Ermənistan: “dördgünlük aprel müharibəsini” araşdırmaq üçün parlament komissiyası yaradılıb

parlament (Arxiv) Fotonun müəllifi Getty Images
Image caption İstintaq komissiyası geniş səlahiyyətə malikdir (Şəkil - arxiv)

Ermənistan Milli Məclisində yaradılan xüsusi istintaq komissiyası Dağlıq Qarabağ təmas xəttində 2016-cı ildə baş vermiş "dördgünlük aprel müharibəsi"ni təftiş edəcək.

Komissiya Silahlı Qüvvələrin təchizatı, arxa qüvvələrin təchiz olunması və döyüş hazırlığı, döyüş növbətçiliyi qaydalarına əməl edilməsi, qoşunların tamamlanması, kəşfiyyat xidməti ilə bağlı məsələlərin araşdırılması ilə məşğul olacaq.

Komissiyada hakim "Mənim addımım" fraksiyasının 7, müxalif "Ziyalı Ermənistan" və "Firavan Ermənistan" fraksiyalarının hər birindən 2 millət vəkili təmsil olunur.

Parlament istintaq komissiyası, o cümlədən qarşı tərəfin hərəkətlərinin qarşısı alınarkən nə qədər operativ davranıldığını araşdıracaq, çərşənbə axşamı komissiyanın ilk iclasından sonra komissiyanın rəhbəri, Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan jurnalistlərə deyib.

İstintaq komissiyası istənilən vəzifəli şəxsi və ali zabit heyəti üzvlərini sorğu-suala çəkmək və müdafiə sahəsinə aid müxtəlif, o cümlədən məxfi sənədləri və Hərbi Şuranın hesabatlarını tələb etmək səlahiyyətinə malikdir.

"Hakimiyyətin keçmiş və indiki nümayəndəsi olmasından asılı olmayaraq, istənilən adamı çağırmaq üçün heç bir məhdudiyyət yoxdur. Lazım gəlsə, Serj Sarkisyanı da dəvət edərik", - hakim "Mənim addımım" fraksiyasının deputatı Tiqran Karapetyan deyib.

Onun sözlərinə görə, komissiyanın "istintaq orqanı" statusu var və ona görə də komissiyanın iclasına dəvət olunanlar gəlməkdən imtina edə bilməzlər.

Aprel döyüşləri ilə bağlı parlament komissiyasını yaratmaq haqqında Ermənistanın baş naziri mayın 20-də xalqa müraciətində "Ermənistan məhkəmə sistemində cərrahiyə müdaxiləsinin labüdlüyü"ndən danışmışdı.

O, Ermənistan-Dağlıq Qarabağ münasibətlərinin "dolayısı ilə" "aprel müharibəsi mövzusu" ilə bağlılığına işarə vurmuşdu.

"Elə bilirəm ki, 2016-cı il müharibəsinin bütün təfərrüatlarının araşdırılması və hamımızı narahat edən bir sıra sualların cavabını almaq üçün xüsusi parlament komissiyası yaratmağın vaxtı gəlib çatıb", - Paşinyan bəyan etmişdi.

Azərbaycan və Ermənistanın rəsmi məlumatlarına görə, 2016-cı il aprelin 2-dən 5-nə kimi davam etmiş döyüşlərdə 200-dən çox insan həlak olub.

Erməni tərəfi Azərbaycan qoşunlarının Lələtəpə yüksəkliyini fəth etdiyini və "müəyyən mövqe üstünlüyü" əldə etməsini etiraf edir.

Ermənistan prezidenti Serj Sarkisyan o zaman "Bloomberg" agentliyinə müsahibəsində erməni tərəfin "döyüşlər nəticəsində müəyyən ərazilər, şimalda və cənubda çox kiçik strateji əhəmiyyəti olmayan hissələri" itirdiyini bildirib.

Bu barədə daha geniş