“Hər şey edəcəyəm ki, siz ağlamayasınız”: Zelenskinin inauqurasiyasındakı əsas məqamlar

Zelenski Fotonun müəllifi UNIAN
Image caption İnauqurasiya çıxışnda Volodimir Zelenski Ukrayna parlamentinin buraxılmasına çağırış edib

Prezident vəzifəsinin icrasına başlayan Volodimir Zelenskinin ilk çıxışı təxminən 20 dəqiqə çəkib.

Keçmiş aktyor-komik 6 yaşlı oğlunu misal çəkməklə çıxışa başlayıb və bütün prezidentlik müddətini ukraynalıların bir də ağlamamasına həsr etmək vədilə bitirib.

BBC, Volodimir Zelenskinin yeni postundakı ilk çıxışının əsas tezislərini toplayıb.

Parlamentin buraxılması

Ukrayna parlamentinin gələcəyilə bağlı açıqlama Volodimir Zelenskinin inauqurasiya çıxışının ən gözlənən hissəsiydi.

Ali Radanın indiki tərkibi 5 il əvvəl seçilib, hazırki prezident o dövrdə siyasətlə məşğul olmağı heç ağlına da gətirmirdi.

Zelenski özünün seçki vədlərini reallaşdırmaq üçün bu tərkibdə prezidentyönlü fraksiya formalaşdırmağa cəhd etsəydi, buna nail olmaq xeyli çətin olardı.

Amma onun yarıvirtual "Xalqın xidmətçisi" partiyasının reytinqi çox yüksəkdir: sosioloji sorğuların nəticələrinə görə, seçkilər növbəti bazar günü keçirilsəydi, seçicilərin 40 faizi bu partiyaya səs verərdi.

İnauqurasiyadan bir gün əvvəl parlamentin buraxılması haqda qərar layihəsi haqda mətbuata məlumat sızmış, əsas səbəb kimi son üç ildə Radada deputat fraksiyalarından ibarət koalisiyanın olmaması göstərilmişdi.

Deputatların bir qismi parlamentin buraxılması üçün bu səbəbi qeyri-legitim hesab etsə də, Radanın qübbəsi altından səslənən ilk şərhlərdən belə məlum olur ki, parlamentin böyük oyunçuları növbədənkənar seçkilərə qərarlı şəkildə mane olmayacaqlar.

Volodimir Zelenskinin çevrəsindən BBC Ukrayna xidmətinə verilən məlumata görə, parlamentin buraxılması haqqında qərar mayın 21-də dərc ediləcək.

Bu o deməkdir ki, parlament seçkiləri 14 iyulda baş tutacaq, böyük ehtimal, mövcud qaydalara görə: parlamentin yarısı majoritar dairələr üzrə, yarısı 5%-lik baryer şərti olan partiya siyahılarına əsasən

Hakimiyyətin yenilənməsi

Prinsipcə, Zelenski parlament seçkilərini gözləmədən hakimiyyət sistemini yeniləmək arzusunu gizlətmirdi.

"İcazənizlə, bir amerikalı aktyordan sitat gətirim, hansı ki, sonradan əla prezident oldu" deyən Zelenski öz auditoriyasının diqqətini Ronald Reyqanın personasına cəlb etmişdi.

Seçki kampaniyası dövründə komandasının üzvləri təqlid nümunəsi kimi məhz Reyqanın adını çəkirdilər.

Zelenski "Hökumət bizim problemlərimizi həll etmir. Bizim problemimiz elə hökumət özüdür" deyərək Nazirlər Kabinetinin üzvlərini istefa verməyə və "öz yerlərini gələcək seçkilər barədə yox, gələcək nəsillər barədə düşünən şəxslərə verməyə" çağırıb.

Baş nazir Volodimir Qroysman buna gülümsəməklə cavab verib: konstitusiyaya görə, Ukrayna hökuməti təzə seçilmiş prezident and içəndən sonra yox, parlamentin yeni seçilmiş tərkibi qarşısında istefa verir.

Ona görə də Qroysmanın hökuməti hələ iki ay iş başında olacaq və bu müddət ərzində hökumətlə prezident arasında münasibətlərdə problem yaranmaq ehtimalı var.

Bundan başqa, Zelenski Ali Radaya müraciət edərək Təhlükəsizlik Xidmətinin (TX) rəhbərini, müdafiə nazirini və baş prokuroru istefaya göndərməyə çağırıb.

Ukrayna qanunvericiliyinə görə, bu postlara namizədləri parlamentə məhz prezident təqdim edir.

Zelenskinin istefa çağırışından sonra TX rəhbəri və müdafiə naziri yeni seçilmiş prezidentə hesabat verərək dərhal istefa verdiklərini açıqlayıblar.

Baş prokuror Yuri Lutsenko isə daha əvvəl bildirmişdi ki, könüllü olaraq istefa verməyəcək.

