Erdoğan: Trump S-400 raketlərinə görə Türkiyəyə qarşı sanksiya yürütmək fikrindən daşınıb

Erdoğan və Trump - Osaka, 2019 Fotonun müəllifi Reuters

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Osakada G-20 sammiti çərçivəsində ABŞ prezidenti Donald Trump-la görüşəndən sonra ümidvar olduğunu bildirib ki, Washington Ankaraya qarşı Rusiyadan S-400 raket komplekslərini aldığına görə sanksiya yürütməyəcək.

"Bizim ondan [Trump-dan] eşitdiyimiz odur ki, buna [sanksiyalara] bənzər heç nə olmayacaq", - Erdoğan Osakada Trump-la görüşündən sonra bildirib.

Trump-ın özü isə şənbə günü deyib ki, ABŞ-ın əvvəlki administrasiyası Türkiyə ilə ədalətli rəftar etməyib, lakin eyni zamanda Trump qeyd edib ki, sanksiyalar məsələsi Washington-da hələ müzakirə edilməkdədir.

Erdoğan əlavə edib ki, Rusiyanın S-400 raket kompleksləri Türkiyəyə iyulun birinci yarısında çatdırılacaq.

Sammitin kuluarlarında verdiyi bəyanatlarda Erdoğan qeyd edib ki, Rusiya ilə S-400 sövdələşməsi raket komplekslərinin birgə istehsalını və Türkiyə tərəfinə texnologiyaların verilməsini də nəzərdə tutur.

Şənbə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində kontraktda Türkiyəyə texnologiyaların "qismən" verilməsinin nəzərdə tutulduğunu təsdiqləyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş