Tanınmamış "Dağlıq Qarabağ Respublikası sabiq müdafiə naziri" Samvel Babayanın tərəfdarlarına niyə atəş açılıb?

Tanınmamış "Dağlıq Qarabağ Respublikasının sabiq müdafiə naziri" Samvel Babayan
Image caption Samvel Babayan tərəfdarlarına "hücumda sabiq "DQR baş naziri""ni günahlandırır

Tanınmamış "Dağlıq Qarabağ Respublikasının sabiq müdafiə naziri" Samvel Babayanın tərəfdarlarına "hücumla bağlı iki nəfər həbs olunub", Ermənistan İstintaq Komitəsi bildirib.

Həbs edilən şəxslər silah və ya silah kimi istifadə edilən hər hansı əşya ilə xuliqanlıq etməkdə, eləcə də qeyri-qanuni silah daşımaqda şübhəli bilinirlər, məlumatda deyilir.

Samvel Babayanın ofisinin yaydığı bəyanatda deyilir ki, mayın 29-da separatçı "Dağlıq Qarabağ qurumunun" sabiq "müdafiə naziri, general-leytenant Samvel Babayanın silahdaşları hamıya məlum olan Qarabağ bandası tərəfindən Ermənistanın Sevan və Martuni şəhərləri arasındakı yolda odlu silahdan atəşə tutulub".

Bəyanatda "hücum edən" üç nəfərin adları da göstərilir və onların sabiq "DQR Baş naziri" Araik Harutyunyanın "himayədarlıq etdiyi Kəlbəcər və Mardakert (Ağdərə) banda üzvləri olduğu" bildirilir.

"Hadisənin Ermənistan ərazisində baş verdiyini və zərərçəkənlərin Ermənistan vətəndaşları olduğunu nəzərə alaraq, səlahiyyətli orqanları, xüsusilə Milli Təhlükəsizlik Xidmətini (MTX) bandanı tapıb zərərsizləşdirməyə çağırırıq", - bəyanatda deyilir.

Bəyanat müəllifləri, həmçinin xəbərdar edirlər ki, hüquq-mühafizə orqanları tərəfindən heç bir tədbir görülməsə, "biz özümüz eyni tədbirlərə əl atmağa və eyni tərzdə cavab verməyə məcbur olarıq".

Ermənistan polisi "daxil olan operativ məlumata əsasən və polis rəisinin sərəncamı ilə hadisədə iştirak edən şəxslərin, onların yerləri və hadisənin təfərrüatlarını müəyyən etmək üçün operativ-axtarış işləri və istintaq" başlandığı haqqında məlumat yayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Vanetsyan isə Samvel Babayanın silahdaşlarına hücumla bağlı artıq həbslərin olduğunu deyib.

"MTX bu işlə məşğul olur, onun [işin] üstü tamam açılıb, hadisə iştirakçıları müəyyən edilib, bunu arxasında hər hansı qəsd axtarmaq lazım deyil. İki qrup arasında maliyyə məsələlərinin həlli ilə bağlı mübahisə olub", - MTX rəhbəri cümə axşamı Nazirlər Kabinetinin növbəti həftəlik iclasından sonra jurnalistlərə deyib.

Yerli media "keçmiş müdafiə naziri, general-leytenant, müharibə qəhrəmanı" Samvel Babayanın və ötən il tanınmamış "DQR Baş naziri" vəzifəsindən istefa vermiş Araik Harutyunyanın 2020-ci ildə gözlənən tanınmamış "Dağlıq Qarabağ prezident seçkilərində" mümkün rəqib ola bilmələrinə diqqət yetirir.

Araik Harutyunyan hazırda tanınmamış "DQR Milli Məclisində çoxluq təşkil edən Azad Vətən Partiyasının" lideridir və onun da Babayan kimi 2020-ci ildə namizədliyini irəli sürəcəyini istisna edilmir.

Azad Vətən Partiyası öz Facebook hesabında sabiq "müdafiə nazirinin" ofisinin bəyanatını böhtan adlandırıb.

Bu barədə daha geniş