"Mən hesab edirəm ki, hazırda baş prokurorluq heç vaxt olmadığı qədər səmərəli fəaliyyət göstərir" - prezident seçkisinin ikinci turundan bir gün əvvəl Lutsenko belə demişdi.

İnauqurasiya gününə qədər Volodimir Zelenskinin bu postlara təklif edə biləcəyi şəxslərin adları açıqlanmayıb.

Fotonun müəllifi Getty Images
Image caption Volodimir Zelenskinin inauqurasiyası bazar ertəsi Ali Radada keçirilib

Rus dilinə keçid

İnauqurasiya çıxışında Volodimir Zelenski bir neçə dəfə, məsələn, Donbasda və Krımda - rəsmi Kiyevin nəzarətində olmayan ərazilərdə yaşayan əhalinin rəğbətini qazanmalıyıq üçün Ukraynanın mübarizə aparmalı olduğunu deyəndə rus dilində danışmağa başlayıb.

Deputat Oleq Lyaşko uca səslə yerindən "Onlar Ukrayna dilini başa düşürlər!" deyərək prezidentə etiraz edib.

Yeni seçilmiş prezident tribunadan ona "Çox sağ olun ki, insanları bölməyə davam edirsiz" deyə cavab verib.

Zelenskinin nümunəsi yeni deyil: beş il əvvəl Pyotr Poroşenko da inauqurasiya çıxışında Donbas sakinlərinə rusca müraciət etmişdi.

Onun dedikləri məzmunca Zelenskinin dedikləriylə üst-üstə düşürdü: "doğru" və "yanlış" ukraynalılar yoxdur və insanın hansı dildə danışması onun vətənpərləyinin az və ya çox olmasını müəyyənləşdirə bilməz.

Amma Zelenskinin çıxışında bu fikir gözlənilməz şəkildə davam etdirildi: o bəyan etdi ki, "yeni, güclü və uğurlu Ukrayna qurmaq istəyən" bütün ukraynalılara vətəndaşlıq verməyə hazırdır.

"Biz futbolda islandiyalı, doğma torpaqların müdafiəsində israilli, texnologiya məsələsində yapon, bütün fərqlərə baxmayaraq birlikdə xoşbəxt olmağı bacarmaq işində isveçrəli olmalıyıq" - Zelenski belə deyib.

Yeni seçilmiş prezident mümkün olmayanı mümkün etmək üçün bütün ölkə vətəndaşlarının birləşməsini Ukraynanın milli ideyası adlandırıb.

Donbasla bağlı danışıqlar

Volodimir Zelenski Donbasdakı müharibənin dayandırılmasını ən vacib məsələ adlandırıb. Amma buna nail olmaq üçün konkret plan açıqlanmayıb.

"Sizi əmin edirəm: bizim igidlərimiz artıq ölməsin deyə mən hər şeyə hazıram.

Çətin qərarlar qəbul etməkdən qorxmuram, mən öz məşhurluğumu, populyarlığımı itirməyə hazıram və əgər lazım gələrsə, tərəddüd etmədən vəzifəmi də itirməyə də hazıram, təki sülh əldə edilsin" - Zelenski belə deyib.

Seçki kampaniyası vaxtı Zelenski ölkə şərqindəki münaqişənin həlli naminə tanınmamış "xalq respublikaları" ilə danışıqlara girmək niyyətində ittiham olunub.

Prezident Poroşenkonun dövründə rəsmi Kiyev prinsipial olaraq belə danışıqlardan imtina edib, bildirib ki, "Kremlin marionetkalarıyla" danışıqların heç bir mənası yoxdur.

"Bu müharibəni biz başlatmamışıq, amma onu biz bitirməliyik. Və biz dialoqa hazırıq.

Mən əminəm ki, bu dialoqun başlaması üçün ilk gözəl addım bütün Ukrayna əsirlərinin qaytarılmasıdır" - inauqurasiya çıxışında deyən Zelenski kiminlə dialoqa hazırlaşdığını və bu "böyük mübadilə" üçün hər hansı hazırlığın olub-olmadığını açıqlamayıb.

Portret lazım deyil

İnauqurasiya çıxışının əvvəlində Volodimir Zelenski özünün 6 yaşlı oğlu da daxil olmaqla, bütün ukraynalıların prezidenti olacağanı deyib.

"İndicə and içən mən deyildim. Konstitusiyaya hər birimiz əl basdıq, hər birimiz Ukraynaya sədaqət andı içdik" deyən Zelenski sonda yenidən ilk mövzuya qayıdıb:

"Mən çox istəyirəm ki, sizin kabinetlərinizdə mənim şəkillərim olmasın.

Çünki prezident ikona deyil, büt deyil. Prezident portret deyil. Kabinetlərinizə uşaqlarınızın şəkillərini asın və hər dəfə qərar verməzdən əvvəl onların gözlərinə baxın".

Bu sözlərdən sonra o, parlamentin buraxılacağını elan edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş