xidmətinə müsahibəsində cənab Switalski deyib ki, hazırda Aİ üzvü ölkələri arasında növbəti perspektiv maliyyələşdirmə məsələsi müzakirə olunmaqdadır və bu Qonşuluq ölkələrinə, o cümlədən Ermənistana təsir edəcək.

"Artıq baş tutmuş müzakirələrə görə mən qənaətə gələ bilərəm ki, Avropa Komissiyası nəinki hazırkı maliyyə öhdəliklərinin səviyyəsini qoruyub saxlamaq, onu artırmaq niyyətindədir. Və mən ümid edirəm ki, Avropa Komissiyasının bu təklifləri Avropa Parlamenti və Avropa Şurası tərəfindən dəstəklənər".

Bu proqram çərçivəsində Ermənistan 6 yol layihəsini həyata keçirmək və Meğri sərhədində keçid-nəzarət məntəqəsini bərpa etmək niyyətindədir.

Ermənistanda gerçəkləşdiriləcək layihələr digər 5 Şərq Tərəfdaşlığı ölkələrlə müqayisədə həm sayca azdır, həm müxtəlifliyi ilə məhduddur, MVİ ekspertləri hesab edirlər.

Onlar hesab edirlər ki, məsələn, Ermənistan Zvartnots beynəlxalq hava limanında yük terminalı tikintisi, Kapan aeroportunun inkişafı, azad ticarət zonaları yaradılması layihələrini də təqdim edə bilərdi.

"Digər Şərq Tərəfdaşlığı ölkələrində layihələrin maliyyələşdirilməsi göstərir ki, Ermənistan hökuməti avtomobil yollarının tikintisindən başqa layihələri də irəli sürməsi üçün Aİ ilə təmaslarında daha yaradıcı və geniş düşüncəli olmalıdır", - Məlumatlı Vətəndaşlar İttifaqının yazısında qeyd olunur.

Bu barədə daha geniş